<span style="color:red;">Cəbi Bəhramov : "Ordusu, pulu olmasa da, ürəkləri Vətən sevgisi ilə dolu olanlar bu dövləti yaratdılar" - <span style="color:red;">MÜSAHİBƏ
27 may 2019 21:00 (UTC +04:00)

Cəbi Bəhramov: "Ordusu, pulu olmasa da, ürəkləri Vətən sevgisi ilə dolu olanlar bu dövləti yaratdılar" - MÜSAHİBƏ

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramovun Lent.az-a müsahibəsi.

 

- Cəbi müəllim, XX əsrin əvvəllərində - Azərbaycanın müstəqilliyinə gedən dövrdə hansı tarixi hadisələr baş verirdi?  

 

- Çar Rusiyasının Azərbaycan ərazisini işğal etməsindən sonra 1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqını iki yerə parçaladı. O zaman ümumi sahəsi 440 min kvadrat km-dən çox olan tarixi Azərbaycan torpaqları iki yerə bölüşdürüldü. Rusiyanın müstəmləkəsinə çevrilən Şimali Azərbaycana XIX əsrin ikinci yarısında xalqımıza düşmən kəsilən ünsürlər köçürülməyə başlandı. Onların içində ermənilər birinci yerdə dayanır. 1917-ci ilin fevralında Rusiyada baş verən inqilabdan sonra çarizm süqut etdi. Həmin dövrdə həm də I Dünya Müharibəsi gedirdi. 1917-ci ilin oktyabrında ruslardan olmayan bolşeviklərin hərbi çevrilişi nəticəsində Rusiyada hakimiyyət kommunistlərin əlinə keçdi.

Bütün bu təhlükələri görən və millətini düşünən insanlar 1918-ci ilin mayında Şimali Azərbaycan torpaqlarında dövlət müstəqilliyimizi elan etdilər.

 

- Azərbaycan tarixşünaslığında Xalq Cümhuriyyəti ilə bağlı araşdırmalara nə vaxtdan başlanılıb?

 

- Müstəqilliyə gedən yol məsələsi Azərbaycan milli tarixşünaslığında ilk dəfə hələ keçən əsrin 60-cı illərində tarix üzrə elmlər doktoru, professor, hazırda Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi Dilarə Seyidzadə tərəfindən tədqiq olunub. Cümhuriyyəti yaradan şəxslərin fəaliyyətini əks etdirən əsəri yazan Dilarə Seyidzadədir. Onun bu tarixlə bağlı sonuncu - “Azərbaycan XX əsrin əvvəlində-müstəqilliyə gedən yol” əsəri 3 dildə nəşr olunub. Həmin əsərdə xalq cümhuriyyətinə gedən yol ətraflı şəkildə araşdırılıb.

1990-cı ildə Tarix İnstitutunda bir qrup yaradıldı. 1991-ci ildən isə Azərbaycan Xalq Cümhuriyyəti şöbəsi fəaliyyət göstərir. Artıq 30 ilə yaxındır ki, AXC tarixi çox geniş şəkildə tədqiq olunur. Bütün istiqamətlər öyrənilir. 1918-20-ci illərin ilk obyektiv elmi tədqiqi 1993-cü ildə nəşr edilən “Azərbaycan tarixi” (1920-ci ilə qədər olan dövrü əhatə edir) kitabında verildi. O zaman müstəqilliyimizin cəmi iki ili tamam olmuşdu. Sonrakı illərdə geniş tədqiqat işləri aparıldı və çoxsaylı əsərlər nəşr olundu. Cümhuriyyətin 80 illiyi ilə bağlı çoxsaylı əsərlər nəşr olundu. Tarix İnstitutunda iki dildə “Azərbaycan Xalq Cümhuriyyəti” adlı əsər nəşr olundu.

1998-2003-cü illərdə 7 cildlik “Azərbaycan tarixi” nəşr olundu. Kitab dəstinin V cildində ayrıca bir bölmə Cümhuriyyət tarixinin tədqiqinə həsr olunub. 2004-2005-ci ildə institutun direktoru Yaqub Mahmudovun rəhbərliyi ilə ikicildilk “Azərbaycan Xalq Cümhuriyyəti” ensiklopediyası nəşr olunub. Prezident İlham Əliyevin tapşırığına əsasən əsər ikinci dəfə nəşr olunub. O əsərə də Cümhuriyyət tarixi ilə bağlı məlumatlar daxil edilib. Cümhuriyyətin 85, 90, 95 və 100 illikləri ilə bağlı konfranslar keçirilib, tədqiqatlar olunub.

