Moskvanın möhürü, İnterpolun axtardığı xalça, zibillikdən tapılan 100 minlik sərvət – <span style="color:red;">Səbuhi Sədəf yazır
01 oktyabr 2019 17:14 (UTC +04:00)

Moskvanın möhürü, İnterpolun axtardığı xalça, zibillikdən tapılan 100 minlik sərvət – Səbuhi Sədəf yazır

 
“Elə bil ürəyimə dammışdı. Həmin gün işə də tez gəldim, haradasa yarım saat əvvəldən. Qapıya çatmışdım ki, gördüm taybatay açıqdır. Daha doğrusu, sındırılıb. Dərhal həmin otağa qaçdım. Aparmışdılar...”
 
Hə, muzeyə basqın edilmişdi. Biri “Muğan”, digər isə “Qarabağ” məktəbinə aid, yaşı 100-dən keçmiş iki qiymətli xalça oğurlanmışdı.
 
Sürəyya xanım, Saatlı Tarix Diyarşünaslıq Muzeyinin əvəzedilməz fədakar direktoru Sürəyya Muğanlı Lent.az-a deyir bunları. Hə, onu da deyir ki, hər dəfə bu əhvalatı danışanda göz yaşlarını saxlaya bilmir. “Sanki iki əziz balamı oğurlamışdılar”.
 
Xalça əhvalatına qayıdacağıq. Hələ ki Sürəyya xanımla muzeyi gəzirik. Azərbaycanın ən kiçik rayonun muzeyində, sizcə, nə qədər eksponat olsa yaxşıdır? İnanmazsınız, 10 mini keçir! Muzeydə qədim dövrlərdən, ta çağımıza kimi bu ərazidə yaşayan insanların məişət və mədəniyyətini, dini inancını ehtiva edən nadir eksponatlara rast gəlmək olar. 
 
Yeri gəlmişkən, bir qədər geriyə qayıdaraq onu da bildirək ki, muzey bir vaxtlar Saatlı rayonu partiya komitəsinin birinci katibi olmuş Alimaz Hacıyevanın təşəbbüsüylə yaradılıb. Birinci katib Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib rayona qayıdan gənc Sürəyyanı yanına çağırıb, belə bir fikirdə olduğunu deyir. 
 
- Həmin vaxt məni Xarkova Ali Rəssamlıq göndərmək istəyirdilər. Amma atam razı olmadı. Rayonda qalıb işlədim. Həmin vaxt mənim kimi gənc qız üçün bu, çox məsuliyyətli vəzifə idi.
 
Və ilk olaraq evdəki kolleksiyasını daşıyır muzeyə. Sonra Saatlını kəndbəkənd gəzir. Elə eksponatlar tapıb muzeyə yığır ki, onun dəyəri indi yüz min manatlarla ölçülür. 
 
Bu muzeydə nələr yoxdu? Məsələn, Moskva quberniyasının möhürü. Bu möhür haradan tapılsa yaxşıdır? Qoy, özü danışsın:
 
- Məscidin yaxınlığında qazıntı aparırdılar. Mənə xəbər verdilər ki, yerin altından nələrsə çıxır. Tez özümü ora yetirdim. Xeyli saxsı qab, müxtəlif əşyalar və eləcə də bu möhür çıxdı. Sizə bir maraqlı detalı da çatdırım. Rayonumuzda aparılan qazıntı zamanı Budapeşt bankının da möhürü tapılıb. Mənim özümə də maraqlıdı, məsələn, bu əşyaları indiki Saatlı ərazisiylə nə bağlayır? Bizim muzeydə Bizans imperiyasına aid qızıl sikkələr də var. Bunu haradasa başa düşmək olar. Müharibələr gedib bu ərazilərdə, onlardan qalıb. Amma Budapeşt bankının möhürü... Bu, artıq çox ilginc və ciddi araşdırmaya ehtiyacı olan söhbətdi.
 
Sürəyya Muğanlı bir maraqlı məqama da toxunur. Onun sözlərinə görə, rayonun Cəfərxan kəndi yaxınlığında şum aparılarkən kənd sakinləri tərəfindən mis qazan tapılıb. 
 
- Təsəvvür edin, qazanın qulpundakı yazılardan həmin qəzanın qədimliyi heç kimdə şübhə doğurmur. Və bu naxış deyil, məhz mixi yazılardır.  
 
Kənd sakini həmin qazandan adəti olaraq əvvəlcə məişət əşyası kimi istifadə edib. Sürəyya xanımın xahişindən sonra Saatlı muzeyinə bağışlayıb. 
 
- Özüm peşəkar rəssam olduğumdan bilirəm ki, qulpun üzərindəki naxışlar təsviri xarakterdə, yəni bəzək üçün deyil və daha çox qədim türk yazılarına bənzəyir. Buna görə də uyğun mütəxəssislərin araşdırması və rəyinə ehtiyac var”. 
 
Bu tip nadir eksponatlar yüzlərlədir muzeydə. Məsələn, çox nadir xronikalar, qəzet və jurnallar, səs yazıları var ki, Azərbaycanın heç bir muzeyində rast gələ bilməzsən. 
 
