<b>“ALJİR”</b>: istiqlalın namus və qan bahası – <span style="color:red;">I HİSSƏ
27 may 2019 14:00 (UTC +04:00)

“ALJİR”: istiqlalın namus və qan bahası – I HİSSƏ

“Atılmış bumeranqlar heç də həmişə

hədəfə çatmır. Onların bəziləri

azadlığı seçirlər…”

                                                                              Mehriban Ələkbərzadə

 

ALJİR (Akmolinskiy laqer jen izmennikov rodinı – Vətən xainlərinin arvadları üçün Akmola həbs düşərgəsi)...

 

Karaqandada 17 saylı cəza-islah düşərgəsi qadınlar üçün nəzərdə tutulmuş ən məşhur “lager” idi. Bu tipli daha iki qadın düşərgəsi də fəaliyyət göstərirdi o zamanlar. Hamısı da “QULAQ”-ın (Qlavnoe Upravlenie Laqerey – Həbs Düşərgələri Baş İdarəsi) nəzdində...

 

“İslah edilənlər” kimlər idi?
 

Vətən xainlərinin – Buxarinçi, Trotskiçi “casus”ların həyat yoldaşları, ləyaqətli kişilərin xanımları… bu kimi xüsusi şöbələrdə “şərəf əzən həyat maşınından” keçirilirdi.
 

Burdakı məhkumların tərkibi ancaq (NKVD SSSR  № 00486 ÇSİR – “Çlenı semey izmennikov Rodinı”) vətən xainlərinin ailə üzvləri idi. Bu, həm də deportasiya idi. Qadınlar “lager”lərdə həyat sürmürdülər. “Cəza”nin işgəncəsini qəbul etmək zorunda idilər.
 

Qazaxıstanın Akmola rayonunda (1938-1953), indiki Robin kəndində bu düşərgənin xarabalıqları o zamankı həyat və əxlaq haqqında çox şeylər söyləyir.

“KARLAQ” (Karaqandinskiy ispravitelno-trudovoy laqer) - 1930-1959 illərdə SSRİ-nin Karaqanda əyalətindəki  NKVD sisteminin ən böyük islah-əmək düşərgələrindən biri idi. Akmoladakı 17 saylı şöbə xüsusi nəzarətdə saxlanılırdı. Ona görə yox ki, bu düşərgədəki məhbusların dövlət və cəmiyyət qarşısında cinayəti məxsusi və məramı ilə seçilmişdi. Yox, əksinə... bu məhbusələrin heç biri konkret cinayət törətməmiş qadınlar idi. Onlar ona görə məhkum edilmişdilər ki, onların əri, atası vətən xaini kimi ittiham edilmişdilər.

ALJİR adlanan bu düşərgə “QULAQ” sistemindəki üç “ada”dan biri idi. 16 illik fəaliyyəti dövründə bu düşərgə 26 min məhkum qadına cəhənnəm sahibliyi edib. 1938-ci ildə (ilk sürgün edilmiş) 8 min əsir (məhkum) qadın bu adada, 26-cı qəsəbədə əmək düşərgəsində həyat və ölüm arasında mücadilə edirdi.

 

I BÖLÜM
 

LƏYAQƏT haqqında rəvayət


(Bəzən LƏYAQƏT şərəfsizliyə qalib gələ bilir)

1937-ci ilin sonu... Qazaxıstan çöllərinə doğru şütüyən mənhus qatarda böyük Əhməd Cavadın sevdiyi xanımı, abxaz knyazının qızı da var idi. Beş uşaq anası Şükriyyə xanım 47 qadınla birgə, bir vaqonda, ayaq üstə, güclə yerləşmiş halda 3 gün idi ki, ac-susuz yol gedirdi… (Əhməd Cavadın oğlu Yılmaz Axundzadənin 1998-ci ildə mənə danışdıqlarından – M.Ə.)

