Kədər qarışıq təbəssüm, ilk uğurun sevinci, anaların göz yaşları... – <span style="color:red;">REPORTAJ
31 may 2019 18:26 (UTC +04:00)

Kədər qarışıq təbəssüm, ilk uğurun sevinci, anaların göz yaşları... – REPORTAJ

Bakıda Füzuli küçəsi 65 ünvanında “Uşaqların sağlam gələcəyi” adlı bir təşkilatın qərargahı var.

 

Uzunsov, dar dəhlizdən keçib, hər iki tərəfdəki kiçik-kiçik otaqlara nəzər salırsan... Hər birində 1 yaşından tutmuş 7 yaşına qədər uşaqlar müxtəlif fiziki, zehni, psixoloji müalicələrə cəlb olunub. Bəzi otaqlarda isə uşaqlar rəsm çəkməklə məşğul olur, müəllimləri onlara ürəkləri istəyən rəsmi kətana köçürməkdə köməklik göstərirlər. Belə uşaqlar adətən analarının rəsmini çəkməyi arzulayırlar. Arzularına qovuşanda isə onların üzündəki təbəssümü dünyada heç nə ilə, başqa heç bir sevinclə əvəz etmək olmaz.

 

Mərkəzdəki uşaqlar musiqi alətlərində ifa etməyi də öyrənirlər. Mahnı oxuyurlar. Onların konsertləri belə keçirilir.

 

Danışdığım uşaqlardan biri dedi ki, mən burda uşaqlıqda (indi 13 yaşı var) olmuşam, idmanla məşğul olurdum. Hansı idman növü ilə məşğul olduğunu isə xatırlamadı. Aida müəllimə əlavə etdi ki, uşaq fizioterapiyaya idman deyir: “Bizdə müalicə keçib, indi burdan ayrıla bilmədiyi, tez-tez gəlmək istədiyi üçün anasına demişik ki, nə vaxt istəsə gətir, musiqi ilə məşğul olsun”.  

 

Musiqi ilə məşğul olmaq isə piano müəlliməsinin müşayiəti ilə mahnı oxumaqdır onlar üçün.

 

Abdin adında başqa bir uşaq da yaşı 7-ni keçsə də hələ mərkəzə gəlir. Ayaqlarında problem, var, zehni inkişafdan da geriliyi müalicə olunur.

 

- Abdin, olar əyləşəsən, söhbət edək?

 

- Yox, ayaq üstündə durum, söhbət edək...

 

- Yaxşı, danışdıq. Hardan gəlirsən bu mərkəzə?

 

- Bakıdan...

 

- Burda nə öyrənirsən?

 

- Öyrənirəm ki, düzgün oturmaq, üst-başını təmiz saxlamaq lazımdır. Bir də mahnı oxuyuram. Öyrədirlər ki, xaric oxumayım.

 

- Məktəbə gedirsən?

 

- Yox, evdə müəllim dərs keçir.

 

- Sənə dərslərində uğurlar, Abdin.

 

- Sağ olun.

 

Qeyri-adi müəllimlər

 

Burda çalışan müəllimlər də başqa elm-təhsil müəssisələrindəki müəllimlərdən fərqlidir. Daha mülayim, daha həssas və qayğıkeşdirlər. Mərkəzin rəhbəri onların bu yönümdə sınaqdan keçib, sonra kurslara cəlb olunduqlarını bildirdi. Ürəyimdən keçdi ki, kaş, bütün orta ümumtəhsil məktəblərində işləyən müəllimlər belə sınaq və kurslardan keçsinlər. Axı, onlar uşaqlarla işləyirlər, fiziki, zehni cəhətdən inkişafdan geri qalmayan uşaqların da qayğıya və sevgiyə ehtiyacları var.

Hə, yeri gəlmişkən, mərkəzdə valideynlərlə də iş aparılır. Aparılmalıdır da, çünki bəzən belə uşaqların valideynləri onlarla düzgün rəftar etmədiklərindən ailədə faciəvi hadisələr baş verir, ailə gərginlikdə yaşayır.    

