1670
15:00
04 Oktyabr 2019

Nazirlik rəsmisi: “Məhkumlar həkim və dərman seçimində iştirak edə bilirlər” - MÜSAHİBƏ

Lent.az məhkumların müayinə və müalicəsi ilə əlaqədar Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, tibb xidməti polkovniki İftixar Qurbanovla müsahibəni təqdim edir.
- İftixar bəy, hazırda penitensiar sistemdə məhkumlar üçün tibbi xidmət nə qədər əlçatandır?
- Bütün cəzaçəkmə müəssisələrində olan məhkumlar üçün tibbi xidmətin əlçatanlığı təmin edilib. Yəni, iş günləri ərzində tibb sanitar hissələrində həkimlər, tibb işçiləri çalışırlar. İstənilən məhkumun gün ərzində səhhəti ilə bağlı tibbi yardım almaq hüququ və imkanı var.
- Maraqlıdır, həbs edilən şəxslər ilkin olaraq tibbi müayinədən keçirilirmi?
- Hər bir müəssisəyə yeni gələn şəxs tibbi müayinədən keçirilir. Onun sağlamlığı ilə bağlı məlumatlar əldə edilir və adlarına xüsusi tibbi sənədlər açılır. Eləcə də məhkumların azadlıqda olarkən hansı xəstəlikləri keçirmələri, mövcud xroniki xəstəliklərinin nədən ibarət olması və eyni zamanda, sağlamlıqlarının hazırkı vəziyyəti qiymətləndirilir. Bununla bağlı müvafiq olaraq tibbi xidmətin hansı istiqamətlərdə göstərilməsi müəyyənləşir.
Məsələn, məhkum azadlıqda mədə xorası xəstəliyi keçirdib və sağalıb. Ancaq yenə də o, dispanser müşahidəyə götürülür. Onu müayinə edirik və əgər şikayətləri davam edirsə, ambulator müalicəyə ehtiyacı varsa, ona bu şərait yaradılır. Əgər buna ehtiyacı yoxdursa, həmin şəxs dispanser nəzarətdə saxlanılır.
- Məhkumlar əsasən hansı müayinələrdən keçir?
- İlk onu deyim ki, tibb sanitar hissələrində stasionar şərait də mövcuddur. Yəni, həkimlər müraciət edən və vəziyyəti ciddi olan şəxsləri bir neçə günlük və ya həftəlik nəzarətdə saxlayaraq, müalicə edə bilirlər.
Bundan başqa, bizim müalicə müəssisələrimiz də var. Məsələn, təcridxanaya gələn şəxslərin hamısı birmənalı olaraq rentgen müayinələrdən keçir, xüsusi ilə də vərəmlə bağlı yoxlanılırlar. Əgər hansısa məhkumda vərəm tapılırsa və ya şübhələr meydana çıxırsa, həmin şəxslər yenidən müayinələrdən keçirilir. Vərəmlə bağlı Binə qəsəbəsində yüksək səviyyədə, eləcə də dünyada tanınan ixtisaslaşmış müalicə müəssisəsi var ki, orada vərəmin müalicəsi beynəlxalq aləmdə nüfuzlu müalicə metodudur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində yaradılmış treninq mərkəzimiz var ki, digər ölkələr ora gələrək vərəmlə bağlı keçirilən müalicə mexanizmləri, necə xidmət göstərilməsi, bir sözlə, bu sahədə müsbət təcrübəmiz ilə tanış ola bilirlər. Bu sahədə uğurlar artıq ÜST tərəfindən yüksək qiymətləndirilir.
- Məhkumların istəyi və ya ehtiyac yaranarsa, müalicəsi üçün kənardan mütəxəssis cəlb edilə bilirmi?
- Bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilib ki, məhkum özü istədiyi həkim tərəfindən müayinə və ya müalicə oluna bilsin. Məsələn, məhkumun qohumları da bunu istəyə bilər. Belə olduğu halda biz mümkün şəraiti yaradırıq, həkim müayinə edir və onun verdiyi təyinatlar yerinə yetirilir.
Bununla yanaşı, məhkumun müayinə və müalicəsi üçün ehtiyac yarandıqda əlavə mütəxəssisləri də müəssisələrimizə cəlb edə bilirik və edirik.
- Bəs onların müalicə prosesi necə gedir? Dərman vasitələrindən istifadə üçün onlardan ödəniş tələb edilirmi?
- Müalicə olunanların dərmanları dövlət hesabına təmin edilir. Bildirim ki, bütün xəstəliklər üçün dərmanlarla təchiz olunuruq. Səhiyyə Nazirliyində olduğu kimi, bizdə də siyahı var ki, bu dərmanlar dövlət tərəfindən təmin edilir. Məsələn, çox sayda antibiotiklər var ki, müalicə proseslərində onlardan istifadə edirik. Eləcə də bütün farmakoloji qruplara aid baza dərmanlarımız mövcuddur.
