265
15:42
10 Oktyabr 2019

Zahid Oruc: "Prezidentin bu çıxışından sonra tutarlı cavab verən olmayıb”

"Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışı nəzərdə tutulan hədəflərə çatıb”.
APA -nın xəbərinə görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc YAP-da “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda keçirilən "dəyirmi masa"da deyib. O bildirib ki, Prezident İlham Əliyevin bu çıxışı 2016-cı ilin aprelindəki döyüşlərdə qazandığımız uğur kimi siyasi qələbədir: “Tarix göstərir ki, biz son 100 ildə nə vaxt Rusiya ilə düzgün işləməmişik, torpaq itirmişik. 1990-cı illərdə də bizi beynəlxalq məkanın əli ilə Rusiya ilə toqquşdurub əzdilər".
Z.Oruc deyib ki, həm Rusiyanın lehinə, həm də əleyhinə olanlar bilir ki, belə yüksək tribunadan heç kəs Prezident İlham Əliyev kimi çıxış edə bilməz: "Bu çıxışın hədəfi təkcə Paşinyan, Ermənistan deyildi, həm də Azərbaycan cəmiyyəti idi. Prezidentin bu çıxışından sonra tutarlı cavab verən olmayıb. Ermənistan cəmiyyəti belə bu cür yüksək səviyyəli çıxışa cavab verəcək qədər hazırlıqlı deyil. Təsiri o qədər güclü oldu ki, Ermənistan mətbuatı belə, bu çıxışın güclü olduğunu yazdı".
O bildirib ki, Azərbaycan cəmiyyətinin bu istiqamətdə təşkilatlanması vacibdir: "Gözləyirdim ki, Prezidentin bu çıxışından sonra Rusiyada yaşayan azərbaycanlılar bu istiqamətdə addımlar atacaqlar. Bunu etməli idik. Bir çox siyasətçi çağırışımıza səs verdi. Bu hərəkat ətrafında başqa xalqların da nümayəndələrini birləşdirmək mümkündür. 1990-cı ildən fərqli olaraq rusların böyük bir hissəsi bu ideyamıza tərəfdar olduqlarını bildiriblər. Ermənistan - Rusiya münasibətləri heç vaxt indiki kimi pis olmayıb. Azərbaycan - Rusiya münasibətləri son 100 ildə bu qədər yüksək səviyyədə olmayıb. Bu münasibətlər də Azərbaycanı Rusiyanın bir hissəsinə çevirmək, təsiri altına düşmək üçün deyil".