Bu gün rezidenturaya qəbul imtahanlarının 2-ci mərhələsi keçirilib - YENİLƏNİB
14 iyul 2019 16:08 (UTC +04:00)

Bu gün rezidenturaya qəbul imtahanlarının 2-ci mərhələsi keçirilib - YENİLƏNİB

 

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi), hərbi liseylərə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları keçirib.

 
DİM-dən Lent.az-a verilən məlumata görə, imtahanlar saat 11:00-da başlayıb. Rezidenturaya qəbul imtahanı 2 saat 30 dəqiqə, digər imtahan isə 2 saat davam edib.
 
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçıların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
 
İyulun 15-dən etibarən imtahan materiallarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
 
Qeyd edək ki, imtahan iştirakçılarının müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binasında) ünvanında fəaliyyət göstərəcək. Namizədlər Apelyasiya Komissiyasına 15-17 iyul 2019-cu il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

 

08:52

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirir.

Lent.az xəbər verir ki, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 11:00-da başlanacaq.

Bu gün, həmçinin dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna və hərbi liseylərə, Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları keçirilir.

Dövlət qulluğuna qəbul imtahanı saat 10:00-da başlanır və 3 saat davam edəcək. Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları isə saat 11:00-da başlanacaq.

İmtahanlarda ümumilikdə 2357 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanların idarə olunmasına 18 imtahan rəhbəri, 184 nəzarətçi ayrılıb.

# 765
avatar

Oxşar yazılar