442
13:37
20 İyun 2019

Azərbaycanda arvadı tərəfindən DÖYÜLƏN KİŞİLƏR - Müdafiə proqramına ehtiyac varmı?

Azərbaycanda kişilər də məişət zorakılığına məruz qalır. Onların hansı formada zorakılığa məruz qaldığını isə çox zaman heç kim bilmir. Çünki kişilər bu mövzuda danışmağı xoşlamırlar.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzu ilə bağlı Lent.az -a açıqlamasında bildirib ki, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin açıqlamalarına görə, məişət zorkılığına məruz qalan kişilər 15 faiz təşkil edir.

M.Zeynalova hesab edir ki, kişilər daha çox psixoloji zorakılığa məruz qalırlar: “Ənənə formasında kişilərə qarşı psixoloji zorakılıq daha çox olur. Bu barədə isə əsasən, heç kim müzakirə aparmır. Əgər kişi evə çörək gətirmirsə, az pul qazanırsa, qadına daha çox diqqət və qayğı göstərmirsə qarşı tərəfdən psixoloji-verbal zorakılıq görür. Qaş-qabaq tökmək, deyinmək, hansısa formada ifadələr işlətmək bizdə ənənəvi formada var. Bu halı bezdirmək formasına qədər çatdırmaq da var. Hansısa məsələdə dözümlülük göstərmək, yaxud səbəbini araşdırmaq, öyrənmək və dəstək vermək kimi xüsusiyyətlər bizdə az hallarda olur”.

M.Zeynalova deyir ki, həyat yoldaşına dəstək verən, gücləndirən, problemi birgə aradan qaldırmağa səy göstərən ailələr də var: “Amma əksər hallarda biz qadınlar münasibətdə psixoloji olaraq zorakılığa əl atırıq. Fiziki zorakılığın 15 faiz olub-olmadığını deyə bilmərəm. Fiziki zorkılığın qadın tərəfindən törədilməsi çox da müşahidə olunan hal deyil. Bu münasibət daha çox alkoqol asılılığı olan adamlara qarşı ola bilir. O dərəcəyə çatdırlar ki, qadınlar ictimai yerdə, ətrafda nüfuzuna zərər gətirən hərəkətlərinə görə fiziki zorakılığı tətbiq edə bilər. Amma kişini döyüb, hansısa formada xəsarət yetirmək çox az hallarda ola bilir. Lakin belə faktlar da var”.

Kişilər psixoloji zorakılıqdan danışmır

M.Zeynalovanın sözlərinə görə, psixoloji zoraklığa məruz qalan kişilər bunu müzakirəyə çıxarmağı o qədər sevmirlər: “Hərdən sosial şəbəkələrdə kişilər müdafiəyə ehtiyacları olduğunu deyirlər. Bu sözlər zarafat qismində deyilsə də, arxasında həqiqətlər var. Qadın olaraq bəzən ailə münasibətlərində bir-birini dinləmək, onu çətinlikdən çıxarmaqda dəstək vermək yerinə psixoloji zorakılığa üstünlük veririk. Kişidən güclü olmağı, problemləri həll etməyi, qadına qiymət verməsini deyinmək yolu ilə tələb edir. Çətinlikləri kişinin başına vurur, başqa kişiləri nümunə göstərir, “sən niyə kişi olursan” kimi fikirlər səsləndirirlər. Bəzən kişidəki aqressiyanın arxasında belə hallar dayana bilir. Kişilərlə söhbət edirik. Onlar üçün də bir mərkəz mütləq lazımdır. Aqressiya törədən kişilər üçün və s.”.

Birlik sədri qeyd edib ki, hazırda kişilərin də psixoloq yanına getdiyi müşahidə olunur. Bunun yaxşı hal olduğunu deyən M.Zeynalova sadəcə olaraq qarşı cinsin bunu məxfi etməsi səbəbindən belə hallar barəsində xəbərsiz olduğumuzu deyir.

Psixoloq Azad İsazadə Lent.az -a bildirib ki, ailə zorakılğı təkcə fiziki yox, o cümlədən psixoloji, maddi və s. şəkildə olur: “Əgər kişinin xanımında əsəb pozuntusu varsa, hər şeyə əsəbləşirsə və həmin vaxt əlinə keçəni hirsləndiyi insana atırsa bu, zorakılıq kimi qiymətləndirilə bilər. Belə hallar olub ki, konkret qadında əsəb pozuntusu var və aqressiya formasında özünü büruzə verir. Kişilərə qarşı məişət zorakılığı o qədər geniş yayılmayıb. Bu sahədə hər hansı proqramın qəbul olunmasına ehtiyac yoxdur”.

Psixoloqun sözlərinə görə, məişət zorakılığı ilə bağlı qəbul olunmuş qanun ancaq qadınlara aid deyil: “Məişət zorakılığı haqqında qanun ailədə zorakılığa məruz qalan istənilən şəxsi-uşağı, ər-arvadı, nənə-babanı və s. əhatə edir”.

Qeyd edək ki, Almaniyanın Bavariya və Şimali Reyn-Vestfaliya federal torpaqlarının rəhbərliyi kişilərin məişət zorakılığından müdafiə proqramını elan edib.

Yeni proqrama əsasən, əvvəlcə zorakılıq qurbanları üçün qaynar xətt və onlayn məsləhət xətti açılacaq.

Daha sonra sığınacaqların və məsləhət mərkəzlərinin açılması nəzərdə tutulur. Bu proqramın gələcəkdə Almaniyanın bütün federal torpaqlarında qüvvəyə minəcəyi gözlənilir.

Almaniya polisinin təqdim etdiyi statistik məlumatlara əsasən burada 2018-ci ildə məişət zorakılığı qurbanlarının təxminən 18 faizi kişilər olub.

Onu da qeyd edək ki, mətbuatda tez-tez qadınlar tərəfindən döyülən kişilərlə bağlı məlumatlara rast gəlinir.

Məsələn, Sumqayıt şəhərində şəhər sakini, 1956-cı il təvəllüdlü Nəsib İsgəndər oğlu Abışov yaşadığı evdə arvadı tərəfindən döyülmüşdü.
Ağır bədən xəsarətləri alan N.Abışov hətta döyülmədən sonra xəstəxanaya yerləşdirilmişdi. Üstəlik N.Abışov təqaüddə olan polis əməkdaşı idi.
Bu kimi xəbərlərin siyahısını uzatmaq olar.