<b>Qazaxıstan – hakimiyyətdə demokratiyanın zəfəri</b>
27 may 2019 19:27 (UTC +04:00)

Qazaxıstan – hakimiyyətdə demokratiyanın zəfəri

Bu ilin martında Qazaxıstanda zəruri bir proses - hakimiyyət tranziti başlandı. Ölkə rəhbəri Nursultan Nazarbayev rəsmən prezidentlik səlahiyyətlərindən imtina etdi. Mövcud Konstitusiyanın tələblərinə uyğun olaraq, həmin səlahiyyətlər Senatın spikeri Kasım-Comərd Tolayevə verildi. Çox keçmədən ölkədə növbədənkənar prezident seçkilərinin vaxtı elan edildi. Və o vaxta artıq lap az qalıb. İyunun 9-da qazax xalqı öz yeni prezidentini seçəcək. 
 
 
Əslində Qazaxıstan postsovet ölkələri arasında özünəməxsusluğu ilə seçilir. SSRİ dağılandan sonra, bu respublika dərhal çoxverktorlu siyasi kursa üstünlük verərək, özünün siyasi, iqtisadi və çoxmillətli sistemini saxlamaqla ərazidə stabilliyi qoruya bildi. Ölkənin tezliklə dağılıb parçalanacağını təxmin edənlər də gördülər ki, Qazaxstan rəqabətə davamlı ölkələr cərgəsinə inamla daxil oldu. Bəzi postsovet məmləkətlərindən fərqli olaraq, daxildə qanlı-qadalı  qarşıdurmalara, vətəndaş müharibələrinə, milli və dini zəmində iğtişalara yol vermədi, həm də özünü rəngli inqilablardan qoruya bildi. Xaricdən və ölkə daxilindən vəziyyəti pozmaq cəhdləri vaxtında zərərsizləşdirildi, ekstremist qurumların təcavüzlərinin qarşısı qətiyyətlə alındı.
 
 
Nursultan Nazarbayev 30 ilə yaxın, yəni bütün müstəqillik dovründə ölkəyə rəhbərlik etdi. Heç şübhəsiz, rəhbərliyin bu müddətdə dəyişilməz qalması faktı birmənalı qarşılanmadı. Mövzunu daim gündəmdə saxlayan müxalifət mətbuatı “varis” əməliyyatı barədə iddialar irəli sürür, ölkədə monarxiya sisteminin quraşdırılacağı barədə proqnozlar verirdi. Təhlilçilər isə söyləyirdilər ki, guya Elbası (Nazarbayevin rəsmi və qanunçuluqda qəbul olunmuş titulu) fiziki baxımdan artıq ölkəni idarə edə bilməyəcək. Ancaq bu ehtimalların heç biri özünü doğrultmadı. Ali səlahiyyətlərin prezident, hökümət və parlament qolları arasında bölünməsini təsbit edən ciddi islahat başa çatdıqdan sonra Nazarbayev şəxsən hakimiyyətin ötürülməsini bir təşəbbüs kimi irəli sürdü və bu təşəbbüsün son dərəcə demokratik üslubda, yəni prezident seçkiləri yolu ilə həyata keçirilməsini təmin etdi. 
 
 
Nazarbayevin praqmatik təşəbbüskarlığına ilk səs verən vətəndaş cəmiyyəti oldu. Aprelin 22-də MSK-ya ilk ərizə göndərən prezidentliyə namizəd jurnalist və yazıçı, ictimai xadim və milli idman hərəkatının təbliğatçısı Sadibek Tugel oldu. O, “Ulı Dala Qırandarı” Respublikaçılar hərəkatının namizədi kimi seçkilərə qatılacaq. 
Tugelin həmkarı, ictimai xadim və jurnalist, sabiq baş nazir Alejan Kajegekdinin sabiq mətbuat katibi Amirjan Kosanovun namizədliyini isə “Ult Taqdiri” ictimai birliyi irəli sürdü. Vətəndaş cəmiyyətinin üçüncü iddiaçısı isə parlamentin sabiq depupatı Amangəldi Taspixovdur. Onun namizədliyini ölkənin Həmkarlar Federasiyası dəstəklədi. 
 
 
Qarşıdan gələn seçkilər ölkədə böyük canlanma yaranmasına səbəb oldu. Siyasi təşkilatlar meydanında müşahidə olunan fəallıq məhz bunu söyləməyə əsas verir. Bu çağacan Nursultanda (keçmiş Astana) bir sıra növbədənkənar qurultaylar keçirildi. Hər qurultayın gündəliyindəki əsas məsələ, heç şübhəsiz, namizədlərin irəli sürülməsi idi. 
Adətən özünün passivliyi və süstlüyü ilə diqqət çəkən “Auıl” Xalq-demokratik vətənpərvərlər partiyası müəllim, professor Toleutay Raximbekovu namizəd etdi. Xatırladaq ki, bu namizəd vaxtilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb. Partiya sədri Əli Beketovun  dediyinə görə, prezident seçkilərinə qatılmaqda məqsədləri odur ki, həmvətənlər partiyanın amorf qurum deyil, fəal qüvvə olmasını qəbul etsinlər. Yəni hamı görsün ki, partiya vacib ictimai-siyasi kampaniyalarda iştirak edirsə, demək kifayət qədər gücü və imkanları var. 
 
