“ƏSA-ya istək artdıqca, nifrət də çoxalır” – <span style="color:red;">Teatr rəhbərindən ittihamlar
21 may 2019 16:25 (UTC +04:00)

“ƏSA-ya istək artdıqca, nifrət də çoxalır” – Teatr rəhbərindən ittihamlar

ƏSA Teatrının üzləşdiyi problemlər ölkənin mədəni mühitində narahatlıqla qarşılanıb. Teatrın rəhbəri Nihad Qulamzadə yaranmış vəziyyətlə bağlı mədəniyyət naziri Əbülfəs Qarayevə müraciət ünvanlayıb.

Müraciətdə qaldırılan məsələlər, onların yaranma səbəbləri və çıxış yolları barədə söhbət etmək üçün Lent.az-ın əməkdaşı teatrın ofisində olub.

QEYD: ƏSA adı bir çoxlarının istifadə etdiyi əl ağacı mənasını daşıyır, eyni zamanda Əngəlsiz, Sərhədsiz, Azad sözlərini özündə birləşdirir.

Bir neçə otaqdan ibarət ofisdə yeni tamaşaya hazırlıq prosesi gedir. Məşq edən isə yenicə teatra gəlmiş Bəhram Rəhimlidir. 22 yaşlı Bəhram daun sindromundan əziyyət çəkir. Məşq prosesində Bəhramın həvəsli olduğunu gördüyümüzdən, mane olmaq istəmədik və kənardan oğluna tamaşa edən anası Mehparə Rəhimova ilə söhbətləşdik.

Mehparə xanım ilk olaraq ƏSA ilə tanışlığından danışır:

“Tamaşanı, səhv etmirəmsə, birinci xəbərlərdə görmüşdüm. Əngəlli övladım olduğu üçün onun sosiallaşmasını istəyirdim və bu mənim marağıma səbəb oldu. Sonra sosial şəbəkədə teatrın gördüyü işlərlə tanış oldum. 1 ay əvvəl müraciət etdim ki, daun sindromlu övladım var və onun da bu ailədə olmasını istəyirəm. Düzdür, oğlum rəssamlıqla da məşğuldur, ancaq onun səhnə fəaliyyətindən çox dost tapmasını istəyirdim. Və beləcə, buraya gəlməyə başladıq. Bilirsiniz, daun sindromlu uşaqlar hamı ilə ünsiyyət qura bilmirlər, onlar üçün bu çətin olur. Ancaq burada Bəhram çox isti qarşılandı, ona görə də indi xoşbəxtdir. İlk gələndə burada deyilənləri edə bildiyi üçün oğlum çox həvəsləndi, mənim üçün o gün o qədər önəmli idi ki, indi xatırladıqda belə kövrəlirəm.

Bura Bəhram üçün heç bir ödəniş etmirəm, oğlumla məşq çətin olsa da, buradakılar heç onu bildirmir və sakit səslə izaha çalışırlar. Çox istəyirəm ki, oğlum burada olmasa belə, bu teatr davamlı olsun. Buradakılar çox istedadlıdırlar və qürur duyuram ki, belə gənclər var. Onlar bir növ çağırış edirlər ki, əngəlli insanlar da cəmiyyətə lazımdır”.

***

Fasilədən yararlanaraq, yan otağa keçib, teatrın bədii rəhbəri Nihad Qulamzadə ilə danışdıq.

- Nihad bəy, istəyərdik ki, əvvəlcə ƏSA Teatrının yaranma ideyasından söz açasınız.

- ƏSA Teatrından əvvəl də mən teatrla məşğul idim. Daha sonra tamaşalara gələnlər arasında əlilliyi olanları da gördüm və düşündüm ki, fiziki məhdudiyyətli gənclərlə də tamaşa qurmaq olar. Hətta bu teatrın yaranmasından qabaq, 2015-ci ildə əngəlli insanlarla bağlı layihəm də var idi ki, onların istər foto, istərsə də video şəklində hekayələrini yazırdım.