Bütün bunların bizim milli tariximizdə əhəmiyyəti nədir? Tarixi bilməyən, öyrənməyən millətin gələcəyi yoxdur. Cümhuriyyət dövrü bizim tariximizdə şərəfli və qiymətli səhifədir. Cümhuriyyəti yaradan insanlar qarşılarına qoyduqları məqsədə nail oldular. Dövləti yaratdılar. Millətə azadlığın nə olduğunu anlada bildilər.

 

- AXC-nin süqutundan sonra ölkədə hansı proseslər başladı?

 

- Təəssüflər olsun ki, Avropanın yırtıcı, vəhşi  dövlətlərinin və onlara qoşulan sovet hökumətinin rəhbərləri AXC-ni yaşamağa qoymadılar. Çar Rusiyasının Azərbaycan xalqına vurduğu ən ağır zərbə onu iki yerə parçalaması, tarixi torpaqlarına - İrəvana, Naxçıvana, Zəngəzura, Qarabağa və digər ərazilərə zəhər nümunəsi olan ermənilərin köçürülməsi idi. Sovet Rusiyası 1918-ci ildə Azərbaycanda ermənilərin əli ilə xalqımıza qarşı soyqırım cinayətini törətdi, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini təhdid edərək işğal etdi. 1920-ci il aprelin 29-dan 1921-ci ilin avqustun 21-dək Azərbaycanda 48 min nəfəri güllələdilər. 1936-37-ci illərdə Azərbaycanda 80 minə qədər insan güllələnib və repressiyaya məruz qalıb. 1941-45-ci illər müharibəsi zamanı 700 min insan səfərbər olunub. Onun 350 min nəfəri geri qayıtmayıb. 1948-53-cü illərdə SSRİ-nin qərarlarında Qərbi Azərbaycan torpaqlarından, Ermənistan SSR adlanan ərazidən 100 min nəfərin köçürülməsi əks olunsa da, 52 min nəfəri köçürə bildilər. 1918-20-ci illər və 1921-1929-cu illər ərazi baxımından Azərbaycan üçün ən faciəli dövrdür.

1918-ci ildə cümhuriyyəti yaradanlar mayın 29-da acı bir zərurətdən humanizm göstərərək, ermənilərə (Ermənistana deyil) İrəvan şəhəri və onun ətrafında olan 9 min kvadrat kilometr torpağı güzəştə getdilər. Bunun müqabilində xalqımıza qarşı erməni faşizminin iç üzünü gördük. Faşizm cərəyanı 1922-ci ildən sonrakı dövrə aid edilsə də, Azərbaycan xalqı bu faşizmi 1918-20-ci illərdən öz üzərində hiss edir. Bu proses indiyə kimi davam edir. Dünya xalqları, o cümlədən yəhudilər alman faşizmini 1933-cü ildən 1945-ci ilə qədər görmüşdülərsə, Azərbaycan xalqı ermənilərin simasında erməni faşizmini, nasizminin bütün əlamətlərini 1918-20-ci iillərdən bu günə qədər görür. Bu faşizmin nəticəsində 2,5 milyona yaxın azərbaycanlı həyatını itirib. Bu, faktdır.

Cümhuriyyətin tarixini tədqiq edən alimlər ilk növbədə onu göstərməyə çalışırlar ki, bu xalq nəinki dövlət yaratmaq, o cümlədən dövlət idarəçilik mexanizmi yaratmaq, onu idarə etmək və yaşatmağı bacarır. AXC-ni yaradanlar o qədər pak və təmiz insanlar idi ki, onların amalı hansısa bir vəzifəni tutmaq deyil, vətənə xidmət etmək idi. Və bunun öhdəsindən bacarıqla gəlirdilər. Topçubaşovun, Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Xəlil bəy Xasməmmədovun və digərlərinin timsalında bunu deyə bilərik.

 

- AXC-nin İrəvanı güzəştə getməsinə birmənalı olmayan yanaşma hər zaman davam edir...

 

- AXC İrəvanın verilməsi məsələsində çıxılmaz vəziyyətə düşmüşdü. Bir çıxış yolu var idi: nəyisə güzəştə getməklə müstəqilliyi bərpa etmək. AXC-ni yaradanlar onu heç nədən yaratdılar. Ordusu, pulu olmasa da, ürəkləri Vətən sevgisi ilə dolu olduğu üçün bu dövləti yaratdılar.