Qatar dumana bənzər tüstünü səmaya yaya-yaya sürətlə soldan-sağa doğru gedirdi…

Soldan sağa gedən ağzı qapalı, pəncərəsiz qatarda adətən dustaqlar aparılırdı. Bu çarəsiz sərnişinlər – “dustaq” adlanan “sərnişinlər” ac-susuz, 3 gün idi ki, o məşum ünvana – “mənzil başına” çatmaq bilmirdi ki, bilmirdi. Kod adı “ALJİR” olan bu məkana doğru məsafəni qət edən bir bölük qadın, qatarın içində bir əşya kimi yerləşdirilmişdi.

Sürgün edilmişlər - “casuslar”, “xalq düşmənləri”, “buxarinçilər”, “pantürkistlər” CƏZAlarını çəkmək üçün ya uzaq şimal düzənliyinə – gedər-gəlməzə aparılır, ya da güllələnmiş xalq düşmənlərinin rəsmi şəkildə onlardan boşanmağa etiraz edən xanımları (çox cod səslənsə də…) icbari islah işlər üçün sürgün edilirdilər. “Humanistlik” göstərən rejim, onları islah etmək üçün əmək düşərgəsinə göndərirdi.
 

Nə olsun ki… Ölkə rəhbəri, “böyük” Stalin deyirdi: “Heç bir övlad öz valideyninə, onun etdiyi cinayətə görə cavabdeh deyil!”
 

Nə olsun ki… Bu fəhlə-kəndli hökumətinə canını-qanını verməyənləri, onların düşünmədiyi kimi düşünənləri tamam məhv etmək üçün 1937-ci ilin dekabrın 1-də bu kimi nakəslərin sorğu-sualsız məhvinə qərar verildi.
 

Nə olsun ki… Stalin baba bütün uşaqların sevimlisidir və düşərgələrdə də doğulan uşaqlar var idi. Onlar da Stalini sevmək məcburiyyətində idilər.
 

Bu dəfə də bu qatarda, vaqonların birində çox məşhur isimlərin sahibləri var idi. Təəssüflə təsdiq edək... onlara “dustaq qadınlar” deyərək mal-qara kimi 40-45 insanı bir vaqona basıb, Qazaxıstan çöllərinə aparırdılar.

Bu vaqonda Bakıda bir-birini heç cür həzm etməyən iki fərqli dünyabaxışlı qadın, indi isə iki sürgün edilmiş dustaq – yol yoldaşları olmasalar da – yanaşı, bir-birinə yapışmış halda günlərlə yol gəlir və hələ gedəcəkdilər də… Ceyran Bayramova və Şükriyyə Axundzadə... Onlara “Vraq narod arvadı” deyirdilər...
 

Əvvəllər daha fərqli ünvanlarda bir-birinə rast gəlsələr də, sanki bir-birini görmürmüş kimi üzlərini çevirən bu qadınlar, indi bunu istəsələr də edə bilməzdilər. Buna heç imkan da yox idi.

