176
11:50
02 Sentyabr 2019

Belə günlərdə Günəş şüaları altında çox qalmayın - XƏBƏRDARLIQ

"Kosmik hava durumunda günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diskində 2748 (N14E22, Bxo / бета) fəal oblastı müşahidə olunsa da stabildir. Peyk görüntülərində yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) aşkar olunmayıb".
Bu barədə Lent.az -a Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan M. Salehli məlumat verib. O bildirib ki, 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində çox yüksək səviyyədə olub:
"Maksimal qiymət 53,007 pfu olmaqla 1 sentyabr/20.15 UTC-də qeydə alınıb. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.
Avqustun 28-də əmələ gələn tac dəliyinin Yerə doğru yönəlməsi və nəticədə gözlənildiyi kimi CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effektinin geoeffektivliyi səbəbindən hesabat dövründə Günəş küləyi parametrlərində kəskin artma müşahidə olunub. Günəş küləyinin sürəti 600 - 775 km/san intervalında dəyişmişdir, maksimal qiymət isə 1 sentyabr/01.06 UTC-də 835 km/san olub. Ümumi maqnit sahəsi ortalama 4-9 nT-ya intervalında, Bz komponenti isə +/- 8 intervalında dəyişib. Phi bucağı əsasən müsbət sektorda qərarlaşıb.
Geomaqnit sahə son 24 saat ərzində G2 (Moderate) səviyyəli maqnit qasırğasının təsiri altında həyəcanlanmış halda olub (Kp=6)".
Orxan M. Salehli qeyd edib ki, kosmik hava proqnozu dövründə (2 - 4 sentyabr) günəş fəallığı çox aşağı səviyyədə qalacaq:
2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə də (2 - 4 sentyabr) yüksək səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (2 - 4 sentyabr) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə ilk gün (2 sentyabr) Günəş küləyi parametrlərinin CH HSS effektinin təsiri altında sürətli külək rejiminə uyğun qalacağı, növbəti günlər isə (3, 4 sentyabr) nisbətən zəifləyəcəyi proqnozlaşdırılır.
Proqnoz dövründə ilk gün (2 sentyabr) G1 səviyyəli (Kp=5) maqnit qasırğasının davam edəcəyi proqnozlaşdırılır. Sonuncu iki proqnoz günləri isə (3, 4 sentyabr) CH HSS effekti təsiri azalacağından nisbətən sabit şərait (Kp=3, 4) müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı 2 sentyabrda 20%-dən, 03 və 04 sentyabr tarixlərində isə uyğun olaraq 5 faizdən və 1 faizdən aşağı qiymətləndirilir".
Qeyd edək ki, geomaqnit sahənin belə aktivlik şəraiti enerji sistemində və peyk yayınlarında, radiorabitədə kiçik mənfi effektlərə səbəb olur. Təbii ki, sürətli günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlaşmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcanlanmalar xüsusi risk qrupundan olan xəstə insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatlıqlar, yuxusuzluq, stres və depresiya tipli hissiyat meydana gətirə bilər. Məsləhət görülür ki, belə günlərdə birbaşa Günəş şüaları altında çox qalmayasınız, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək lazımdır, həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlaşmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.