Düşündüm ki, belə bir teatrın yaradılması cəmiyyətimiz üçün faydalı olacaq. Müəyyən komanda yığdıqdan sonra işə başladıq. Ümumiyyətlə, bir ölkədə inklüziv teatrın olması çox önəmlidir və bu, bir növ həmin insanların da faydalı olduğuna, bacarıqlarına və bacaracaqlarına işarə edir.

ƏSA Teatrı 2016-cı il sentyabrın 3-də yaranıb. O vaxt elə bir dövr idi ki, ölkədə nəinki inklüziv incəsənət, əlillik sahəsində müəyyən boşluqlar da var idi. Əsa teatrı da həmin boşluqda yarandı və müəyyən qədər mədəni boşluğu doldura bildi. Biz tamamilə müstəqil şəkildə fəaliyyətə başlamışıq. Düzdür, indi bu yerimizin də şəraiti çox pisdir, ancaq bundan əvvəl götürdüyümüz yer 20 kvadrat metrlik otaq idi və oradan başlamışdıq.

İndi isə gördüyünüz kimi, burada qapımız yoxdur. Pərdələrlə özümüzə qapı düzəltmək qərarına gəlmişik ki, başqa işləri də görə bilək. Şəraitimiz yaxşı deyil, ancaq bundan davamlı şəkildə şikayətlənməmişik. Bildiyiniz kimi cənab nazirə müraciət etmişik, ancaq işimizə davam edirik.

- ƏSA yaranan zaman hansısa qurumlara müraciət etmişdinizmi?

- Yeni yarananda televiziya verilişlərindən birində Mədəniyyət Nazirliyinə müraciət etməyimizlə bağlı sual soruşulmuşdu. Bizim onda yaranmağımızdan bir ay keçmişdi, özümüzü təsdiq etməmişdik, bir ideya ilə nazirliyə və ya başqa bir dövlət qurumuna müraciət etməyimiz düzgün deyildi. Buna görə də, səbir elədik ki, öz işlərimizlə gündəmə gələk.

ƏSA-nın 1-2 yaşı olduqdan sonra biz müxtəlif dövlət qurumlarına müraciət etdik. Bu müddətdə bizimlə işləyən, özəl təşkilatlar, özəl qurumlar, xarici səfirliklər, dövlət qurumları oldu. Məsələn, Amerika Birləşmiş Ştatları (ABŞ) Səfirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə tamaşalar qurmuşuq.

Bizə dəstək olaraq maliyyə verilirsə, hazırlayacağımız işi onların adı, dəstəyi ilə hazırlayırıq. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Göy quş” tamaşasını qurduq. Orada 30-dan çox aktyorla iştirak etdi, ancaq onu cəmi bircə dəfə oynadıq, sonra oynaya bilmədik.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, baş nazirin müavini Əli Əhmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mehriban xanımın köməkçisi Anar Ələkbərov da tamaşamızda iştirak edərək, bizə qiymət veriblər. Bu o deməkdir ki, ƏSA nəsə bacarır. Nazirlik sağ olsun ki, bizə dəstək verir. İndi Nəsimi ili ilə bağlı hazırlayacağımız tamaşaya da nazirlik maddi dəstək verəcək.

Biz adımızı Amerikaya qədər apara bilmişik və konqres üzvü tərəfindən mükafatlandırılmışıq da. Bilirəm ki, bizə dəyər veriləcək, ancaq ona qədər də yaşamalıyıq axı.

- Hansı tamaşaların quruluşunu həyata keçirmisiniz?