Saatlı ilk baxışdan tarixi abidələri olmayan bir məkan kimi görünə bilər. Amma elə deyil. Təsəvvür edin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təkcə 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş, 9 arxeoloji abidə - Sarıcalar kəndi ərazisində yerləşən Cəfərxan nekropolu, Azadkənd kəndi yaxınlığındakı Keçiqıran küp qəbirləri nekropolu, Azadkənd kəndi ərazisində yerləşən Azadkənd nekropolu, Qaralar kəndi ərazisində yerləşən 3 ədəd Qaralar nekropolu, Muğan kanalının yaxınlığındakı Muğan nekropolu, Abasbəyli nekropolu və Məmmədabad kəndi ərazisində yerləşən Məmmədabad nekropolu mühafizə olunur.
 
Azadkənd nekropolu isə bir başqa söhbətin mövzusudur. 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində bu kənd ərazisində aparılan qazıntılar zamanı yeraltı şəhərə bənzər qalıqlar tapılıb bu kənddə. Tapılanlardan Moskvada da xəbər tuturlar. Dərhal kəndə ekspedisiya göndərilir. 
 
- Daşıyıb apardılar hər şeyi Moskva, Leninqrada. Küp qəbirlərdən tutmuş misdən, gümüşdən hazırlanmış bəzək əşyalarına qədər . 
 
Bunu da Sürəyya xanım deyir. Yeri gəlmişkən, muzeyin bir guşəsində göz bəbəyi kimi qorunur qızıldan və gümüşdən hazırlanmış zinət əşyaları. “Bunların qiyməti yoxdur”, - deyir, muzey direktoru.
 
Hə, bir maraqlı tapıntısı da var Sürəyya xanımın. Söhbət görkəmli Azərbaycan rəssamı Cavad Mircavadovun heç kimə məlum olmayan rəsm əsərindən gedir. 
 
Sürəyya xanımın dediklərindən:
 
- Mən bu əsəri, hesab edin ki, zibillikdən tapmışam. Məcburi köçkünlərin yerləşdiyi yataqxana vardı. Onun ərazisində bir zibillik. Ora-bura tolazlayırdlılar bu rəsmi. Heç bilmirdim Mircavadovundu. Götürüb, evə gəldim. Özüm peşəkar rəssamam. Əvvəl fikirləşdim ki, adi, həvəskar rəssamın kətan üzərində çəkdiyi tablodur. Amma tozunu-torpağını siləndən sonra əmin oldum ki, bu bir peşəkar rəssamın işidi. Tablonun üstündəki Cavad Mircavadov imzasından sonra şoka düşdüm. Nə boyda bir incini əldə etdiyimin fərqindəydim. Sonradan həmin əsərə görə mənə 100 min manata yaxın pul təklif edənlər oldu. Amma evdə də saxlamadım. Gətirdim, qoydum muzeyə.
 
Hə, yuxarıda itən xalçalardan danışırdıq axı. Demək, qapının qırıldığını görən Sürəyya xanım dərhal Saatlı polis İdarəsinə gəlir. Burda əvvəlcə Sürəyya xanımın özündən şübhələnirlər az qala. Hətta saxlamaq istəyirlər. Amma xanım direktor polisi inandıra bilir. Ordan çıxır. Cibində pulu olmadığına görə, borc götürüb, dərhal Bakıya yollanır. Mədəniyyət və Turizm nazirliyi, DİN məsləyə qarışır. Amma xalçalar tapılmır ki, tapılmır. Amma Sürəyya xanım inadından dönmür. Sonacan inanır ki, itən xalçalar tapılacaq. Məsləyə İnterpol qarışır. Bütün dünya üzrə xalça axtarışı gedir. Və… 
 
Və günlərin bir günü İsraildə tapılır həmin xalçalar. Auksiona qoyulubmuş: 80 min dollara. Dərhal da Azərbaycana qaytarılır. Yenə də Saatlı muzeyindədir.
Sürəyya xanım muzeyi göz bəbəyi kimi qoruyur. Yenə kəndbəkənd gəzib nələrisə tapır, bərpa etdirir. 
 
- Dardı yerimiz, təzə eksponatlar daxil olur, böyüyürük. Bir yandan da rəsm qalereyası da muzeydə fəaliyyət göstərir. İstedadlı uşaqlar var, onların içində. Amma bura muzeydir axı. Qalereyanı başqa yerə köçürmək olmazmı? 
 
Maraqlı sualdı. Həllin tapar yəqin. Sonda, hə, sonda Sürəyya xanım bir tablosunu bitirdiyini dedi. Nəsimi ilinə həsr edib. 
 
 
- Bir qədər qeyri-adi üslubdadı. Simvolikaları deyirsiz? Qoy sirr olaraq qalsın. Nə vaxtsa açıqlayaram. Ya da... Ya da oxucularınızın öhdəsinə buraxaq. Kim açsa bu sirri, məndən ona bir rəsm hədiyyə...
 
Saatlı-Bakı   
 
# 1952
avatar

Səbuhi Sədəf

Oxşar yazılar