 

“Uşaqların sağlam gələcəyi” İctimai Birliyi 2005-ci ildə yaranıb. Mərkəzin rəhbəri Arzu Rüstəmova Uşaq Bərpa Mərkəzinin həkimi olub. Orda hər gün şahidi olub, o problemləri yaşayıb ki, valideynlər fiziki və əqli cəhətdən inkişafdan geri qalmış uşaqları Mərkəzə gec gətirirlər. Ya əvvəldən bunu hiss etmirlər öz övladlarında, ya da hara müraciət edəcəklərini bilmirlər. Nəticədə bəzən düzəldilməsi mümkün olan, müalicəsi olan qüsurları belə aradan götürmək artıq  mümkünsüz olur.

 

Mərkəz öz təşəbbüsü ilə göz, qulaq həkimləri, terapevt və psixoloqdan ibarət pediatr qrupu yaradıb, uşaq müəssisələrindəki uşaqları müayinədən keçirib, lazımi müalicəni aparırmış. Bu təşəbbüs qrupu bir gün yığışıb qərara alır ki, belə bir təşkilatın yaradılmasına ehtiyac var. Həkimlər öz aralarından Arzu xanımı inzibati və təşkilati işləri yaxşı bildiyinə görə irəli çəkirlər. Beləliklə, söhbət açdığımız “Uşaqların sağlam gələcəyi” birliyi yaradılır.

 

Birlikdə işləyən müəllim və həkimlər, psixoloq və psixiatrlar belə müəssisədə işləmək üçün xüsusi təlim kurslarından keçib, işə başlayırlar. Onların missiyası bura gələn uşaqları həm psixo-pedaqoji korreksiyadan keçirmək, həm onların sosiallaşmasına yardım etmək, həm də müalicə etməkdir. Belə uşaqlar yalnız fiziki müalicə ilə həyata qayıda bilməzlər.

 

Mərkəzin rəhbərinin dediyinə görə, Amerikada təcrübədə olanda belə müəssisələrin hamısında olub. Orda çalışan mütəxəssislərdən yeddi nəfəri Azərbaycana dəvət ediblər, bir həftə ərzində burdakı işçilər onların təlimlərində iştirak ediblər.

 

Onların da bayramı idi

 

2005-ci ildən mərkəzdə 4 minə yaxın uşaq müalicə və reabilitasiya olunub və bu gün də olunmaqdadır.

 

Bu gün isə mərkəzdə özəl gün idi. 1 iyun Uşaqların Beynəlxalq Müdafiə günü qeyd edilirdi. Həm də mərkəzdə məktəbəqədər hazırlıq keçmiş uşaqların buraxılışı bu günə salınmışdı. Mərkəzin dar dəhlizlərini uşaqların mahnı və şeirlərinin səsi götürmüşdü. Elə həvəslə bağçaya, məktəbə aid mahnılar oxuyur, şeirlər deyirdilər ki...

 

Müəllimə sevinclə bizə məlumat verdi ki, bu uşaqlardan 21-i xüsusi məktəblərdə deyil, bütün uşaqların getdiyi ümumtəhsil məktəblərində təhsil alacaqlar: “Onlara ilkin vaxtlardan, 1 yaşlarından burda qoyulan diaqnoz və keçdikləri bərpa prosesi nəticəsində buna nail olmuşuq”.

 

Bayaq mərkəzin rəhbərinin niyə təkrar-təkrar düzgün diaqnoz, sonra bərpa prosesi deməsinin mahiyyətinə indi vardım.

 

Tədbirin sonunda uşaqlara sertifikatlar da verildi. İlk uğurlarından qazandıqları sertifikatları əllərində qaldırıb, sevinclə şəkil çəkdirirdilər. Laçın adlı 7 yaşlı qız deyir ki, 46 saylı məktəbdə təhsil alacaq: “Burda isə hazırlıq keçirəm ki, dərslərimdən geri qalmayım”.

 

Uşaqlardan bəziləri nə şəkil çəkdir, nə də tədbirin gedişatına qoşulurdu. Müəllimə “onlar təzə gələnlərdir” - dedi, - onlarla sosiallaşmaları üçün ilk növbədə məşğul olunacaq.

 

Uşaqların sevinci onların tədbirdə iştirak edən analarının göz yaşları ilə müşayiət olunurdu. Onları kövrəldən indiyə qədər heç bir bacarığı olmayan, bir küncdə büzüşüb qalan övladlarının məktəbə gedə biləcəyinin sevinci idi. Həssas mövzudur. Mərkəzdən müxtəlif hisslərlə və “Tanrı bütün balaları pənahında saxlasın” alqışı ilə ayrıldım...

# 2099
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar