Rusiyada vahid səsvermə günü - <span style="color:red;">REPORTAJ  - <span style="color:red;">FOTOLENT
08 sentyabr 2019 13:54 (UTC +04:00)

Rusiyada vahid səsvermə günü - REPORTAJ - FOTOLENT

Bu gün Rusiyada vahid səsvermə günüdür. Son illərin ən kütləvi səsverməsi hesab olunan bu seçkidə ölkənin bütün regionları iştirak edirlər.
 
APA-nın Moskva müxbiri paytaxtın Butovo rayonunda yerləşən 2472 saylı seçki məntəqəsində olub, yeddinci çağırış Moskva Şəhər Dumasına keçirilən səsvermənin gedişatı ilə tanış olub.
 
Bütün ölkə üzrə seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb. Seçki məntəqlərində polis əməkdaşları müşahidə aparırlar. Seçki məntəqəsinin sədrinin bildirdiyinə görə, səhər saatlarından seçki fəallığı müşahidə olunur.
 
Moskva sakini Antonina Makarova APA-ya açıqlamasında səsvermədə iştirak etdiyini, heç bir problemlə qarşılaşmadığını, Moskva şəhər Dumasında görmək istədiyi namizədə səs verdiyini bildirib.
 
Seçki məntəqələrində "Vahid Rusiya" partiyasının nümayəndələri ilə yanaşı müxalif "Kommunist", "Ədalətli Rossiya" və müstəqil namizədlərin nümayəndələri də müşahidə aparırlar.
 
Qeyd edək ki, müxtəlif səviyyəli seçkilər Rusiyanın 85 regionunda keçirilir. Regionlardan 16-da respublika rəhbərləri və qubernatorların, 13-də yerli qanunverici orqanların üzvlərinin seçkisi keçirilir. Bundan başqa səsvermə zamanı şəhər merləri və yerli hakimiyyət orqanlarının nümayəndələri də seçiləcəklər.
 
Əsas diqqətlər isə Moskvaya yönəlib. Burada yeddinci çağırış Moskva şəhər Dumasına seçkilər baş tutacaq. Təkmandatlı dairələr üzrə olmaqla ümumilikdə 45 deputat seçilməlidir. Ölkə üzrə ümumilikdə 47 minə yaxın deputat və vəzifəli şəxs seçiləcək.
 
Rusiya prezidenti Vladimir Putin də Rusiya Elmlər Akademiyasında yerləşən seçki məntəqəsinə gələrək səsvermədə iştirak edib. Daha sonra jurnalistlərə açıqlama verən Rusiya prezidenti seçkilərdə daha çox namizədin iştirakının vacib olmadığını söyləyib: "Bir sıra ölkələrdə namizədlərin sayı 30,50 və ya 100 olur. Namizədlərin görəcəyi işlərin keyfiyyəti onların sayından asılı deyil. Əsas seçildikdən sonra həmin namizədin görəcəyi işlərdir".
 
Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, seçkilərdə 56 milyona yaxın seçicinin iştirakı gözlənilir. Rusiyanın seçki tarixində ilk dəfə olaraq bu dəfəki seçkilərdə məsafəli elektron səsvermə tətbiq olunur. Moskvanın üç bələdiyyə dairəsində- Zelenoqrad, Şimali Lionozovo-Bibirevo və Mərkəzi və Cənubi Çertanovo rayonlarında bu yeni sistem eksperimental şəkildə tətbiq edilir.
 
Səsvermə yerli vaxtla axşam saat 8-dək davam edəcək.
 
# 654
avatar

Oxşar yazılar