Aşkarlanan zərərli dini ədəbiyyat sonradan hara göndərilir? - RƏSMİ cavab
20 avqust 2019 14:35 (UTC +04:00)

Aşkarlanan zərərli dini ədəbiyyat sonradan hara göndərilir? - RƏSMİ cavab

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQDK) daxil olan müraciətlər əsasında bu ilin yanvar-iyun ayları ərzində 1452 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.
 
Bu barədə Lent.az-a komitənin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov məlumat verib.
 
O qeyd edib ki, il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə nəşr olunmaq məqsədilə təqdim edilən 104 adda dini ədəbiyyat dinşünaslıq ekspertizasından keçirilib, onlardan 6-nın çapı məqsədəuyğun sayılmayıb. 
 
Şöbə müdiri bildirib ki, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına nəzarət markası ilə markalanması üçün 302 adda dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib: “Dini ədəbiyyatlara nəzarət prosesinin bir istiqaməti də hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilir. Bu il ərzində hüquq-mühafizə orqanları ilə birgə respublikanın şəhər və rayonlarında dini ədəbiyyatın satışını həyata keçirən mağazalara və müvafiq obyektlərə baxışların keçirilməsi davam etdirilib və müvafiq razılıq alınmadan ölkəyə gətirilən və ya istehsal olunan zərərli dini ədəbiyyatın yayılmasının qarşısı alınıb.
Hüquq-mühafizə orqanlarından dinşünaslıq ekspertizasına göndərilən 348 adda dini təyinatlı ədəbiyyata və məmulat materiallarına baxılaraq, onlardan 62-nin zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib”. 
 
N.Məmmədovun sözlərinə görə, ölkədə yayılması məqsədəuyğun olmayan dini ədəbiyyatların son aqibətini isə Azərbaycan məhkəmələrinin qərarları müəyyənləşdirir: “İnzibati və ya cinayət məsuliyyəti yaradan dini ədəbiyyatla bağlı qanun pozuntusu zamanı məhkəmənin qərarı ilə dini ədəbiyyatlar müsadirə predmetinə çevrilir. Əksər hallarda məhkəmələrin müvafiq qərarları ilə müsadirə olunmuş qanunsuz dini ədəbiyyatlar Dövlət Komitəsində müvafiq saxlanca götürülür.
 
İdxalına razılıq verilməyən ədəbiyyatlar isə gömrük orqanlarında saxlanca götürülür,  ya idxal olunan ölkəyə geri göndərilir”. 
 
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1266

Oxşar yazılar