474
00:13
13 Mart 2019

Mehriban Əliyevanın Fransa Milli Assambleyasının sədri ilə görüşü olub - FOTOLENT - YENİLƏNİB

Martın 12-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa Respublikası Milli Assambleyasının sədri Riçard Ferran ilə görüşü olub.

Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, Fransa Milli Assambleyasının sədri Riçard Ferran Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşıladı.
Mehriban Əliyeva Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun sədri və müşavirlər ilə görüşdü.
Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Fransa Milli Assambleyasının sədri Riçard Ferranın görüşü oldu. Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə edildi.
Riçard Ferran ölkələrimizin parlamentləri arasında əlaqələrin inkişafında maraqlı olduqlarını bildirdi. O, zəngin tarixə və mədəniyyətə malik ölkəmizin Fransada daha yaxşı tanıdılması üçün fransız deputatların Azərbaycana səfərlərinin əhəmiyyətini vurğuladı.
Birinci vitse-prezident Mehriban Əliyeva ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin önəmindən danışdı, qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. Mehriban Əliyeva bu cür səfərlərin ölkəmizi daha yaxından tanımaq və Azərbaycan həqiqətlərini fransız ictimaiyyətinə çatdırmaq üçün yaxşı fürsət yaratdığını bildirdi. Mehriban Əliyeva milli dəyərlərə sadiq olan ölkəmizdə tarixlə müasirliyin gözəl sintezinin yaradıldığını diqqətə çatdırdı.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Milli Assambleyasının sədri Riçard Ferranı Bakıya səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.

12 mart - saat: 17:34

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın martın 12-də Yelisey sarayında Fransanın birinci xanımı Bricit Makron ilə görüşü olub.

ONA "Azərtac"a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə edilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfərinin əlaqələrin inkişafına mühüm töhfə verəcəyi bildirilib. Söhbət zamanı ailə-qadın, gender bərabərliyi, təhsil, ətraf mühitin qorunması və digər məsələlərlə bağlı müzakirələr aparıldı, Bakıda Fransız Liseyinin fəaliyyətinin məmnunluq doğurduğu qeyd olunub, Şərqdə hüquq elminin ilk dəfə Azərbaycanda tədris edildiyi bildirilib. Mehriban Əliyevanın rəhbərliyi ilə müxtəlif dövlərlərdə Fransada keçirilən mədəniyyət tədbirlərinin əhəmiyyəti vurğulanıb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın birinci xanımı Bricit Makronu ölkəmizı səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

12 mart - saat:16:59
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 12-də Parisdə Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb.
ONA ”Azərtac”a istinadən xəbər verir ki, Fransa Senatının sədri Jerar Larşe Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşılayıb.
Mehriban Əliyeva Senatda Fransa-Azərbaycan dostluq qrupunun sədri və müşavirlər ilə görüşüb.
Sonra Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Fransa Senatının sədri Jerar Larşenin görüşü olub.
Jerar Larşe ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Prezident İlham Əliyevin ötən ilin iyulunda Paris səfərini məmnunluqla xatırlayan Senatın sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da Fransa-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verdiyini, onun mədəniyyət, elm və təhsil sahələrində böyük xidmətlərinin olduğunu vurğulayıb. Azərbaycanda qadınlara səsvermə hüququnun hələ Fransadan əvvəl verildiyini diqqətə çatdırıb. Fransanın Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında maraqlı olduğunu deyən Senatın sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən bildirib ki, ölkəsi ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransaya səfərinin uğurlu olduğunu və səfər çərçivəsində bir sıra səmərəli görüşlərin keçirildiyini bildirib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini qeyd edən Azərbaycanın Birinci vitse-prezidenti əməkdaşlıq baxımından böyük potensialın olduğunu deyib. Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan Birinci vitse-prezident fransız şirkətlərini ölkəmizdə daha fəal olmağa çağırıb. Mehriban Əliyeva Azərbaycanın iştirakı olmadan regionda heç bir layihənin reallaşmadığını və ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırdı. Azərbaycanın Birinci vitse-prezidenti ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin də yüksək səviyyədə olduğunu dedi və Tərəfdaşlıq Prioritetləri sənədinin imzalanmasının əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə, sülh və danışıqlar yolu ilə beynəlxalq hüququn normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayan Mehriban Əliyeva bildirib ki, münaqişənin mövcudluğu bütün regionun inkişafına və təhlükəsizliyinə ciddi təhdiddir.
Görüşdən sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Senatının xatirə kitabını imzalayıb.