Lənkəranda yeni tələbə yataqxanası istifadəyə verilib
16 sentyabr 2019 16:48 (UTC +04:00)

Lənkəranda yeni tələbə yataqxanası istifadəyə verilib

Sentyabrın 16-da Lənkəran rayonu N.Həsənov adına Şıxəkəran kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.

Təhsil Nazirliyindən Lent.az-a bildirilib ki,  açılış mərasimində Təhsil nazirinin müavini Firudin Qurbanov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov, şagird və müəllimlər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 432 şagird yerlik Lənkəran rayonu N.Həsənov adına Şıxəkəran kənd tam orta məktəbində 384 şagirdin təlim-tərbiyəsi ilə 62 müəllim məşğul olur. Yeni açılan məktəb binasında müasir tədris avadanlıqları ilə təchiz olunmuş sinif otaqları, laboratoriya, kompüter otağı, akt zalı, idman zalı, hərbi hazırlıq otağı və kitabxana yerləşir.

Bu gün Lənkəran Dövlət Universitetinin yeni tələbə yataqxanasının və 2 yeni tədris binasının da açılış mərasimi keçirilib.

Açılış mərasiminə qatılan təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki,  son 15 il ərzində 3 200 yeni məktəb binasının inşa olunması, ali təhsil müəssisələrinin maddi-texniki bazasının yenilənməsi, təhsilə maliyyə dəstəyinin gücləndirilməsi bu qayğının bariz nümunəsidir.

Tədbir iştirakçıları tələbə yataqxanasında və tədris korpuslarında yaradılmış şəraitlə tanış olublar.

Qeyd edək ki, 160 yerlik tələbə yataqxanasında hər cür şərait yaradılıb, otaqlar zəruri məişət avadanlıqları, fasiləsiz internetlə təmin olunub. Yataqxanada idman zalı, kitabxana və oxu zalı, informatika otağı, istirahət guşəsi tələbələrin ixtiyarında olacaq. Yataqxana binasında  videomüşahidə,yanğın əleyhinə siqnalizasiya sistemləri,internet və telefon xətləri çəkilib. Tədris korpusları da müasir tədris avadanlıqları, laboratoriyalarla təmin olunub, informatika kabinetləri, kitabxana, oxu və idman zalları yaradılıb.

2019-2020-ci tədris ilində Lənkəran Dövlət Universitetinə 1200-ə qədər bakalavr və 67 magistr qəbul olunub.

 

 

 

 

 

# 842
avatar

Aygün İbrahimli

Oxşar yazılar