19:10
08 Sentyabr 2019

Baş məşqçi: "Azərbaycanla matç çətin olacaq"

“Sabah ilk növbədə ciddi oynamalı, matça ciddi yanaşmalıyıq”.

APA-nın məlumatına görə, bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç deyib.

Son dünya çempionatının gümüş mükafatçıları AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisinin qonağı olacaq. Oyunöncəsi keçirilən mətbuat konfransında 53 yaşlı mütəxəssis Bakıda həfədlərinin yalnız qələbə olduğunu deyib: “Slovakiyaya qarşı oyun kimi ciddiliyi qorusaq, müsbət nəticə qazanarıq. Çətin olacaq, səbirli davranmaq lazımdır. Qələbə üçün lazımi performansı göstərməliyik. Hələ xal qazana bilməməsi Azərbaycanın zəif olmasından xəbər vermir”.

- Komandada eyni səviyyəni qorumaq mümkün olacaq?
- Əsas məqam budur. Oyunçularla çox söhbət etmişik, bunu sabah da davam etdirəcəyik. Azərbaycan yaxşı komandadır. Oyuna uğurlu başlamalıyıq. Əks halda, çox çətinlik çəkəcəyik.

- Matç üçün heyəti müəyyənləşdirmisinizmi?
- Son oyunla müqayisədə çox dəyişiklik etməyəcəyik. Olsa belə, çox az dəyişiklik olacaq. Hər hansı zədə olmasa, heç bir dəyişiklik etməyəcəyik.

- 2015-ci ildən iki dəfə 4:0 hesablı qələbədən sonrakı matçda büdrəmisiniz. Bu, sizdə psixoloji gərginlik yaratmır?
- Komanda olaraq məqsədimizi bilirik. Hədəf final mərhələsinə vəsiqə qazanmaqdır. Statistikanı ciddiyə almırıq. Fikrimcə, 15 xal toplasaq, bu hədəfə çatmaq üçün kifayət edəcək. Bütün diqqətimiz sabahkı oyunadır.

- Bəzi oyunçularınız sabah iştirak etməyəcək. Bunun taktiki seçimə nə kimi təsiri olacaq?
- İtkilər bizə çox təsir etmir. Bratislavada da bəzi itkilərimiz var idi. Əlimizdəki heyətlə matça köklənməliyik.

Dİgər xəbərlər