- “Dumb” tamaşasını tamamilə müstəqil, öz büdcəmiz hesabına təqdim etdik ki, orada 5 aktyor iştirak edirdi. Ondan sonra isə bizim bir çox tamaşalarımız oldu. U.Şekspirin “Yuxum” tamaşası, C.Steynbekin “Adamlar və siçanlar”, M.F.Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasını, Morris Meterlinqin “Göy quş” və başqa tamaşaların quruluşunu həyata keçirmişik. Hazırda isə Nəsimi ilə bağlı tamaşanın məşqi gedir, bu tamaşada 20-dən çox əməkdaş var.

Xatırlayıram ki, ilk vaxtlar tamaşa biletlərini metrolara çatdırırdıq. Təsəvvür edin, bununla belə tamaşaya 1000-1100 nəfər gəlmişdi. Biletlərin qiymətləri isə hər təbəqəyə uyğundur. Yerindən asılı olaraq 7, 10, 15, 20 manatdır, ancaq Opera və Balet Teatrı böyük olduğu üçün oradakı tamaşa üçün bilet qiymətini 3 manat təyin etmişdik.

Nə üçün ƏSA beynəlxalq səviyyədə tanınmasın? Axı bu, ölkənin xeyrinədir. Ən azı Qafqazda ilk belə teatr olduğumuz üçün bunu etməliyik. Məsələn, Naxçıvanda tamaşa göstərəndə elə sevindilər ki, belə bir teatr var. Həmin tamaşaya o qədər əlilliyi olan insanlar gəlmişdi ki, hamısı ayaq üstə idi. İndi də onlar yenidən bizi gözlədiklərini bildirirlər, ancaq maliyyəmiz yoxdur. Onda da ABŞ Səfirliyinin dəstəyi ilə getmişdik.

- Müraciətdə bildirmisiniz ki, ƏSA-nın əsas problemi tamaşalarını göstərmək üçün bina tapa bilməməsidir. Hazırda hansı çətinliklərlə qarşı-qarşıyasınız?

- Elə məqamlar olur ki, insan həvəsdən düşür. Mənimlə bərabər bu hal kollektivdə də yaşanır. Düşünün ki, çətinliklərlə tamaşa hazırlayırsınız, ancaq onu nümayiş etdirmək üçün teatr binası tapa bilmirik.

Məsələn, mən gəncəm, bir çoxları düşünə bilər ki, burada nəsə məqsəd güdürəm. Ancaq səmimiyyətimə inanın ki, elədiklərim o otaqdakılar üçündür. Mənim üçün vacib olan ƏSA Teatrına olan münasibətdir. O da göz qabağındadır ki, çox ürəkaçan deyil.

Hazırda teatr rəhbərlikləri bizə isti münasibət bəsləmirlər. Düşünürəm ki, son vaxtlar bu daha da artıb, buna səbəb isə bizə olan marağın artmasıdır. ƏSA-ya istək artdıqca, nifrət də çoxalır. 

Teatra indi öz evləri kimi yanaşırlar, özlərini ev, mülk sahibi kimi görürlər. Ona görə də problemlər yaranır. Bu teatrların hamısı yaxın dövrdə cənab prezidentinin sərəncamı əsasında təmir edilib. Deməli, bizim oradan istifadə etmək haqqımız var. Təbii ki, hər yoldan keçənə oranı vermələrini demirəm, ancaq biz yoldan keçən deyilik axı. Biz özümüz ən çətin vəziyyətdə belə işləyərək, özümüzü təqdim etmişik ki, bu işi bacarırıq.

Ən böyük çətinliyimiz isə hazırladıqlarımızı təqdim edə bilməməkdir. Bizdən çox yüksək məbləğ istəyirlər, elə bilirlər ki, gəlirimiz çoxdur. Məsələn, sonuncu oynadığımız teatrda 9 saat üçün 1000 manat ödəniş etdik. Biletdən əldə olunan gəlir isə 1750 manat idi. Qalanı da aktyorlar arasında bölüşdürdük.

