Azərbaycan Avropa üçün yeni qaz mənbəyinə çevrilir
30 iyul 2019 10:37 (UTC +04:00)

Azərbaycan Avropa üçün yeni qaz mənbəyinə çevrilir

 
Qısamüddətli perspektivdə Avropaya boru kəmərləri ilə nəql edilən qazın həcmi artacaq. Yeni qaz kəmərlərinin istismara verilməsi Avropa ölkələrinə əlavə 102,5 mlrd. kub metr qaz əldə eləməyə imkan verəcək.
 
Qaz İxracatçısı Ölkələri Forumundan (Gas Exporting Countries Forum – GECF) “APA -Economics”ə  verilən məlumata görə, 2020-ci ildə Cənub Qaz Dəhlizinin ikinci mərhələsinin (Tran-Adriatik qaz kəməri – TAP) istifadəyə verilməsindən sonra Azərbaycanın Avropaya boru kəmərləri ilə ixrac edilən qazın həcmi 16 mlrd. kub metr artacaq.
 
Məlumata əsasən, bundan əlavə 2019-2020-ci illərdə Avropaya nəql edəcək iki qaz kəmərinin istifadəyə verilməsi planlaşdırılır. Bunlarına arasında “Şimal axını-2” (55 mlrd. kubmetr) və “Türk axını” kəmərləri var (31,5 kub metr).
 
“Göstərilən üç layihənin boru kəməri 2018-ci ildə Avropanın qaz istehlakının 19%-ni təşkil edir”, - deyə məlumatda qeyd edilir.
 
Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Gələcəkdə kəmərin illik nəqletmə gücü 20 mlrd. kubmetrə artırılması planlaşdırılıb. TAP-ın inşasına başlanılandan bəri 88,5%-i işlər yekunlaşıb.
 
Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.
 
Xatırladaq ki, Azərbaycan qazı Avropa İttifaqı ölkələrinə Türkiyə ərazisindən keçən Trans-Anadolu qaz kəməri vasitəsi ilə nəql ediləcək. “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazını əvvəlcə Türkiyəyə, sonra da Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilmiş, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, cari ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub.
 
Bu il iyulun 1-dən Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP, tarixə eyni zamanda Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb. Türkiyə-Yunanıstan sərhədində TANAP ilə birləşəcək TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra, Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.

 

# 826
avatar

Oxşar yazılar