İrəvan söhbəti 1918-ci il mayın 23-dək müzakirə olunmayıb. O zaman Türkiyənin özü ağır vəziyyətdə idi. Qərb dövlətləri çalışırdılar ki, Türkiyə ermənilərə yer ayırsın. Türkiyə buna razı ola bilmirdi. Hətta Azərbaycanın ərazisində yer ayrılmasına razı olmayan çox nüfuzlu qüvvələr - Tələt paşa, Ənvər paşa var idi. Müzakirələrdə Tələt paşanın saqqızını oğurlaya bildilər və nəhayət, Türkiyə ərazisindən kənara çıxmaq şərtilə ermənilərə gələcəkdə yaşaya bilməyəcək bir dövlətin qurulması haqqında fikir mübadiləsi olub. Bundan istifadə edən Türkiyənin ədliyyə naziri Xəlil bəy Menteşe 23 may 1918-ci ildə M.Ə.Rəsulzadənin və Məhəmmədhəsən Hacınskinin iştirak etdiyi danışıqlarda yumruğunu masaya vurub, Azərbaycanın müstəqilliyinin İrəvandan keçdiyini deyir. Belə bir çıxılmaz vəziyyətdə İrəvan ermənilərə güzəştə gedilir. Ermənilərin içində İrəvanla bağlı yekdil fikir yox idi. Onlar Şərqi Anadolu ərazilərindən istəyirdilər. Amma təəssüf ki, həmin oyunun daşı bizim başımıza dəydi. Türkiyə ilə ermənilər arasında bağlanan məxfi müqavilənin 6-cı maddəsində 4 bənd var. Şərtlərə görə, İrəvanda müsəlman əhali yaşayacaq, mədəni muxtariyyəti olacaq, məscidlər qorunacaq, ana dilində təhsil olacaqdı. Ermənilər bu şərtlərin heç birinə əməl etmədilər. İndi Qərbi Azərbaycan ərazisində bir nəfər azərbaycanlı yoxdu. Bundan başqa, oradakı bütün toponimlər dəyişdirilib. Bizə məxsus abidələr məhv edilib. Bunun adı erməni nasizmidir. Bu nasizm gələcəkdə yalnız Türkiyə, Azərbaycan üçün deyil, İran, Gürcüstan və onu himayə edən Rusiya üçün bəladır. Artıq Rusiya alimləri də bu bəlanın baş verəcəyini deyirlər.

 

- Cümhuriyyəti quranlar 23 aya böyük bir tarix sığışdırdılar. Bu qədər zəngin biliyi, vətənpərvərliyi o dövrün müstəmləkə ölkəsində necə formalaşdıra bilmişdilər?

 

- Onlar zamanı qabaqlamışdıar. AXC Parlamentinin 1918-ci il dekabrın 7-dən ta süqutuna qədərki dövrünə baxanda fasiləsiz nə qədər iclaslar keçirildiyini görürük. Milli Arxiv İdarəsi 1998-ci ildə parlamentin bütün sənədlərini 7 cilddən ibarət kitabda çap etdi. Kitablarla tanışlıq göstərir ki, 23 ay ərzində bu dövlət çox böyük işlər görüb. Onun parlamenti çox böyük qərarlar qəbul edib. Millətinə milli kimliyini tanıdıb. AXC-ni yaradan şəxsləri 1920-ci illərdə məhv etsələr də, müstəqillik ideyası xalqın içində yaşadı. Apardığımız tədqiqatlar, aşkar olunan arxiv materialları bunu sübut edir. Ona görə də bugünkü Azərbaycan Respublikası Cümhuriyyətin varisidir. O dövrdə iqtisadiyyatımızın, mədəniyyətimizin, elmimizin, təhsilimizin inkişafı üçün qısa vaxtda çox böyük qərarlar qəbul olunub. Bu gün onu öyrənmək, tədqiq edib yeni nəsillərə çatdırmaq tarixçi alimlərin vəzifəsidir.

Son 12 il ərzində Tarix İnstitutunda çox geniş miqyaslı tədqiqat işləri aparılıb. İnstitutun direktorunun rəhbərliyi altında “Azərbaycan tarixi arxiv sənədlərində” layihəsi əsasında sayı 100 minlərlə hesablanan arxiv sənədləri, o cümlədən Cümhuriyyət tarixinə aid olan sənədlər Fransa, Almaniya, Böyük Britaniya, Hindistan, Gürcüstan, Türkiyə, Rusiya, Türkmənistan və digər ölkələrin arxivlərindən Azərbaycana gətirilib.

İndi təkcə Cümhuriyyətin siyasi, sosial-iqtisadi, mədəniyyətimizlə bağlı siyasətini deyil, Cümhuriyyəti yaradan şəxsiyyətlərin fəaliyyətini əks etdirən əsərlərin yazılması ilə məşğuluq.