Düşünün ki, hər ay kirayə haqqı ödəyirik, inklüziv, kommersiya məqsədi güdməyən teatr üçün bu çox çətindir. Mən özüm ayrıca işlə məşğul olub özümü dolandıra bilərəm, ancaq teatrı dolandırmaq üçün biz tamaşa oynayıb, bilet satmalıyıq.

Bu gün gördünüz, Bəhramla işləyərkən daha rahat mühit lazımdır. Bizdə darısqallıq var, amma Bəhramlar çoxdur. Biz qapımızı açıq qoymaq istəyirik ki, hamı gələ bilsin. Hazırda nə qədər teatrlarda boş otaqlar var, onlar bizimlə də bunu bölüşə bilərlər, ancaq etmirlər, yəqin ƏSA onları narahat edir.

- Nazirliyin sizə necə dəstək olmasını istəyirsiniz?

- Biz nazirlikdən bina və ya pulsuz yer istəmirik. Eləcə də bizim Mədəniyyət Nazirliyinə qarşı iradımız qəti yoxdur, sadəcə onlara bildiririk ki, bu cür çətinliklərlə qarşılaşırıq və artıq dilə gəlirik ki, biz tamaşa oynamaq istəyirik.

Əbülfəs Qarayevə müraciətimdə əsas məqsəd budur ki, heç olmasa ayda bir dəfə hər hansı bir teatrda müəyyən qədər ödəniş edib, yer alıb, çıxış edək. Məsələn, işıqpulunu, zəhməti keçənlərin ödənişlərini edək, ancaq 1000-2000 manata gücümüz çatmır. Teatrlar elə bilir ki, biz müğənniyik, çox pul qazanırıq və buna görə də bizə qiymət oxuyurlar.

- Aranıza yeni qoşulan fiziki məhdudiyyətli şəxslər hansısa ödəniş edirlər?

- Əksinə, biz onlara az da olsa pul veririk ki, pul qazana bildiklərinə inansınlar. Kim bizə müraciət edirsə, cəlb edirik, işləyirik. O qədər olur ki, əlil arabasında olan aktyor üçün nəqliyyat xərclərini qarşılayırıq. Bəzən də verə bilmirik, ancaq sonra veririk. İndi adını elə inklüziv qoyan şirkətlər var ki, ödəniş alırlar, axı bu vicdansızlıqdır.

- Hazırda ƏSA-nın kollektivində neçə nəfər var?

- 20-dən çox üzvümüz var ki, onlarla mütəmadi olaraq əməkdaşlıq edirik. Müəyyən qədər komandamızı qoruyub saxlamağa çalışırıq, ancaq müəyyən qədərini saxlaya bilmirik.

***

Nihad Qulamzadə ilə söhbətimizə son verdikdən sonra ƏSA-da yer alan aktyor, rejissor Elşən Əsgərovla da söhbətləşdik. Aktyor 2017-ci ildən etibarən teatrda olduğunu bildirir:

“İlk olaraq tamaşaya aktyor kimi dəvət olundum. Daha sonra bir tamaşada quruluşçu rejissor, digərində isə rejissor oldum. ƏSA-nın gələcəyi ilə bağlı danışmaq çox çətindir. Çünki bir əsəri bəyənirik, ancaq tamaşa üçün razılaşmaqda çətinlik çəkirik. Maliyyəmiz olmur deyə bilmirik alınacaq, ya yox. Öz yerimiz olsaydı, heç olmasa biletlərin ödənişi ilə digər tamaşa üçün ümidlərimiz də yaranardı. Bizə hansısa təşkilat dəstək olmasa, nəsə ərsəyə gətirə bilmirik.

Mənim üçün burada olmaq mənəvi cəhətdən prestijdir və çox yaxşıdır. Başqa teatrda da işləyirəm, həmçinin özəl bir tamaşa hazırlanır ki, orada da varam, ancaq bura mənim üçün tam fərqlidir”.

Fotoların müəllifi İlkin Nəbiyevdir.

# 2815
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar