
18 il əvvəl, saat 18.45-də: Bir əfsanənin sonu
Həkim ailəsində anadan olmuşdu. Amma nənəsi böyütmüşdü onu. Tiflisin küçələrində top qovmaqdan yorulmazdı. Elə nənəsi bu həvəsini görüb 35 saylı idman məktəbinə aparmışdı onu. Burda isə özünü elə göstərmişdi ki, Gürcüstanın gənclərdən ibarət yığmasına çağırılmışdı. Ümumittifaq “Ümid kuboku”nu qazanmışdı. Ardınca da, Tiflisi “Dinamo”suna dəvət edilmişdi.
Həmin il orta məktəbi bitirmişdi həm də. Sənədlərini Tiflis Politexnik İnstitutuna vermişdi və qəbul olunmuşdu. Kimyaçı olacaqdı.
Amma bu ixtisasdan vaz keçmişdi, kimya onu maraqlandırmadı, növbəti il sənədlərini götürüb Tiflis Dövlət Universitetinə gəldi, hüquq fakültəsinin tələbəsi oldu.
20 yaşında Tiflis “Dinamo”sunda debüt etdi. Elə həmin il SSRİ yığmasına çağırıldı. Odessadakı toplanışda dizindən ağır zədə aldığından yığmanın düşərgəsindən kənarlaşdırıldı.
Amma sonradan yenə milliyə qayıtmışdı, 19 oyuna çıxmış, 7 qol vurmuşdu. Tiflis “Dinamo”sunda isə 246 oyuna 79 qol.
1981-ci ildə Kuboklar Kubokunu qazanmışdı, bu qələbədən 3 ay sonra ayağını sındırmışdılar. Və cəmi bir il sonra elə həmin zədənin ucbatından karyerasına son qoymuşdu, 31 yaşında.
Sonradan Tiflis “Dinamo”sunda Nodar Axalkatsinin yanında çalışmış, prokurorluqda işləmiş, müstəqil Gürcüstanın futbol çempionatında elə həmin “Dinamo”nun baş məşqçisi olmuşdu. Müstəqillik vaxtı Gürcüstan yığmasına belə rəhbərlik etmişdi.
***
…Hadisə yerindən onu dərhal xəstəxanaya çatdırmışdılar. Təsadüfə bax ki, onu bir zamanların gürcü futbolunun ulduzları olan Arvaladze qardaşlarının həkim ataları gözləyirdi, xəstəxanada. Amma elə xəstəxananın qapısı önündə canını tapşırmışdı. Ağır qəza keçirmişdi. Amma sonradan bəlli olacaqdı ki, onun idarə etdiyi avtomobil yol kənarındakı qoz ağacına çırpılmazdan əvvəl infarkt keçiribmiş.
Mobil telefonunu yoxlayanda isə məlum olmuşdu ki, sonuncu zəngi Batumiyə olub. “Batumi” - “Kolxeti” oyunundan qayıdırmış.
***
O, avtomobil qəzasında ölən üçüncü gürcü futbolçu idi. 80-ci illərin əvvəllərində əvvəl Teymuraz Stepaniya və Vitali Daraseliya həlak olmuşdular. Bir neçə il əvvəl isə əfsanəvi “Dinamo”nun əfsanəvi baş məşqçisi Nodar Axalkatsinin qəlbi də məhz avtomobildə dayandı.
Onu Tiflisin Saburtalo qəbiristanlığında dəfn etdilər. Gürcü futbolunun dahi isimlərinin - Mixail Mesxi, Slava Metreveli, Qivi Çoxelinin yanında. Onun adına Gürcüstanda küçələr, məktəblər var. Hə, adına stadion da var: Qurdcuanidə. Hələ sağlığında vermişdilər stadiona o adı.
“Tanrı ən yaxşıları tez aparır”. Bunu onun haqqında başqa bir sovet futbolçusu, yığmada bir yerdə oynadıqları Leonid Buryak demişdi. Hə, o SSRİ-nin ən yaxşılarından idi, gürcü futbolunun isə ən yaxşısı. Elə Tanrı da məhz buna görə onu tez apardı. David Kipianini! 18 il əvvəl, 2001-ci il, 17 sentyabr 18. 45-də.
Oxşar yazılar

Ulduz hücumçu Səudiyyə klublarının təkliflərini rədd etdi
4 iyul 2025 , 16:56
Türkiyə Super Liqasının 2025-2026 mövsümünün püşkatmasi: Derbi tarixləri
4 iyul 2025 , 16:43
"Mançester Yunayted"in "körpə Messi"sinin qeyri-adi nömrəsi - Klubla ilk peşəkar müqavilə
4 iyul 2025 , 15:11
“Real” ulduzlarından birinin gedişinə hazırdır
4 iyul 2025 , 14:01
“Ayntraxt”ın hücumçusunun yeni sevgilisi: gözəl modellə dincəlir - FOTOLENT
4 iyul 2025 , 10:15
Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48