421
15:44
03 Sentyabr 2019

İTV yeni mövsümə bu dəyişikliklərlə BAŞLAYIR

İctimai Televiziya və Radio Yayımları Şirkəti mövsümə bəzi yeniliklərlə start verir.
Bu barədə Lent.az -a İTV-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, biri-birindən maraqlı, xarici-lisenziyalı və yerli layihələrlə tamaşaçıların görüşünə gələcək İTV auditoriyanı öz fərqli dəst-xətti ilə sevindirəcək.
Qeyd edilib ki, “Fatehin divanı” və “Ötən günlər” adlı tok-şoular efir məkanına yenilik bəxş etmiş olacaq.
Yeni mövsümün əsas proyektlərindən sayılan və bütün dünyada məşhur olan “SƏS” musiqi şousudur ki, onu da tamaşaçılar bu mövsümdə İctimai Televiziyanın efirində SƏS UŞAQLAR olaraq izləyə biləcəklər.
Televiziya mühitinə yeni nəfəs gətirəcək daha bir təzə lisenziyalı proqram isə olduqca rəngarəngdir. Bu dünyanın məşhur “Thank God You're Here” layihəsinin adaptasiya olunmuş versiyasıdır ki, bu da “Haradasan bu vaxtacan?” adlanır. (Qeyd edək ki, “Fremantle” şirkətinə məxsus sözügedən layihə Türkiyədə “Bak hele bak”, Rusiyada isə “Слава богу, ты пришел” adı ilə məşhur olub.)
Bundan başqa İTV Azərbaycanda ilk dəfə 3D prime-time layihə də təqdim edəcək.
Yeni mövsümdən gənclər üçün nəzərdə tutulan məşhur “MAG” layihəsi də təzə formatda İctimai Televiziyada yayımlanacaq. Lisenziyalı intellektual oyunlar olan “61!”, “Əlaçı”, “Breyn Rinq”, “Nə? Harada? Nə zaman?” proqramlarının da yayımı davam edəcək.
Həmçinin sosial, təhsil, kulturoloji, araşdırma yönümlü gündəlik prime-time tok-şou olan “Sabaha saxlamayaq” yeni mövzularla tamaşaçıların görüşünə gələcək.
Serial həvəskarları bu mövsüm televiziyanın efirində dram janrında, gərgin və maraqlı süjet xəttinə malik “Kür nəğmə” adlı həftəlik serial izləyə biləcəklər.
Bundan əlavə “Bizim restoran” həftəlik yumoristik serialının yayımı da davam edəcək.
Kino həvəskarlarını 2019-2020-ci illərdə maraqlı yeniliklər gözləyir. Belə ki, “Sony Pictures” şirkəti ilə rəsmi əməkdaşlıq çərçivəsində İTV yayım hüququnu əldə etdiyi bir sıra yeni, maraqlı və ən baxımlı lisenziyalı filmləri ekrana gətirəcək.
İTV tərəfindən BBC şirkətinin son illərdə istehsal olunan ən maraqlı və müxtəlif janrları əhatə edən tarixi, təbiət, bioqrafik mövzulu sənədli filmləri də alınıb. Bunlar arasında uşaqlar üçün nəzərdə tutulan “All about animals” layihəsi də yer alır.
Azərbaycanda yayım hüququ yalnız İTV-yə məxsus olan “Maşa və ayı” cizgi filmi də yeni mövsümdən doğma dilimizdə balacaların görüşünə gələcək. Həmçinin bu mövsümdən etibarən balaca tamaşaçılara öyrədici xarakterli “Fikslər” cizgi serialı da təqdim olunacaq. Qeyd edək ki, peşəkar səviyyədə dublyaj olunan filmlərdə səslənən mahnılar da tərcümə ilə ifa edilib.
Balacaların rəğbətini qazanan “7 şüşə” layihəsinin yayımı da təzə mövsümdən davam edəcək.
Ümumiyyətlə ötən il istehsalatına başlanan və tamaşaçıların rəğbətini qazanan müxtəlif verilişlərin yayımı bu mövsüm də davam edəcək.
Şənbə və bazar günlərində proqram şəbəkəsində maarifləndirici, araşdırma, əyləncə proqramlarının yayımı nəzərdə tutulub. Belə ki, bu ildən muğamımıza həsr olunan həftəlik layihələrə başlanacaq.
Tamaşaçıların maraqla izlədiyi “Ozan məclisi” verilişi də yayımını davam etdirəcək.
Proqram şəbəkəsində yerli sənədli və televiziya filmlərinin çəkilişinə də yer ayırılıb ki, bunlardan da ilki Yelenendorfun əsasının qoyulmasının 200 illiyinə həsr olunmuş “Yelenendorfdan – Göygölədək” filmidir. Filmin müəllifi Müsəllim Həsənov, rejissoru isə Mirsadiq Ağayevdir.
“Vətən dili” adlanan digər layihə isə Azərbaycan əlifbasının yaranışına həsr olunan fundamental araşdırma filmidir. Çəkilişləri Bakı, Şamaxı, Qoridə gerçəkləşdirilən filmin müəllifi və aparıcısı Orxan Fikrətoğlu, rejissoru Nəsimi Əliyevdir.
Bundan başqa tamaşaçılar son 70 ildə Azərbaycanda baş verən cinayət hadisələri haqqında tarixi araşdırma xarakterli “İstintaq davam edir” adlı verilişini də izləyə biləcəklər.
Həmçinin 2019-cu ilin “Nəsimi ili” elan olunduğundan İTV-də bu mövzuda silsilə filmlər nümayiş ediləcək.
İctimai-siyasi əhəmiyyətli “Diqqət Mərkəzi - Yekun”, sosial yönümlü məlumatların mütəmadi çatdırılması istiqamətində “Xəbərimiz var” da öz efirlərini yeni mövsümdə də davam etdirəcək.
Bu mövsümdə Orxan Fikrətoğlu, DJ Fateh, Dadaşlinski Dadaş Dadaş oğlu, Vüsalə Məmmədova, Azər Süleymanlı, İlahə Şıxlinskaya, Tamerlan Vahabov, Heydər Mirzə, Flora Xəlilzadə, Qorxmaz Tofiqoğlu, Azər Aydəmir, Könül Arifqızı, Saleh Bağırov, Alidə Mustafayeva, Ceyhun Əli, Tural Yusifov, Səma Abıyeva və başqa məşhur simalar İTV-nin efirində tamaşaçıların görüşünə gələcəklər.