380
21:24
30 Mart 2019

"Şəmkirə üçüncü dəfə çempion olmaq üçün gəlmişəm" - Şəhriyar Məmmədyarov

"Maqnus Karlsenin iştirak etdiyi turnirlərdə həmişə favorit sayılır. Demək olar ki, turnirlərin 90 faizində qalib gəlir. Buna baxmayaraq iki dəfə bu turnirin qalibi olmuşam. Şəmkirə üçüncü dəfə çempion olmaq üçün gəlmişəm".
ONA -nın məlumatına görə, bu sözləri Azərbaycanın tanınmış qrossmeysteri, Avropa çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə ənənəvi “Shamkir Chess 2019” beynəlxalq superturnirinə qatılacaq Şəhriyar Məmmədyarov jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, turnirdə maraqlı heyət çıxış edəcək: "Çalışacağıq ki, bu il də gözəl oyunlarımız ilə yadda qalaq. Çox çətin bir turnir bizi gözləyir”.
Veyk-an-Zeedəki turnirin onun üçün uğursuz olduğunu qeyd edən qrossmeyster deyib ki, Almaniyadakı yarışda reytinqini artırıb: "Düşünürəm ki, peşəkar şahmatçı üçün bu normal bir hadisədir. Ancaq sözügedən turnirlərdən sonra bu istiqamətdə müzakirələr aparmışıq. İnanıram ki, “Shamkir Chess-2019”da yenidən uğur qazanacağam".
O bildirib ki, bu il İddiaçıların Turnirinə vəsiqə qazanmaq çox çətin olacaq: "Bu il reytinqə görə iki şahmatçı deyil 1 zəka sahibi seçiləcək. Reytinqə görə mənim İddiaçılar Turnirinə düşməyim çətinləşib. Ancaq bu il Dünya Kuboku və Qran-pri yarışlarında iştirak edəcəyəm. Bu yarışlarda uğurla çıxış edib turnirə vəsiqə qazana bilərəm”.