1806
21:59
04 May 2019

Əsirlikdə olmuş Xocalı sakini dünya ictimaiyyətini erməni vəhşiliklərinə biganə qalmamağa çağırıb

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Dürdanə Ağayevanın ötən gün ABŞ-ın tanınmış “Jewish Journal” nəşrində işğal altında olan ərazilərimizdə mədəni irsimizin dağıdılmasına və ermənilərin Qarabağa köçürülmələrini saxtalaşdırmaq cəhdlərinə həsr edilən məqaləsi dərc olunub.

ONA Qarabağ icmasına istinadən xəbər verir ki, məqalədə müəllif Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilməsi, BMT TŞ-nin qətnamələrinə ermənilərin məhəl qoymaması, erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və mədəni abidələrimizə qarşı törətdiyi vandalizim aktlarından bəhs edir.

1992-ci ildə Xocalı soyqırımı zamanı 8 gün erməni əsirliyində qalan Dürdanə Ağayeva özü və qardaşının işgəncə düşərgələrində qəddarlıq və təhqirlərə məruz qaldığını vurğulayıb. Məqalədə, həmçinin erməni işğalı altında olan torpaqlarımızda azərbaycanlılara məxsus mədəni irsimizin dağıdılması faktları xüsusi təqdim edilib. Qarabağın Azərbaycanın poeziya, musiqi və mədəniyyət beşiyi hesab olunduğu vurğulanıb. Ermənilərin işğal olunmuş ərazilərimizdə törətdiyi vandalizm aktları nəticəsində maddi və mədəni sərvətimizin, çoxsaylı tarixi abidə, muzey, qalereya eksponatlarının məhv edildiyi bildirilib.

Dürdanə Ağayevə daha sonra bu faktların əcnəbi jurnalıstlər tərəfindən təsdiqləndiyini qeyd edib. Vurğulayıb ki, isveçrəli jurnalist Andre Vidmer işğal altında olan Ağdama gedərək mədəni irzimizin dağıdılması faktlarına şahid olub və bunu öz məqalələrində qeyd edib.

Müəllif Britaniyalı jurnalist Tomas de Vaal və onun həmyerlisi Corc Miçelin Ağdamı Qafqazın Xirosiması adlandırmasını da məqaləsində vurğulayıb. İşğal altında olan ərazilərimizdə dağıdılan mədəni irsimizin 2005-2010-cu illərdə ATƏT-in faktaraşdırıcı missiyasının hesabatlarında dərc olunduğu qeyd olunub. 1978-ci ildə ermənilərin Qarabağa köçürülməsinin 150 illiyinə dair abidə ucaldılmasına və sonradan həmin abidənin ermənilər tərəfindən dağıdılmasına diqqət çəkən müəllif qeyd edib ki, bu fakt ermənilərin Qarabağa köçürülməsini gizlətməyə çalışmasının təsdiqidir.

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinin üzvü dünya ictimaiyyətini erməni vəhşiliklərinə biganə qalmamağa çağırıb.