"Dünən saat 18:40-da Lənkəran Şəhər Bəliton kənd sakini Ağayev Ələmdar Şavəli oğlunun idarə etdiyi, ona məxsus şəxsi istifadəsində olan PAZ markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusun yoxuşu qalxarkən avtomaşında yaranmış texniki nasazlıq səbəbindən idarəetməni itirib yaşayış evinin həyətinə aşması ilə bağlı hadisənin nəticəsindən təəssüfləndiyimizi qeyd edirik və bildirmək istərdim ki, həmin avtonəqliyyat vasitəsi üçün mərhum Ələmdar Ağayev Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) fərqlənmə nişanı almadan sifariş əsasında qanunsuz fəaliyyət göstərib".
Bu barədə Lent.az-a DANX-ın mətbuat katibi Nuridə Allahyarova məlumat verib. O bildirib ki, bu fakt təbii ki, məsuliyyəti azaltmır və bu cür halların təkrarlanmaması üçün dəfələrlə edilən müraciət təkrarlanacaq:
"Sərnişinlərimizdən rica edirik ki, öz həyatlarını riskə atmasınlar. Dəfələrlə istismar üçün əldə etdiyi avtobusla xidmət göstərmək üçün müraciət edib və qurumumuzdan imtina cavabı alarkən "mən avtomobilimlə sahibkarlıq etmək istəyirəm, bu mənim haqqımdır" deyən sürücülərə də müraciət edərək bildirirəm ki, ictimai nəqliyyat vasitələri ilə sərnişindaşıma fəaliyyəti sıradan sahibkarlıq fəaliyyətinə bənzəmir. Siz məhsul yox, vətəndaşa istifadəsi zəruri xidməti təqdim edirsiniz. Bu da sahibkarlığın bir növüdür sözsüz ki. Ancaq mövzu insan həyatıdırsa, risk faktorları yüksəkdirsə, təklif sıxlığa-təlabata-xidmətin keyfiyyətinə uyğun nəzərə alınmalıdır".