“Moskvada pulum qurtardı, satdım üzüyü...” - <span style="color:red;">Polkovnikin “Qocalar evi”ndə yaşayan atası
12 sentyabr 2019 10:30 (UTC +04:00)

“Moskvada pulum qurtardı, satdım üzüyü...” - Polkovnikin “Qocalar evi”ndə yaşayan atası

V YAZI

Həyat insana qınamamağı öyrədir. Bir vaxt kimisə atdığı addım, verdiyi qərar üçün qınayırsan, mən heç vaxt bunu eləmərəm - deyirsən, yaxud, düşünürsən. Həyat səni dolandırıb o atdığı addımın, verdiyi qərarın düz astanasına gətirir. O zaman həmin adamın nə yaşadığını, niyə o addımı atdığını çılpaqlığı ilə görürsən, yaşayırsan, anlayırsan. Heç vaxt eləmərəm - dediyini xatırlayıb, bu dəfə özünü qınayırsan. Kimsəni qınamamağı öyrənirsən. Heç vaxt etmərəm - demədən, heç kimi qınamadan oxuyun bu reportajı, lütfən.

Lent.az-ın oxucusu söhbətin hardan getdiyini bilir. Camaat o yerə “Qocalar evi” deyir. Dövlət “Müharibə və əmək əlilləri üçün pansionat” adlandırıb. Bilgəh qəsəbəsində, dəniz kənarında ötən əsrin 60-cı illərindən fəaliyyət göstərən bu pansionatda 235 nəfər ahıl yaşayır, hamısının da yaşı 65-dən yuxarıdır.

“Qocalar evi” nin çıxışına doğru gedəndə doqqaza yaxın çəmənlikdə bir nəfərin dirsəkləndiyini görürəm. Yaxınlıqda da iki inək otlayır. Bizə baxdığını görüb, yarızarafat deyirəm ki, bura gələndə inəkləri də gətirmisiniz? “Hə” – deyir, - Gətirdim ki, qocaları südlə təmin edim.

Elə bildim zarafata zarafatla cavab verdi.

- Doğru deyirsiniz?

- Əlbəttə, bəs, bunlara süd lazım deyil? Hamısı xəstə adamlardır. Məndən də yazın də.

- Yazaq də-deyə geri qayıdıb, ona yaxınlaşıram.

Amma xahiş edirəm şəklimi çəkməyin – deyir.

- Niyə, qədd-qamətinizdə qüsur yoxdur, çox şükür...

- Elə ona görə də deyərəm, çəkməyin, görüb gələrlər arxamca bura. 

- Doğrudan bu mal-qara sizindi?

- Bizim “Qocalar evi”nindir.

- Siz otarırsınız onları?

- Mən baxıram, bəli. Qışda da damları var, orda saxlayıram, yemini verirəm.

- Özünüz də burda yaşayırsınız də?

- Hə, düz 20 ildir burdayam.

- Yaşlı da deyilsiniz. Burda özünüzə iş tapmısınız həm də...

- Mən də yaşlı olsam, mallara kim baxardı? Onlara baxanın canı bir az sulu olmalıdır.

- Sağan da var o inəkləri?

- Özüm sağıram.

- Adınızı demədiniz?

- Adımı demərəm...

- ...eldən ayıbdır?

- Doğrudan ayıbdır.

- Hardan gəlmisiniz, bəs?

- Uşaq evindən. 1942-ci ildə dədəmlə anam məni aparıb Şuşada uşaq evinə qoyublar. 18 yaşıma qədər yaşamışam orda.

- Özləri Şuşalı olublar?

- Nə bilim? Adlarını bilirdim. Çox da axtardım onları. Moskvada oxuyanda axtardım, Almaniyaya qədər gedib çıxdım, tapmadım. Elə bil belə adamlar heç olmayıb. Uşaq evində mənə baxan qadın bir boyunbağı göstərdi ki, anan bunu sənin boynundan asmışdı. Atamdan da bir üzük qalmışdı, Moskvada pulum qurtardı, satdım üzüyü.

- Ata-ananızdan sizə qalan bir boyunbağı, bir də üzük oldu?

- Moskvaya oxumağa gedəndə Uşaq evindən cibimə pul da qoymuşdular.

- Hansı sahədə oxudunuz?

- Onu da deməzlər.

- Bəs, dediniz məndən yaz, nə yazım, özümdən uydurum?

- Bir dəfə Xoşqədəm də gəldi. Yoldaşlar ona xəbər ediblər, o da gəlib. Dedim ay, mənim bacım, axtarası heç kimim də yoxdur, məni çəkmə. Düzdür, Moskvada evlənmişəm, amma yerlərini bilirəm.

- Moskvada ailəniz var, bəs, niyə özünüz burda olursunuz?

- Oranın havası düşmür mənə, xəstələnirəm.

- Zəhmət çəkib, Bakıda evlənəydiniz.

- Bakıda elə qız var, adamın tabını çəkən? 3 il yaşayırlar adamla, sonra boşanırlar.

- Pah, o baxımdan Moskva qızları yaxşıdır, hə?

- Mən orda çox yaxşı yaşamışam, qayınatam general idi, indi oğlum milis polkovnikdir. Məni çəkməyin, xahiş edirəm, 20 ildə bir dəfə fotom düşməyib bir yerə. Televiziyaya da düşməmişəm, eldən ayıbdır.

Eldən ayıb etsə də çox pozitiv adamdır. Yarızarafat, yarıgerçək dərdləşdi bizimlə.

“Əmək və Müharibə veteranları pansionatında” son müsahibim adını deməyən bu həyat eşqli adam oldu.

Heç kim sevgidən məhrum olmasın.

# 9682
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar