<b>Gənc rəssam Fidan Cəfərovanın fərdi sərgisi keçirilib - <span style="color:red;">FOTOLENT </b>
20 may 2019 15:35 (UTC +04:00)

Gənc rəssam Fidan Cəfərovanın fərdi sərgisi keçirilib - FOTOLENT

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və YUNESKO yanında “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının dəstəyi ilə Fidan Cəfərovanın “Arif Aziz Art House” sənət evində “N.A.R – Nəcib Ağacın Röyası” adlı fərdi sərgisi keçirilib.
 
Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova deyib ki, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsində interyer-dizayn ixtisası üzrə təhsil alan Fidan Cəfərova bir çox sərgi və festivallarda iştirak edib, müxtəlif mükafatlara layiq görülüb.
 
Sərgidə təqdim olunan rəngkarlıq və fotoqrafika əsərləri müəyyən bədii məktəbin təsiri ilə yanaşı, artıq gənc rəssamın dəsti-xəttinin formalaşmasından, prioritetlərindən xəbər verir.
 
YUNESKO yanında “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, qurumun Bakı filialının Prezidenti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor Arif Əziz deyib ki, sərginin leytmotivini nar simvolunun fərdi bədii həlli təşkil edir. Gənc tələbə rəssam Fidan Cəfərova narın semantikasını xalq sənətimizin köklərində aşkarlamağa meylli olsa da, mövzuya innovativ yanaşıb. Ənənəvi şəbəkə texnikasını ağacla yanaşı, yeni materiallarda tətbiq edib.
 
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin dekanı Sevil Kərimova, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dizayn və dekorativ tətbiqi sənət kafedrasının müəllimləri Vüqar Əli və Gülnaz Mədətova çıxış edərək sərgidə təqdim olunan əsərlərlə bağlı fikirlərini bildiriblər.
 
Gənc rəssam Fidan Cəfərovanın “Qımıl güzgü”, “Qımıl tarşer”, “Qımıl kamod”, “Benç”, “Ölümsüzlük”, “Sonsuz həyat”, “Partlayış”, “Gümüş nar”, “Fəsillər”, “Memarlıq və xalça”, “Danışan xalçalar”, “Malıbəyli”, Şıxlı” kimi kompozisiyalar, “Fırtına”, “Rəng yağışı”, “Balerina”, “Lələk”, “Bakı işıqları”, “Sünbül tarlası”, “Moruq”, “Bənövşə”, “Lalələr”, “Mavi dəniz”, “Nar bağı” adlı akvarellə kətan üzərində işlər və fotoqrafikaya aid “Fərqlilik”,
“Maraq”, “Şəhər xatirələri”, “Təbiət”, “Gözlənti”, Ahəng”, “O an” adlı müxtəlif janrlarda hazırladığı 44 əsər sərgidə nümayiş olunub.
 
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin dekanı Sevil Kərimova Fidan Cəfərovaya “Gənc rəssam” Media mükafatını təqdim edib.
 
Sərgi musiqili-bədii proqramla davam etdirilib.
# 1778
avatar

Oxşar yazılar