Prezidentdən növbəti mesaj: islahatlara davam - TƏHLİL
17 oktyabr 2019 18:18 (UTC +04:00)

Prezidentdən növbəti mesaj: islahatlara davam - TƏHLİL

 
 
Prezident İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə bir sıra mühüm məqamlara toxundu. Ölkə başçısının çıxışı faktiki olaraq yeni islahatlar dalğasının anonsu idi. Görünən budur ki, Prezident cavan, müasir təhsil və dünyagörüşlü, həmçinin, daha çevik kadrlarla işləməyə üstünlük verəcək. Bir qədər əvvəl Prezident Əliyev cəmiyyətə yeni islahatlar zərfini təqdim etmişdi. Elə o zaman ölkə başçısı cəmiyyətdəki abı-havanın daha da pozitivləşməsi istiqamətində mühüm addımlar atdı. Ölkə başçısı ilin əvvəlindən bəri bir neçə sosial paket imzaladı, əhalinin bütün təbəqələrinin maddi rifahının yaxşılaşmasına xidmət edən sərəncamlar verdi, məhkəmə-hüquq islahatlarının keçirilməsi ilə bağlı sənədi təsdiqlədi, şəhid ailələri ilə ayrıca görüş keçirdi, genişmiqyaslı əfv sərəncamı imzaladı, yerli və mərkəzi icra strukturlarında kadr dəyişiklikləri etdi. Prezidentin əhali ilə təmasları daha da sıxlaşdı, bir çox halda problemli vətəndaşları özü və ya Birinci vitse-prezident dinlədi...
 
Prezidentdən sərt mesaj
 
Prezidentin həyata keçirdiyi islahatlar paketi cəmiyyətdə qarşılıqlı anlaşmanı, islahatları daha da dərinləşdirmək üçün ictimai rəydən alınan dəstəyi artırdı. Lakin görünən odur ki, Prezidentin apardığı islahatlar dalğasına mane olmaq istəyənlər var.
 
Prezident İlham Əliyev dünən ilk dəfə islahatlara mane olanların mövcud olduğunu bildirdi: “Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meylli olan, yeni təfəkkürə malik olan kadrları qaralayırlar” . 
 
Prezident çıxışında açıq bəyan etdi ki, islahatlar davam edəcək və islahatlara mane olanlara yerlərini göstərəcək: "...kim buna qarşı çıxsa və altdan-altdan bizim işimizə mane olmaq istəsə, əlbəttə ki, belə adamlarla biz bir yolun yolçusu ola bilmərik”.
 
Prezidentin bu mesajı yeni kadr islahatlarının anonsu da hesab edilə bilər.
 
Onu da xatırladaq ki, Prezident Əliyevin həyata keçirtdiyi islahatları media “ağ inqilab” kimi dəyərləndirdi. İnsanlar bu xəttin davamını gözləyir. Belə ki, bir qədər öncə ölkə rəhbəri “daha çox demokratiya” kursunu həyata keçirtməyə başladı. İlk baxışdan görünürdü ki, Prezidentin həyata keçirdiyi siyasi xətt yalnız siyasi texnologiya elementləri deyil, ənənəvi idarəetmə içində seçilən tamamilə yeni siyasi kursdur. Yəni, baş verənlər yalnız PR elementləri deyil, yeni yanaşma idi. Kabinetlərdə yuxulu məmurların hazırladığı bayağı kursdan fərqlənən bu yeni siyasi kursun üzə çıxardığı bir nüans var. Son müşavirədə də ölkə başçısı bildirdi ki, demokratik islahatlar davam edəcək və bu kursa qarşı çıxanlar öz postlarını itirməli olacaqlar.
 
İlham Əliyevin çıxışında toxunduğu əsas məsələlərdən biri də islahatlara mane olmaq üçün seçilən vasitələrdən birinin media siyasəti və medianın daxili mübarizəyə  çevrilməsinin yolverilməzliyi ilə bağlı idi: “...mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm, amma bildirməliyəm ki, bir hökumət üzvü digər hökumət üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Onların apardığı islahatlar, hansılar ki, Prezidentin tapşırığıdır, onlara kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Ona görə islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək”. 
 