Bundan başqa, məhkumlar dərman seçimində də iştirak edə bilir. Olur ki, xəstə dövlətin təmin etdiyi dərmanlardan imtina edir və istədiklərini bildirir. Bu baş verdikdə onun ailəsi və yaxınlarına şərait yaradırıq ki, ona yardım edilsin. Yəni, biz dərmanlarla bağlı məhdudiyyət qoymuruq.
- Müəssisədə cərrahi əməliyyatlar baş tuturmu?
- Bununla bağlı cərrahiyyə şöbəsi fəaliyyət göstərir. Şöbədə cərrahi istiqamətdə yardımlar göstərilir, eləcə də əməliyyatlar baş tutur. Hətta lazım olduqda mürəkkəb əməliyyatlar üçün Səhiyyə Nazirliyinin mütəxəssislərini də dəvət edirik. Həmçinin nazirlikdən olan konsultantlar, xüsusilə ali ixtisas dərəcəli mütəxəssislər var ki, onlar mütəmadi gələrək, müalicə müəssisələrində konsultasiyalarını keçir, eləcə də həkimlərimizin təyinatlarına nəzər yetirirlər.
- Digər ölkələrdə məhkumların mülki həyatda olduğu kimi müxtəlif xəstəxanalarda müalicə və əməliyyat olduqlarının şahidi oluruq. Azərbaycanda bu baş verirmi?
- Əlbəttə, elə olur ki, mürəkkəb əməliyyatlara zərurət yarandıqda məhkumlar çıxarılaraq mülki səhiyyə sektoruna götürülür. Və ona tibbi yardım göstərilir, eləcə də əməliyyat oluna bilir. Məsələn, Səhiyyə Nazirliyin institutlarında (Kardiologiya, Travmatologiya və s.), Milli Onkologiya Mərkəzində də məhkumların müayinələri aparılır və müalicə edilir.
Deyim ki, ötən il ərzində 160-dan çox xəstənin Kompüter Tomoqrafiyası (KT), eləcə də Maqnit Rezonans Tomoqrafiyası (MRT) mülki sektorda həyata keçirilib. Bunları Səhiyyə Nazirliyi ilə birlikdə edirik. Bir sözlə, bu sahədə Səhiyyə Nazirliyi ilə birgə və ekvivalent xidmət göstərilir.
- Bəs paytaxtdan kənar ərazilərdə vəziyyət necədir?
- Gəncədə, Salyanda, Şəkidə penitensiar müəssisələrimiz var ki, bu işlərdə onlara ərazi üzrə mərkəzi rayon xəstəxanaları tərəfindən çox ciddi yardımlar göstərilir və asanlıqla müayinələr keçirilir. Lazım gəldikdə təcili tibbi yardım maşınları gələrək, məhkumlara, mülkidə olduğu kimi, yardım edirlər. Bununla bağlı heç bir məhdudiyyət yoxdur, insanların sağlamlığı naminə bütün işlər görülür.
- Müalicə alan məhkumlar arasında tamamilə sağlamlığına qovuşan şəxslər varmı?
- Məsələn, vərəm xəstəliyindən tam sağalan məhkumlarımız var. Bunu da bildirim ki, elə bir proqram tərtib etmişik ki, əgər məhkumun cəza müddəti bitirsə, ancaq müalicə yarımçıq qalırsa, biz onları qeyri-hökumət təşkilatları vasitəsilə izləyir və müalicələrini davam etdiririk. Proqram bitənədək həmin şəxslə əlaqə saxlayır, onu nəzarətsiz buraxmırıq.
- Bəs vəfat edən məhkumlar? Onların ölümünə əsasən hansı xəstəliklər səbəb olur?
- Penitensiar sektor da cəmiyyətin bir hissəsidir və cəmiyyətdə olduğu kimi, burada da ölüm hadisələri baş verir.
Qeyd edim ki, ölüm faktları bizdə ilbəil azalır. Vərəm xəstəliyindən ölüm isə tam minimuma düşüb və bunun qarşısı alınıb. Bundan başqa, tutaq ki, kimsə infarkt keçirə bilir. Onda biz onu təcili müalicə müəssisəsinə cəlb edirik və həmin şəxs müalicə edilir. Demək olar ki, bizdə infarkt səbəbindən ölənlər təsadüfi olur.
Ən çox ölüm halları isə ürək-qan damar sistemindən, eləcə də xroniki hallardan baş verir.
Bundan başqa, böyrək çatışmazlığı ilə bağlı bizdə məhkumlar var ki, onların vəziyyətləri Səhiyyə Nazirliyi ilə danışılır və həmin şəxslər həftədə 3 dəfə hemodializ alırlar. Hazırda 5 nəfər bizdə həftədə 3 dəfə bu prosesi keçir.
Bütövlükdə, penitensiar müəssisələrdə saxlanılan məhkumların sağlamlıqlarının qorunması, onlara yüksək keyfiyyətli tibbi xidmətlərinin göstərilməsi daim diqqətdə saxlanılaraq bu istiqamətdə ardıcıl tədbirlər davam etdirilir.