1404
18:57
27 Sentyabr 2019

Gülüstanı sevib, Gülüstanda şəhid olan Arifin dastanı: “Bağışla, səni tək qoydum...” – Səbuhi Sədəf yazır

- Arifin hekayətini danışacam sənə. Dəhşət bir mistikadır. Çox kədərlidir, çox.
Bunu dostumuz Aynur Cavid deyir, Saatlıda. Və onu da deyir ki, nəinki ata-anası, Fətəlikənddə heç kim inanmır hələ də onun ölümünə. Heç kim unutmayıb o sevgini. Hələ də dillərdə dastandı Arif-Gülüstan məhəbbəti.
Hə, məhz elə bu kənddə Fətəlikənddə anadan olmuşdu Arif. 1976-cı il sentyabrın 20-də. Elə bu kənddəcə orta məktəbi bitirmişdi. Maraqlıdır ki, hərbçi olmaq istəyirmiş hələ uşaqlıqdan. Elə bu məqsədlə də üz tutur Tiflisə. Burda hərbi məktəbə daxil olur.
Tiflisə gedib hərbi məktəbə daxil olması həm valideynlərini, həm də çox sevdiyi Gülüstanı sevindirmişdi. Yeniyetmə vaxtından dəli kimi vurulmuşdu bu qıza. Elə Gülüstan da bu dəli sevgiyə biganə deyildi.
Dərslərini çox yaxşı oxuyurmuş ali hərbi məktəbdə. Hərbçi abı-havasına da tez uyğunlaşır Tiflisdə, nə qədər qərib yer, şəhər, mühit olsa da. Amma Azərbaycandan, Vətənindən gələn həyəcanlı xəbərlər isə ona rahatlıq vermirdi. Necə də olmasa, yaşadığı kəndin çox yox, 100 kilometrliyinə ağır döyüşlər gedirdi.
...Həmin gecə Polad kişinin evinin darvazası bərk-bərk döyüləndə evdəkilər dik atılır. Arif idi gələn. Hamıyla görüşüb, Allah verəndən yeyir. Valideynlərinin intizarına da son qoyur:
- Mən ora qayıtmayacam.
Polad kişi əvvəlcə elə bilir ki, Tiflisdə nəsə problemi yaranıb, oğlunun. Amma səbəb başqaymış. Gürcüstandan geri, döyüşmək üçün gəlibmiş, amma necə deyərlər, bir qədər gecikibmiş. Saatlı batalyonu artıq neçə vaxtdır yarandığından və dislokasiya yeri bəlli olduğundan, Arif birbaşa hərbi komissarlığa üz tutur.
Bir neçə gün sonra o, Goranboy istiqamətinə göndərilir. Daha dəqiqi, Tap Qaraqoyunlu kəndinə. Cəbhə xəttinin 300 metrliyində olan bu kənd həmin vaxt müharibənin ən qaynar nöqtələrindən hesab edilirdi. Ermənistan ordusu bir neçə dəfə Tap Qaraqoyunluya hücum etsə də, kəndi işğal etmək onlara nəsib olmamışdı. Arifin xidmət etdiyi batalyon isə düşmənin bir addımlığında yerləşən postda dururdu.
Atası Polad kişi deyir ki, azı 10 dəfə getdim onun yanına.
- Deyirdim, ay bala, qayıt get məktəbini oxu. Sonra gəl, zabit kimi xidmət elə. Deyirdi, uşaqları buraxıb gələ bilmərəm. Əksinə, deyirdi oxumaq sonraya qalsın. Bir neçə dəfə də anasını apardım. Fikirləşdim, bəlkə anasını eşidər. Amma onun da xahişini yerə saldı. Anasının boynunu qucaqlayıb deyirdi ki, sən arxayın get, mən qayıdacağım. Hə, bir də Gülüstana, nişanlısına məktub göndərərdi.
Bir müddətdən sonra Arifin xidmət etdiyi batalyonu Tərtər rayonunun Cəmilli kənd istiqamətinə döyüşə atırlar. Bir neçə ağır döyüşün iştirakçısı olur Arif. Haqqında qəzetlərdə yazılar çıxır. Fətəlikənddə həmin qəzetlər əl-əl gəzir. Sevgilisi Gülüstana belə gedib çıxır həmin qəzetlər.
Arif cəbhədən bir neçə dəfə kəndə məzuniyyətə də gəlmişdi. Bu günlərin birində Arifovlar elçi gedib Gülüstanın “hə” sini də almışdılar. Toy isə gecikirdi. Çünki müharibə gedirdi. Həmin vaxt toy etməyə özünə sığışdırmırdı Arif. Nişanlısına, ata və anasına da elə beləcə demişdi. “Tezliklə müharibə bitəcək. Əsil toy-şənlik də onda olacaq”.