Prezidentin söylədiyi kimi, medianın daxili mübarizədə alətə çevrilməsi, təkcə, media ilə bağlı vəziyyəti təhdid etmir. Bu, heç də sirr deyil ki, sosial mediada yaranan "səliqəsizliyin" də səbəbi media vasitəsilə başladılan "qara piar"dır. Əvvəlcə, kiçik media orqanları vasitəsilə hər hansı məmur barədə yaradılan "xəbər" daha sonra ictimai müzakirəyə çıxarılmaq üçün sosial mediada paylaşılır və gündəmi zəbt edir. Bəzən isə ümumən cəmiyyət üçün arzuedilməz nəticələrə gətirib çıxarır. Eyni zamanda “virtual söyüş jurnalistikası” stimullaşır ki, bu da ümumən cəmiyyətdə münasibətlər sisteminə ziyan vurur. Prezident isə müşavirədə öz mesajını verdi - təcili şəkildə bu müstəvidə normal münasibətlər sistemi formalaşmalı, nöqsanlar aradan qaldırılmalıdır.
 
Vergilərə diqqət, şişirdilmiş rəqəmlərlə bağlı xəbərdarlıq
 
Ölkə rəhbərinin toxunduğu digər əsas məsələ vergi, özəl şirkətlərin vergi siyasəti və vergidən yayınanlara qarşı ciddi tədbirlərin görülməsi məsələsi oldu. Prezident dedi: “Keçən il prezident seçkilərindən sonra mənim andiçmə mərasimindəki çıxışımda demək olar ki, bütün əsas istiqamətlər üzrə hədəflər müəyyənləşdirilibdir. O çıxış proqram xarakterli çıxış idi. O  çıxışdan sonra biz əməli addımlara başladıq, islahatları dərinləşdirdik. Vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir. Gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. Bu, bir daha onu göstərir ki, bizim nə qədər böyük ehtiyatlarımız var. Bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmirlər. Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər orada qeydiyyata alınmır. Düzdür, son müddət  ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl şirkət vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır. Vergi  orqanları, digər hüquq-mühafizə orqanları bu tipli dırnaqarası sahibkarlara qarşı çox ciddi tədbirlər görməlidirlər. Həmin sahibkarlar da bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur. Onlardan heç bir başqa ödəniş tələb oluna bilməz. Mən bütün qurumlar qarşısında bu vəzifəni qoydum, maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır. Lakin sahibkarlar dövlət vergisini tam şəkildə ödəməlidirlər. Biz bu vergilər hesabına sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu gücləndiririk. Ona  görə də vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir. Bir çox hallarda eşidirik ki, bizdə standartlar, meyarlar Avropa standartlarına uyğun olmalıdır. Avropa ölkələrində vergisini ödəməyənə hansı cəza verilirsə, biz də onlardan nümunə götürməliyik. Ona görə vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır. Mən bütün aidiyyəti qurumlara bir daha bu tapşırığı verirəm”.
 
Prezident Əliyevin çıxışı bu sahədə də yeni islahatların aparılacağının anonsu idi. Dövlət büdcəsinə daha effektiv və peşəkar nəzarət formalaşdırılacaq və ən əsası şişirdilmiş rəqəmlər təqdim edən dövlət qurumlarına qarşı mübarizə daha da sərtləşdiriləcək: “Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət, əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər. Beləliklə, biz büdcəyə böyük qənaət edərik, maaşların, pensiyaların artırılmasına imkan yaradarıq və şəffaflığı təmin edə bilərik. Ona görə qarşıdakı həftələr ərzində gələn ilin büdcəsinin parametrləri ilə əlaqədar çox fəal iş aparılmalıdır. Bugünkü müşavirə, o cümlədən bu məsələyə həsr olunub. Ona görə istərdim ki, indi burada gələn ilin büdcəsi ilə əlaqədar fikirlər və təkliflər səslənsin”.
 
Ölkə rəhbərinin ən mühüm mesajlarından biri isə bank siyasəti ilə bağlı oldu: "...bank  sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır. Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyllər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik. Ona görə bütün bu məsələləri gərək ümumiləşdirib, təhlil edib və bir qərara gələsiniz ki, bütün alətlər - bank sektoru, Sahibkarlığın İnkişafı Fondu, dövlət investisiya xərcləri bir məqsədi güdməlidir – məşğulluğun artırılması və qeyri-neft sektorunun artımını”.
 