 
Qazaxıstanın “Leqal müxalifəti” olan Ümummilli social-demokrat partiyası isə əvvəlcə jurnalist, ictimai xadim Yermutrat Bapini seçkilərdə öz namizədi kimi bəyan etdi, sonra isə müraciətini geri götürdü. Bu partiya ümumən seçkilərdə iştirak etməyəcək. 
Parlamentdə təmsil olunmuş “Ak jol” Demokratik Partiyası deputat Daniya Yespayevanın namizədliyini irəli sürdü. Yespayeva kampaniyada iştirak edən yeganə xanımdır.  Ekspertlər bu təşkilatdan digər üzvü – Azat Peruaşevi namizəd kimi görürdülərsə də, bu proqnoz düz şıxmadı. Öz namizədliyini geri götürən Peruaşev vəziyyəti bu cür açıqladı – Biz gərək köhnə təcrübədən uzaqlaşaq. Partiya və onun rəhbəri – eyni şey deyil. “Ak jol” təkcə liderdən ibarət deyil, bu təşkilatın çoxsaylı aktivi var və onların arasında xeyli layiqli namizəd var. Rəqabətsiz nə iqtisadiyyatda, nə siyasi aləmdə irəliləyiş ola bilməz. Əgər biz həqiqətən inkişaf etmək istəyiriksə, gərək rəqabətə meydan verib yeni-yeni simaları üzə çıxaraq”. 
 
 
Araşdırmaçıların fikrincə, daha bir akjolçu - Talqat Yerqaliyev də yeni simalar arasında yer ala bilərdi, lakin partiya silahdaşları onun  namizədliyinin irəli sürülməsinə mane oldular. Onların fikrincə, Yespayeva daha uğurlu namizəddir. Buna görə də Yerqaliyevin iştirakını “Qazaxstan inşaatçılar ittifaqı” öz üzərinə götürdü.            
Qazaxıstan Kommunist Xalq partiyası isə ənənəvi yolla hərəkət etməyə üstünlük verdi. Qeyd edək ki, kommunistlərin namizədi Jambıl Axmetbekov 2011-ci il prezident seçkilərində üçüncü yerdə qərar tutmuşdu. 
“Nur Otan” partiyası isə yekdilliklə hazırki prezidentin namizədliyini  dəstəklədi. Hakim partiyanın namizədinin adını şəxsən Nursultan Nazarbayev səsləndirdi. Bu fakt bir daha göstərir ki, Nazarbayev postundan könüllü getsə də siyasətlə vidalaşmaq fikrində deyil. 
 
 
-Qasim-Comərd Tokayev müstəqilliyin ilk günlərindən mənimlə çiyin-çiyinə çalışıb, - Nazarbayev dedi. – Gəlin onu dəstəkləyək”.
Nazarbayevin bu sözləri elə gur alqışlandı ki, eks prezident təəccübünü gizlətmədən zarafat da elədi: “Biz yeni prezident seçirik, siz isə elə reaksiya verirsiniz ki, guya yenidən məni seçirsiniz…”.
 
 
Nahaq yerə demirlər ki, hər zarafatda bir həqiqət də olur. Namizəd Tokayev söz verdi ki, birinci posta yiyələnsə, Nazarbayevin hərtərəfli inkaşafa hesablanmış strateji kursunu davam etdirəcək. 
Digər namizədlər dərhal vergi sisteminin dəyişilməsi, sosial islahatların genişlənməsi, milli valyutanın devalvasiyasının qarşısının alınması kimi populist vədləri gündəmə gətirdikləri halda, Tokayevin konkret baxışları ən uduşlu strategiya kimi qiymətləndirilə bilər. O, əhalinin böyük əksəriyyətinin ürəyincə olan prioritetləri vacib sayırsa, deməli yenə də həmvətənləri üçün ən vacib olan sülh və stabilliyi təmin etməyə israrlıdır. 
 
 
Nursultan Nazarbayevin siyasətini dəstəkləyən insanları anlamaq çətin deyil. İnsanlar müəyyənlik, konkretlik və uğurlu siyasi kursa dəstək verirlər. Çünki ölkənin yaxın qonşularının təhlükəli nümunələri göz qabağındadır. Rəngli inqilablar bir daha göstərdilər ki, çevrilişlər bir qayda olaraq çatışmazlıqların konservasiyası ilə nəticələnir. 
 
Ölkədə bəzi çətinliklər və problemlər olsa belə, Qazaxıstan qeyd-şərtsiz post-sovet məkanının liderlərindən biridir. Xalqı düşündürən bir məqam da var - hakimiyyətə islahatçı bir rəhbər gəlsə, mövcud vəziyyəti qoruyub saxlaya biləcəkmi? 
Əsas məsələ də bax budur.
 
 
Mikayıl Həsənli, politoloq
# 1799
avatar

Oxşar yazılar