Artıq bir neçə ildir Aşura günündə Azərbaycanın bir sıra məscidlərində qanvermə aksiyaları keçirilir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən keçirilən aksiyalarda camaat könüllü iştirak edir.
Ötən il də Bakının məscidlərinin əksəriyyətində, xüsusilə Təzəpir, Əjdərbəy, Bibiheybət məscidlərində, Mir Mövsüm Ağa ziyarətgahında qanvermə aksiyaları keçirilib.
QMİ sədrinin müavini Fuad Nurullayev Lent.az-a açıqlamasında bildirib ki, bu il qanvermə aksiyasının keçiriləcəyi məscidlərin siyahısına daha bir neçəsi əlavə olunub: “Bu il həmçinin Salyanda, Şirvanda, Bakının Nizami rayonundakı məsciddə, Bakıxanovdakı məsciddə də qanvermə aksiyası keçiriləcək. Bəzi məscidlər var ki, onların özündə qanvermə aksiyası keçirilməsinə şərait olmadığından yaxınlığında QMİ ilə Səhiyyə Nazirliyinin birgə razılaşması müqabilində səyyar qanvermə məntəqəsi qurulur”.
F.Nurullayev bildirib ki, qanvermə aksiyasının böyük savabı və əhəmiyyəti var. Onun sözlərinə görə, imam Hüseyin aşiqləri, Allahı sevən insanlar “Quran”da buyrulduğu kimi “bir insana həyat vermək bəşəriyyətə həyat vermək kimidir” prinsipinə əməl edirlər: “İmam Hüseynin şəhadət yolu insanlığın, imanın, əqidənin varlığın yaşaması üçündür. Biz insan olaraq bir-birimizə diqqətli olmalı, həyan olmalıyıq. Çətinlikdə olan insanlara kömək olunmalıdır. Qana ehtiyacı olan insanlarımız var. Qədimlərdə Aşura günlərində insanlar qəmə ilə başlarından qan çıxarardılar. Amma bu gün ağıllı insanlar, xüsusilə də sədrimiz şeyxülislam Allahşükür Paşazadə belə bir təşəbbüs irəli sürdü ki, insanlar qan çıxarmaq istəyirlərsə bunun ən yaxşı üsulu Allah xatirinə qan verməkdir”.
F.Nurullayev qeyd edib ki, Mir Mövsüm Ağa ziyarətgahında Qan Bankı yaradılıb, insanlar istənilən vaxt gedib orada qan verə bilərlər.
QMİ sədrinin müavini onu da əlavə edib ki, Azərbaycan bu addımı ilə qonşu ölkələr üçün də nümunəyə çevrilib: “Türkiyədə, İranda başqa müsəlman ölkələrində bizim bu addımlarımızı dəstəkləyirlər və artıq qanvermə aksiyaları həyata keçirirlər”. Mirmöhsün Ağa ziyarətgahında Qan Bankı yaradılıb hər insan istənilən vaxt gedib orda qanvermə aksiyasında iştirak edə bilərlər.