537
12:05
20 May 2019

Final oyununa görə əlavə avtobuslar xəttə buraxılacaq - RƏSMİ

“2019-cu il 29 may tarixində Bakı Olimpiya Stadionunda təşkil olunacaq futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyununa maraq yüksək olduğuna görə xarici ölkələrdən çox sayda futbol azarkeşlərinin Bakıya gəlişi gözlənilir”.
Bu barədə Lent.az -a Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib. O bildirib ki, azarkeşlərin bir çoxunun Gürcüstana səfər edərək oradan Bakıya gəlməsi ehtimalının böyük olduğunu nəzərə alaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidməti Tbilisidən Bakıya və əks istiqamətdə gedən müntəzəm marşrut xətləri üzrə avtobusların artırılmasına dair müvafiq daşıyıcılara tapşırıq verib:
“Həmin azarkeşlərə yüksək səviyyədə xidmət göstərilməsi məqsədi ilə 27-31 may tarixlərində mövcud “Bakı-Tbilisi-Bakı” marşrut xəttinə əlavə avtobuslar buraxılacaq.
27-31 may tarixlərində regionlarımızdan Bakıya gələcək və ölkənin turistik məkanlarına istirahət üçün üz tutacaq azarkeşlərin Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Qax şəhərlərinə rahat gediş-gəlişi üçün ümumilikdə əlavə olaraq 100 avtobus xəttə buraxılacaq”.