Yer həddindən artıq dar idi.
Və ümumiyyətlə, mavi gözlü qadının əynindəki geyimdən, özündən gələn acı-turş qoxu özündən də uzağı vururdu.
Şabalıdı saçı-başı dolaşmış olsa da, sifətinin kirli yara qaysaqları ürək bulandırsa da, diqqətlə baxdıqda bu üfunət qoxulu qadının nə vaxtsa bəyaz olmuş dərisini və daranmış halda ipək sap toplusunu xatırlada biləcək saçını təsəvvür etmək mümkün idi.
Ona əvvəllər “knyaz qızı” deyən bolşevik tövrə sahib qadın da (Ceyran Bayramova) bunu edirdi. Bu görkəmə hamıdan çox elə o təəccüb edirdi. Amma susurdu…
İstisna olaraq, gecələr bir tərəf üstündə yatmaq imkanı verilirdi.
Yenə də dustaqlardan fərqli olaraq, istisna edilən qaydalardan birinə – gecə subaşına çıxmağa 5 dəqiqə vaxt ayrılırdı. Məcburiyyət olsa da, məhkumun deyil, nəzarətçinin məsləhət bildiyi zaman seçilirdi.
Qatar uzun-uzadı fit verdi…
Qadınlar həyəcan, bir az da qorxu ilə bir-birinə baxaraq sual dolu gözlər bir-birinin üzündə, bədənində gəzirdi. Nəzarətçinin “aşağı enərək sıraya düzülmək” əmri, onları bu dəfə də təşvişə saldı. Şükriyyə Axundzadə isə nədənsə çox rahat idi.
Hamısı ad və soyad sırası ilə pilləkənsiz, hündür vaqondan atılmalı və düz durmağı bacarmalı idilər. Yoxsa, ən azı 2-3 dəyənək yeyəcəkdilər. Yıxılanda qaşı-gözü partlayanlara, qolu, ya da ayağı zədələnənlərə də rəhm edilmirdi. Qadınlar isə aclıqdan ayaq üstə də yıxılırdılar. O ki qaldı hündür yerdən kimsənin köməyi olmadan tullanmağa...yıxılmamaq mümkünsüz idi. Şükriyyə dirsəyin dəstək verib, yerə atıldı. Yıxılmasa da, bu dəfə qolu xırçıldadı.
Ceyran yıxıldı. Tez ona əlini uzadan Şükriyyə heç nə olmamış kimi, tez də üzünü çevirib, sıraya durdu. Bu məqamı görməyən nəzarətçi dəftərindən beş qadının soyadını çağırdı. Qadınlar irəli çıxdılar. Və quzu balası kimi – nəzarətçinin ardınca getməyə başladılar.

Artıq 5-ci stansiya idi. Pis söyüşlərlə söyən nəzarətçi-qadın beşinci dəfə idi ki, onları stansiyadakı hərbçilərə çörək və konserv əvəzinə satırdı. Bəli. Çox acı mənzərə idi…
Saatla… ədədlə… kilo ilə… Alver edirdilər.

30 dəqiqəlik dayanacaqdan geri qayıdandan sonra, ancaq həmin qadınlara it payı bir enli kəsim qara çörək də atırdılar. Onların da çoxu onu xısın-xısın ağlayaraq, ya da göz yaşına yavanlıq kimi acgözlüklə yeyirdilər. Çox az qismi yanındakı bir-iki qadınla da “zəhmət haqqını” bölüşürdü.
İki stansiya əvvəlki “dayanacaq”dan qayıdan Şükriyyə kobud nəzarətçi qadının möhkəm təpiyi və başından bir dəyənək zərbəsinə qonaq edilsə də, öz-özünə pıçıldayırdı: “Şükür sənə, ilahi”.
Qəribə olan bu idi ki, Şükriyyə xanım – Acar knyazının qızı, Əhməd Cavadın sevgili xanımı, bu zərbələrdən nə ufuldamış, nə də ağlamışdı. Əksinə, gülə-gülə yıxıldığı yerdən duraraq, dimdik nəzarətçinin gözlərinə baxmışdı.

İndi yenə dayanacaqdı. Hətta 45 dəqiqə. Nəzarətçi qadından: “Maşa! İki qrup seç bu zibillərdən!” əmrini alan digər nəzarətçi, onları dəyənəklə seçib ayırdı. Sonra iki dəstəyə ayırdı. 3 nəfərlik iki dəstə kimi irəliləməyi əmr etdi. Bir az gedib, baş nəzarətçiyə çatmamış yerlərində durdular. Növbətçi onlara irəliyə getməyi əmr etdi. Əsas nəzarətçi göz edən kimi, cərgəyə son qatılan qadının kürəyindən vurub, baş nəzarətçinin qarşısına getməyi və dayanmağı tapşırdı. Nəzarətçi kişi baxışları ilə onu başdan-ayağa süzdü. Sonra ona nəzarət köşəsindən verilən siqnala ikrahla qulaq asıb, başını tərpətdi. Bütün acığını qarşısındakı gənc qadına tökərək, əlindəki dəyənəyi onun boyun-boğazına çırpdı. Daha sonra dəyənəyi onun dizlərinə vuraraq, onun uzun ətəklərini qaldırmaq işarəsini verir. Baxır və sağa, yaxud sola keçməsini əmr edirdi. Növbəti qadının qısa ayaqlarına, kirli alt paltarına  baxıb, dəyənəklə əvvəl ayaqlarına, sonra başına çırparaq: “Rədd ol yerinə, meymun!” deyə qışqırdı.

