377
19:11
19 Avqust 2019

Yediyimiz çörək hansı hallarda zəhərə çevrilir - XƏBƏRDARLIQ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida rasionumuzda əsas yer tutan çörəklə bağlı maarifləndirici məlumat yayıb.

Lent.az məhsulun istehsalı və saxlanma qaydaları ilə bağlı bəzi məqamlara diqqət yetirməyin vacibliyini vurğulayan həmin yazını təqdim edir.

Digər qida məhsullarında olduğu kimi, temperatur, nəmlilik, mikroorqanizmlər, mal qonşuluğu prinsipinin pozulması çörəyin də keyfiyyətinə mənfi təsir göstərir. Təkcə ərzaq mağazalarında deyil, müxtəlif iaşə obyektlərində - restoran və kafelərdə mal qonşuluğunun pozulması, sanitar-gigiyenik norma və qaydalara əməl edilməməsi çörəyin tərkibinə təsirsiz ötüşmür. İstehsalla yanaşı, məhsulun daşınması zamanı da sanitar qaydalara riayət olunmalıdır. Məsələn, çörək kəskin qoxulu məhsullarla birgə daşınmamalı, çiy məhsullarla təmasda olmamalı, təmiz şəraitdə saxlanılmalıdır və sair.

Əsasən buğda və çovdar unundan hazırlanan çörəyin dünyada xeyli sayda növü var. Bu un məmulatı xəmirin hazırlanması və formasına görə də müxtəlif növlərə bölünür.

Azərbaycanda və dünyanın əksər ölkələrində ən çox yayılan birinci və ikinci növ buğda unundan hazırlanan çörəklərdir. Bu qida məhsulunun keyfiyyətinə gəlincə, onun içi tam bişməli və xəmir halında olmamılıdır. Əgər üzərinə barmaqla basdıqda nəm və ələ yapışqanlıq hiss edilirsə, demək məhsulun keyfiyyətində problem var. Çörəyin üzərinə yüngül toxunub buraxdıqda o öz əvvəlki formasına qayıtmalı, yumşaq olmalı və öz-özünə ovxalanmamalıdır.

Gün ərzində yeyiləcək çörəyin təzə qalması üçün qapaqlı qabda, sərin, qaranlıq və quru şəraitdə saxlanılmalıdır. İstər satış şəbəkələrində, istərsə də evdə çörəyin saxlanıldığı yer daim təmiz olmalıdır. Əks halda nəmlik çörəyin kiflənməsinə səbəb ola bilər. Çörək sellofan torbada saxlanılırsa və buxarlanmadan qaynaqlanan damcılar yaranırsa, mütləq oradan çıxarılmalıdır.

Bu qida məhsulu yalnız normativ-texniki sənədlərdə öz əksini tapan müddətədək satışa çıxarıla bilər. Buğda unundan hazırlanan çörəyin istifadə müddəti 24, çovdar unundan hazırlananların yarararlıq müddəti isə 36 saatdan çoх olmamalıdır. Çörəyin istifadə müddəti sobadan çıxarıldığı vaxtdan etibarən hesablanır.

Ticarət şəbəkələri və evlərdə rütubətli yerlərdə, kəskin iyli məhsullarla birgə saxlanılmamalıdır. Buna misal olaraq ətriyyatları, balıq və balıq məhsullarını, tütün məmulatlarını, sabunu qeyd etmək olar. Mütəxəssislər bildirir ki, çörək çox saxlanıldıqda tərkibində mikroorqanizmlərin inkişafı başlayır. Bakteriyalar vasitəsilə çörəkdə kartof xəstəliyi və kartof çöpləri yaranır. Belə olduqda həmin çörəklər yararsız hesab olunur və ondan istifadə etmək olmaz. Ticarət şəbəkələrində çörək havalandırma sistemi olan otaqlarda, təmiz, quru yerdə 20-25 dərəcədən yuxarı olmayan temperaturda saxlanılmalıdır. İstifadə müddəti bitdikdə, saxlama qaydalarına əməl olunmadıqda çörəkdə çəhrayı, qara, yaşıl, ağ və boz kif göbələkləri əmələ gəlir. Hansı ki, bu da insan orqanizmi üçün çox təhlükəlidir.