173
10:46
01 İyul 2019

Çingiz Qənizadə seçicilərlə 40-cı görüşünü keçirdi

Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan İmişli rayonunun Ağamalılar kəndində seçicilərlə görüş keçirib.
Lent.az xəbər verir ki, görüş zamanı seçicilər deputatdan bir neçə məsələnin həll edilməsi ilə bağlı xahiş ediblər. Belə ki, Ağamalılar kəndi rayon mərkəzindən təxminən 51 km kənardadır. Bu yolun da yarısı bəndüstü və torpaq yollardan ibarətdir.
Görüş zamanı kənd camaatı rayon mərkəzinə gedib-gəlmək üçün çox əziyyət çəkdiklərini bildiriblər. Eyni zamanda, kəndə ayda bir-iki dəfə səyyar həkim briqadasının gətirilməsini xahiş ediblər. Deputat kənddə tibb məntəqəsinin olması üçün əlindən gələn köməkliyi edəcəyinə söz verib. Seçicilərin sözlərinə görə rayon mərkəzi 51 km uzaqda olduğu üçün şəkərli diabet xəstəsi olanlar hər ay gedib bu dərmanları ala bilmirlər.
Buna görə də sakinlərin xahişi kənd icra nümayəndəsi, yaxud da bələdiyyə sədri rayon tədbirlərinə gedərkən bu dərmanların alınması üçün səhiyyə şöbəsi ilə razılığın əldə olunması barədə olub. Deputat bu məsələni də nəzarətdə saxlayacağına söz verib. Əkin sahələrinin suvarılması üçün bir su nasosu olduğu və bunun da azlıq təşkil etməsi, eləcə də, su nasosunun qoyulmasına çox böyük ehtiyac olduğu deputatın diqqətinə çatdırılıb. Çingiz Qənizadə qaldırılan bütün məsələləri nəzarətdə saxlayacağına və həlli üçün əlindən gələni edəcəyinə söz verib. Daha sonra Çingiz Qənizadə son vaxtlar cənab prezident İlham Əliyevin imzaladığı sərəncamların əhəmiyyətindən danışıb. Son günlərdəki sosial yönümlü addımların insanlar üçün zəruriliyini qeyd edib. Deputat görülən işlərin davamlı xarakter daşıdığını da vurğulayıb.
Həmçinin Çingiz Qənizadə çıxışı zamanı seçicilərə Azərbaycana xarici dövlətlərin, beynəlxalq təşkilatların münasibəti, möhtərəm prezidentiminizn apardığı uğurlu daxili və xarici siyasəti, bu siyasəti görmək istəməyən qüvvələr və Azərbaycanın bütün sahələrdə qüdrətli dövlətə çevrilməsi, eləcə də parlament fəaliyyəti barədə ətraflı məlumat verib. Parlamentari sonda vətəndaşlarla fərdi qaydada görüşərək ərizələrini qəbul edib. Hər bir ərizənin araşdırılacağına və maksimum kömək ediləcəyinə söz verib.
Bununla da Çingiz Qənizadə 80 saylı İmişli-Beyləqan seçki dairəsinə daxil olan hər iki rayonun ümumilikdə 40 kəndində 2019-cu ildə nəzərdə tutduğu görüşləri tamamlayıb. Deputat 2019-cu il üçün nəzərdə tutulmuş görülərinə aprelin ilk günlərindən başlayaraq iyunun sonuna qədər 80 saylı İmişli-Beyləqan seçki dairəsinə daxil olan 40 kəndin hər birində ayrı-ayrılıqda görüşlər keçirərək seçiciləri ilə təmasda olub.