659
16:59
04 İyun 2019

Bayram plovunu belə hazırlamısız?- Usta öz sirlərini açır - Lent.az-ın mətbəxi

Bu gün Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə mətbəximizdə sosial şəbəkədə "Bizim Mətbəxdən" adlı səhifədə məşhur olan usta sizə Şah plovunun xüsusi hazırlanma üsulunu öyrədəcək:
Lazım olan ərzaqlar:
Qoyun əti - 500 qr.
Uzun düyü - 4 st.
Şabalıd - 200 qr.
Ərik - 200 qr.
Kişmiş - 200 qr.
Sarı alça turşusu - 150 qr.
Soğan - 3 ədəd
Kərə yağı - 6-7 xörək qaşığı
Lavaş - 10 ədəd (balaca)
Sarıkök - 1 çay qaşığı
Zəfəran - 1 çay qaşığı
Duz - zövqə görə
Hazırlanma qaydası:
Əvvəlcə şabalıdların hər iki tərəfini kəsib bir az su qaynadırıq və qaynatdığımız suya 1 çay qaşığı duz tökürük şabalıdları əlavə edirik. 20-25 dəqiqə şabalıdları qaynadıb ocaqdan götürürük. Sonra 2 stəkan soyuq suya 1 çay qaşığı sarıkök əlavə edib, qabıqlarını təmizlədiyimiz şabalıdları həmin suda saxlayırıq. Orta ölçüdə doğranılmış əti tavaya əlavə edib ocağın üstünə qoyuruq ki, öz suyunu salsın. Ət su salandan sonra ocağı artırıb 20-25 dəqiqə bişiririk. Suyu azalandan sonra duz, kərəyağı, və nazik doğranılmış soğanı ətin üzərinə töküb qarışdırırıq. Qapağını bağlayırıq ki, soğanlar yumşalsın. Ətlə soğanı birlikdə qovurduqdan sonra 1 qaşıq sarıkök və gavalı qurusu əlavə edilir. Başqa bir tava götürüb ərikləri qovururuq. Qızaran əriyə kişmişləri qatıb birlikdə qovururuq. Şabalıdları isə ayrı bir qabda, bir az yağ, bir çimdik duz töküb qovururuq.
Sonra suya 2 çay qaşığı duz töküb qaynadırıq. Sonra isladılmış düyünü əlavə edirik. Düyü yumşalandan sonra süzürük. Ayırdığımız lavaşları yağlayaraq dəmə qoyduğumuz aşın dibinə düzürük. Növbəti mərhələdə 2 ədəd lavaşı qazanın dibinə yerləşdiririk və qalanlarını qıraqlarına düzürük.
Düyünün üzərinə zəfəranı səpirik. Birinci qata düyünü yayırıq və üzərinə qovurulmuş ərik, kişmiş və şabalıd düzürük. Sonra növbəti qat düyünün üzərinə qovurulmuş ət əlavə edirik. Daha sonra qalan düyünü tavaya əlavə edib üzərinə 1-2 xörək qaşığı kərə yağı tökürük.
Kənardakı lavaşlar və əlavə 2 lavaş düyünün üstünə qoyularaq nazik falqa ilə bükülür. Hazır olan plovu əvvəldən isidilmiş sobaya qoyuruq ki, lavaşlar bir az qızarsın. Sonra tavanı plovu servis edəcəyimiz qabın üzərinə çeviririk. Artıq plovumuz hazırdı.
Hər kəsə nuş olsun!