O dövrdə bu cür vətənpərvər insanlar necə yetişə bildi sualının cavabını tapmaq üçün 1906-cı ildə Birinci Dövlət Dumasına seçilən İsmayıl xan Ziyadxanovun çıxışını oxuyun. Çox sərt şəkildə çar hakimiyyətini ittiham edib. Cümhuriyyətçilər Rusiyanın ali məktəblərini bitirmişdilər. Riyaziyyat, fizika fakültəsini bitirənlər var idi. Amma əksəriyyəti hüquqşünas idi. Onlar çar hökumətinin yeritdiyi müstəmləkə siyasətini bilirdi. Topçubaşov kimi insan Həsən bəy Zərdabinin kürəkəni idi. Bu, təsadüfi deyildi. Onlar çox zəngin bir mədəniyyətin nümayəndələri idi. Ona görə də müstəmləkə ilə barışmırdılar. Eləcə də Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski və başqaları. Rəsulzadənin universitet təhsili olmasa da, çox savadlı insan idi. O dövrdə siyasi bir partiyanın lideri olmaq elə də asan deyildi. M.Rəsulzadə buna nail olmuşdu.

 

- Cümhuriyyətçilərin sonradan Türkiyədə Cümhuriyyətin qurulmasında böyük rolu olub. Bununla bağlı tədqiqatlar aparılırmı?

 

- Türkiyədə Cümhuriyyətin qurulmasında təkcə AXC-ni yaradanlar deyil, bizim hərbçilərimiz də iştirak ediblər. Azərbaycanın ziyalıları, Cümhuriyyətin yaradılmasında, Türkiyənin istiqlal mübarizəsində Atatürkün yanında olublar.

Belə bir dissertasiya mövzusu vermişik, bununla bağlı tədqiqat aparılır. Onu da qeyd edim ki, cavabı qaranlıq qalan sualların hamısı tədqiq olunacaq. İrəvanın verilməsi ilə bağlı bütün məsələlər araşdırılıb, aydındır.

Cümhuriyyətin süqutu məsələsi ilə bağlı indi Rusiya arxivlərində tədqiqat işlərini genişləndiririk. Sovet Rusiyası iki il ərzində Cümhuriyyəti tanımamaq üçün əllərindən gələni etdilər. Cümhuriyyəti de-yure tanımadılar. Müəyyən sənədlər əlimizdə var, amma tədqiqatlar aparılır. Bütün çətinliklərə baxmayaraq Tarix İnstitutunun rəhbərliyi, əməkdaşları inadla əllərindən gələni edirlər.

Tədqiqatlar orta məktəb dərsliklərinə əksini tapır. Bəzən yanlışlıqlara yol verilir. Buna imkan vermirik. Çalışırıq ki, yeni əldə olunan məlumatlar yeni nəşr olunan dərsliklərdə əksini tapsın. Təəssüflər olsun ki, dərslikləri əvvəlcə rəy üçün Tarix İnstitutuna göndərmirdilər. Son 1 ildə Təhsil Nazirliyi ilə əməkdaşlığımız var və bunu edirik.  Dərsliklərdə bəzən təsdiq olunmayan arxiv sənədlərinə istinad olunurdu. Ali məktəb dərsliklərində də Tarix İnstitutunun nəşr etdiyi kitablardan istifadə olunur.

 

- AXC şəxsiyyətlərinin adlarının əbədiləşdirilməsi məsələsini yetərli hesab edirsinizmi?

 

- Ayrıca muzey var: İstiqlal Muzeyi. Milli Tarix Muzeyində bölmə fəaliyyət göstərir. Təklif edərdim ki, cümhuriyyəti yaradanların hamısına paytaxtın görməli yerində bir abidə qoyulsun. Z.Tağıyevin abidəsinin qoyulacağı barədə xəbərə sevindim. Onunla bərabər 11 milyonçumuzun da abidəsini qoymaq olar. Bütün bu addımların atılması vacibdir ki, indiki nəslin nümayəndələri, iş adamları da nümunə götürsünlər.

 

Onu da qeyd edim ki, maddi imkanı olanlardan Tarix İnstitutunun apardığı tədqiqatlara heç bir yardım gəlmir. İstərdim ki, Tağıyev kimi insanlar ortaya çıxsın. Ermənilər saxta tarix yaratmaq üçün maliyyə buraxırlar. Amma bizdə bu addımı atanlar yoxdur.

 

Sonda bütün xalqımızı, eyni zamanda, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları 28 May Respublika Günü münasibətilə təbrik edirəm.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2564

Oxşar yazılar