Prezident İlham Əliyev İqtisadiyyat naziri Şahin Mustafayevə ünvanlandığı sual bank sistemində əsaslı dəyişiklik və islahatların xəbərçisi idi: "... nə üçün bizdə qeyri-neft sektorunda ümumi artım o qədər də böyük deyil? Güzəştlər veririk, subsidiyalar veririk, texnika alırıq, infrastruktur layihələri həyata keçiririk, dövlət investisiya xərcləri kifayət qədər yüksək səviyyədədir. Bütün bu amillər özlüyündə  iqtisadi artımı daha da böyük rəqəmlərə gətirib çıxarmalıdır. Amma biz bunu görmürük”.
 
Ölkə rəhbərinin sualına cavab verən Ş. Mustafayev problemin başlıca ünvanını göstərdi: "…son 3 il ərzində qeyri-neft sektorunda artım ürəkaçan deyil. Bunun əsas səbəbləri kimi mən maliyyələşmə ilə bağlı problemləri qeyd edərdim. Çünki Sahibkarlığın İnkişafı Fondu vasitəsilə bu ilin 9 ayında 130 milyon manat verilib, ilin sonuna qədər 170 milyon manat nəzərdə tutulub və icra olunacaq. Amma 130, ya 170 milyon manat sahibkarlığın maliyyələşdirilməsi üçün kifayət qədər vəsait deyil, çünki bank sektoru tərəfindən kifayət qədər maliyyələşmə həyata keçirilmir”.
 
Prezident nazirin çıxışına belə replika verdi: "...bank  sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin  həcmi artır. Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi”.
 
Vurğulayaq  ki, bu günlərdə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin yaradılması da banklarla bağlı problemlərin aradan qaldırılması ilə bağlıdır.
 
"Heç kim bu işdə bizə mane ola bilməz”
 
Beləliklə, müşavirədən çıxan nəticələr çoxdur.
 
Birincisi, Prezident bir daha islahatlarda maraqlı olduğunu, bu mövqedən geri çəkilmək niyyəti olmadığını qəti şəkildə göstərdi. Ölkə başçısının çıxışından bəlli oldu ki, müəyyən məmurlar tam fərqli siyasət yürütməyə cəhd edir və ictimai rəyi formalaşdıran əsas simaları Prezidentdən və iqtidardan narazı salmağa çalışırlar. Ölkə başçısı bu problemdən tam məlumatlı olduğunu nümayiş etdirdi. Prezident bilir ki, köhnə təfəkkürlü idarəetməyə üstünlük verənlər daha çox problem yaradır. Ölkə başçısı hökumətə yeni təfəkkürlü kadrların gətirilməsi, gənc və praqmatik fikirlə yola davam etməsi barədə baş nazirə tapşırıq verdiyini də açıq mətnlə vurğuladı.
 
Prezident islahatların davam etdirilməsi üçün çox güclü siyasi iradə ortaya qoyulduğunu da qeyd etdi: "Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”.
 
Əslində, dövlət başçısının çıxışında deyilməyən, lakin konkret hədəfləri olan nüanslar da mövcud idi. Prezident Əliyev ictimai rəydə nüfuzunun yüksək olduğunu bilir. Bütün yerli və xarici rəy sorğuları göstərir ki, seçicinin yerli məmurlardan müəyyən narazılığı olsa da, Prezidentin reytinqi çox yüksəkdir. Azərbaycanlılar ölkədəki problemlərin həllini,  bürokratik aparatdakı müəyyən çatışmazlıqların aradan qaldırılmasını, kadr islahatları aparılmasını, idarəetmənin daha da çevikləşdirilməsini, Dağlıq Qarabağ probleminin həli yolunda müsbət irəliləyişə nail olmağı məhz İlham Əliyevdən gözləyirlər. Rəy sorğuları göstərir ki, Prezident Əliyev bütün seçkilərdə qalib gəlmək iqtidarındadır, həmçinin, islahatları keçirmək üçün xalq dəstəyinə malikdir.
 
Burada bir məqama da diqqət yetirmək lazımdır. Bölgədə cərəyan edən siyasi proseslər fonunda Prezident  İlham Əliyev dövlətçiliyin qorunmasının başlıca qarantıdır. Bunu seçici də dərk edir və islahatlara dəstək verən ictimai rəy həm də Prezidentin mövqeyini daha da möhkəmləndirib, Dövləti, Cəmiyyəti və hakimiyyətini qorumasına dəstək verdiyini nümayiş etdirir...
 
APA Analytics
# 774
avatar

Oxşar yazılar