231
19:45
10 Oktyabr 2019

Təqsirləndirilən şəxs məhkəmədə ittihamları qəbul etmədi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən İbrahim Bağırovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA -nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama əsasən, İ.Bağırov özünü SOCAR və müxtəlif dövlət qurumlarının vəzifəli şəxsi kimi təqdim edərək, vətəndaşlardan işə düzəltmək adı ilə pul alaraq vədinə əməl etməyib. O, hətta zərərçəkənin birinə "Neftçi" idman klubuna məşqçi düzəldəcəyini vəd edib.
İ.Bağırov özünü ittihamla təqsirli bilməyib.
O, ifadəsində bildirib ki, heç kimdən işə düzəltmək üçün pul almayıb.
Zərərçəkmiş Qaratel Əhmədova bildirib ki, İbrahimlə atasının il mərasimində tanış olub: "Bizə dedi ki, yaxşı işlərə adam düzəldirəm. Sonra dedi ki, sizə cadu ediblər. Bizə falçılıq edirdi. Biz də qorxduq. Ceyran dərisi almaq, cadu pozmaq adı ilə məndən pul və qızıl əşyaları aldı. Dedi ki, qızıllara əməl ediblər. Daha sonra qohumlarımla da münasibət yarandı. Qardaşıma və onun uşaqlarına da işə düzəldəcəyini demişdi. Hamısından da pul aldı. Deyirdi ki, bu gün, sabah işə çıxacaqsınız".
Proses oktyabrın 17-də davam edəcək.
Qeyd edək ki, İbrahim Bağırov Qaratel Əhmədova və onun qohumlarına qarşı dələduzluq etməkdə ittiham olunur.
İ.Bağırov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.