Və bu da atəşkəs. Düzdür, atəşkəs imzalansa da, ara-sıra döyüşlər davam edirdi. Necə deyərlər, cəbhədə silahlar susmurdu. Arifin xidmət etdiyi batalyonu dislokasiya yerini dəyişmişdi. Onlar yenidən Tap Qaraqoyunlu istiqamətinə qayıtmışdılar.
1995-ci ilin avqustunda Arif uzunmüddətli məzuniyyətə gəlir. Toy gününü müəyyən edirlər: noyabrın 11-də!
Arif yenidən cəbhəyə qayıdır. Və bir də noyabrın əvvəli gələcəkdi.
...Həmin gün Fətəlikənddə sanki toy yox, böyük bir hərbi kontingentin şöləni idi. Hərbi hissə komandiri, zabitlər, döyüş yoldaşları - kəndə gəlməyən yox idi. Səhər Gülüstanı gəlin gətirilər. Toy mağarı insanlarla dolub-daşır. Cəbhədən gələn zabitlərdən biri hələ bir neçə mahnı da ifa edir. Gecə düşsə də, noyabrın rütubətli soyuğu iliyə qədər işləsə də, insanlar toy mağaranı bir də gecə saat 3-də tərk edirlər.
Arif on gün kənddə qalır. Çünki yenidən xidmət etdiyi kəndə, Tap Qaraqoyunluya qayıtmalıydı. Cavan gəlini ata evində qoyub, Goranboya yollanır. Həmin vaxt Azərbaycan ordusu təzə formalaşdığından, hərbi hissələr hələ tam komplektləşmədiyindən zabit və gizirlər, eləcə də müddətdən artıq xidmət edənlər ailələrini yanlarına gətirə bilmirdilər. Arif də məcbur olub, hər həftə, iki həftədən bir Saatlıya, Fətəlikəndə qayıdır, yenidən cəbhəyə dönürdü.
***
6 aydan çox idi, Arifin xidmət etdiyi hərbi hissə Goranboy rayonunun Gülüstan kəndin istiqamətində yerləşirdi. Tarixi kənddir Gülüstan. 1813-cü ildə məşhur Gülüstan müqaviləsi bu kənddə imzalanıb. Qarabağ müharibəsinin başlanğıcında erməni quldur dəstələri bu kəndə nəzarəti ələ keçirsələr də, 1992-ci ilin iyun ayında hücuma keçən Azərbaycan silahlı qüvvələri Gülüstanı erməni işğalından azad etmişdi. Amma kəndin Azərbaycanın nəzarətində olduğu dövrdə erməni ordusu bura bir neçə dəfə həmlə etmişdilər. 19 sentyabr 1992-ci ildə isə erməni birləşmələrinin Gülüstan kəndinə silahlı basqın nəticəsində 22 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdı. Bir sözlə, bu kənd cəbhə xəttində yerləşir və strateji əhəmiyyət daşıyırdı.
Arifgilin qoruduğu sonuncu post isə təmas xəttinin bir addımlığındaydı.
1997-ci il idi. Onun xidməti müqaviləsinin bitməsinə 5 ay qılırdı. İyulun birində üç günlük Fətəlikəndə gəlir. Gülüstana deyir az qalıb, dinc həyata qayıtmağına. Elə ondan əvvəl də Goranboydan bir məktub yazmışdı ona. “Bağışla, səni tək qoydum. Amma burda olmalıyam. Dostları tək qoyammaram. Az qalıb xidmətin bitməsinə”.
...Həmin gün axşam çağından düşmən atəşkəsi pozaraq, Gülüstan istiqamətində geniş hücuma keçir. Arifgil postda 10 nəfər olurlar. Qeyri-bərabər döyüşü öz üzərlərinə götürürlər. Düşmənin məqsədi həmin postu ələ keçirib Gülüstanı tutmaq, sonra isə irəliləyib magistral trasa çıxmaq olub. Amma Arifgilin posta əlavə qüvvə gələnədək ermənilərin qarşısını kəsiblər. Arif özü isə əlində qumbara qəhrəmanlıqla həlak olub. Təqvim 18 iyulu göstərirdi...
Şəhid xəbəri ildırım sürətilə gəlib çatır Fətəlikəndə. Polad kimi qarşılayır Polad kişi oğlunun ölüm xəbərini. Gülüstan isə…
O, baş verənlərin şokundan günlərlə ayıla bilmir.
Təntənəylə dəfn edirlər Fətəlikənd qəbiristanlığında Arifi. Gülüstanda şəhid olan Arifi... Gülüstanın Arifini...