692
18:55
06 Aprel 2019

Fərmandan sonra 30-dan çox binanın tikintisinə İCAZƏ VERİLDİ

Prezident İlham Əliyevin fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Fərmanı 400-dək yaşayış kompleksinə şamil olunacaq, 50 minədək mənzili əhatə edəcək. Beləliklə, 10 minlərlə ailənin mənzil problemi öz həllini tapacaq.
Dövlət başçısının Fərmanı istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədi daşıyır. Bu sənəd 2019-cu il yanvarın 1-dək tikilən, tam təhvil verilən, istismara qəbul olunmayan və faktiki olaraq insanların yaşadıqları binalara şamil edilir.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, ötən müddətdə bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilib. Son bir neçə ayda 30-dan çox binanın həm tikintisinə, həm istismarına icazə verilib.
Əmlak ekspertlərinin fikrincə, ötən müddətdə bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlara yol verilib, sakinlərin hüquq və maraqları nəzərə alınmadan aparılıb. Hətta təsdiqlənmiş layihələrdən kənara çıxılması hallarına rast gəlinib. Bu da həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edirdi. Eyni zamanda, mənzil üçün tələb olunan vəsaiti ödəmiş sakinlərin mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin yoxluğu da onlara ciddi problemlər yaradırdı.
Bu Fərman vətəndaşları narahat edən, ümumilikdə isə mənzil idarəçiliyi baxımından yığılıb qalan problemlərin həllinə şərait yaratmaqla yanaşı, dövlət büdcəsinə daxilolmaları da artıracaq.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri də hesab edirlər ki, bütün bunlar, eyni zamanda, düzgün statistikanın aparılmamasına şərait yaradır. Müvafiq qurumlar həmin binaları istismara qəbul etmədiyi halda, onlar rəsmi statistikada əksini tapmır. Beləliklə dövlətin mənzil strategiyasının həyata keçirilməsində də problemlər yaranır.
Fərmanın əhəmiyyətindən bəhs edən komitə sədri Samir Nuriyev deyib: “Dövlət başçısının bu addımı bir daha göstərdi ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Uzun illər ərzində ictimaiyyəti narahat edən problem Prezident İlham Əliyevin iradəsi sayəsində bir günə öz həllini tapdı”.
S.Nuriyev, həmçinin vurğulayıb ki, mənzilin pulunu ödəmiş sakinlərin mülkiyyət hüquqlarını təsdiq edən sənədləri yox idi və bu, onlarda ciddi narahatlıq yaradırdı. Bu problemlərin həlli ilə məşğul olacaq dövlət orqanları artıq müəyyənləşdirilib, onlara müvafiq tapşırıqlar verilib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin rəyindən sonra sənədlər tikintiyə icazə verən orqana - Bakı şəhərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, digər şəhərlərdə isə aidiyyəti icraedici quruma göndəriləcək və 7 gün ərzində binanın istismarına dair icazənin verilməsi təmin olunacaq.
Onu da xatırladaq ki, qeydiyyata alınmış mənzillər üzrə bələdiyyələrin vergi yığımında da problemlər aradan qalxacaq, aparılacaq girov və digər əməliyyat xərclərindən büdcəyə daxilolmalar artacaq. Vətəndaşlar mənzil tikinti kooperativləri ilə (MTK) aralarında yarana biləcək mübahisəni məhkəmə qaydasında hüquqi yolla həll etmək imkanı qazanacaqlar. Bundan başqa, tikintiyə icazənin alınması sadələşdiriləcək. Bu proses “bir pəncərə” prinsipi əsasında həyata keçiriləcək.