Nisbətən rahat nəfəs alan qadınların əsəbləri yenə tarıma çəkildi. Çünki bu, o demək idi ki, hələ kiminsə “seçilmək şansı” vardı. Qadınlar təşviş içində və əzilmiş halda gözlərini bir-birindən gizlədərək, yerə dikdilər.
Bu zaman nəzarətçinin gözü Ceyranda ilişib qaldı. Qəfildən Şükriyyə onun özünü dayaq kimi söykəndiyi taxta yeşiyin arxasından ayaqlarını çəkdi. Yeşik yerə dəyməyi ilə parça-parça olmağı bir oldu. Daha sonra qatar yolu üçün daha dərin qata düşən Ceyrana kimsə əl uzatmadı. Relsin üzərinə düşdüyündən üz-gözü partlamış Ceyran xanım zülüm-zülüm ağlayırdı. Nəzarətçi qadın yuxarıdan ona baxıb, hirsindən tüpürdü və deyinə-deyinə uzaqlaşdı. Gedə-gedə rastına çıxan qadının boynundan tutub seçdiyi sıraya qatdı. Qadının boynunun ardına topladığı saçları dağıldı. Bir anın içində dəyişən qadın əsir düşmüş düşmən kimi nəzarətçinin qəzəbinə tuş gəldi. Nə isə soruşmaq istəyən digər qadına bir-birinin ardınca iki sillə çəkib yoluna davam etdi. Qadınlar tilsimlənmiş siçovullar kimi nəzarətçi qadının ardınca, stansiyanın növbətçi hərbçilər üçün ayrılmış NƏZARƏT postuna yaxınlaşdılar.
Relslərin arasında qan-qançır olmuş, acıdan ağlayan Ceyran qəfildən başını qaldırıb Şükriyyəyə baxdı. Acı fəryadını kəsib, işarə ilə onların uzaqda olmasının təsdiqi üçün Şükriyyəyə nəzər saldı. Şükriyyə sakitcə başını tərpətdi. Uzunboylu olsa da, Ceyran çətinliklə çuxurdan perrona qalxdı. Gəlib Şükriyyənin yanında oturdu. Əlinin arxası ilə burnunu və ağzını silmək istəsə də, əllərinin bərbad vəziyyətdə olduğunu gördü. Qəfildən dəli kimi xısın-xısın gülməyə başladı. Daha sonra qəşş elədi…
Şükriyyə başını bulayaraq, yaxasında saxladığı bəmbəyaz yaylığı çıxardı və ona uzatdı. Ceyran göz yaşı qanına bulaşmış sifətini silərək, “əsas ordan qurtuldum” – deyib, sevindi. Qəfildən bu xilasın bu dəfə keçərli olmasından gələn dəfəyə bəhanə qalmayacağını anladı və susdu. Bir an sonra yenidən Şükriyyəyə baxaraq, ondan növbəti “kömək etməyini” istədi. Şükriyyə məchul nəzərlərlə onu süzdü.
Ceyran səsi ilə diqqətini cəlb etdiyi digər nəzarətçinin düz ona tərəf gəlməsindən şoka düşdü və donub heykəl kimi yerindəcə qaldı...

 

(ardı var)

 

Bakı, 2010

 

 

# 4661
avatar

Mehriban Ələkbərzadə

Oxşar yazılar