494
15:15
08 Mart 2019

12 partiyadan 5-nə büdcədən ayrılan vəsaitin məbləği açıqlanıb

Milli Məclisdə təmsil olunan siyasi partiyaların bir qisminə 2018-ci ildə dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitinin məbləği açıqlanıb.
ONA -nın məlumatına görə, hazırda Milli Məclisdə 12 siyasi partiya mandata malikdir.
Belə ki, 2018-ci ildə dövlət büdcəsindən Milli Məclisdə təmsil olunan Yeni Azərbaycan Partiyasına (YAP) 1 milyon 367 min 857 manat, Azərbaycan Demokratik Maarifçilik Partiyasına 117 min 857 manat, Böyük Qurtuluş Partiyasına 117 min 857 manat, Vətəndaş Həmrəyliyi Partiyasına 135 min 714 manat, Milli Dirçəliş Hərəkatı Partiyasına 117 min 857 manat maliyyə vəsaiti ayrılıb.
Digər parlamentdə mandat sahibi olan siyasi partiyalar Mərkəzi Seçki Komissiyasına 2018-ci il üzrə maliyyə hesabatlarını hələ ki, təqdim etmədiyindən onlara ayrılan maliyyə vəsaitini öyrənmək mümkün olmayıb.
Qeyd edək ki, Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsi üçün 2018-ci ilin dövlət büdcəsində 3 milyon manat vəsait nəzərdə tutulmuşdu.
Milli Məclisdə təmsil olunan siyasi partiyalara vəsait “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə əsasən bölünür. Bu qanuna görə, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür.
Qanunvericiliyə əsasən, siyasi partiyaların maliyyələşdirilməsi üçün ayrılmış vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.
Hazırda Milli Məclisdə 12 siyasi partiya mandat sahibidir. Bu partiyalar aşağıdakılardır:
1. Yeni Azərbaycan Partiyası
2. Vətəndaş Həmrəyliyi Partiyası (2 deputat - Fəzail İbrahimli, Rafael Hüseynov)
3. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - (sədr Qüdrət Həsənquliyev, 1 deputat )
4. Demokratik İslahatlar Partiyası - (sədr Asim Mollazadə, 1 deputat)
5. Böyük Qurtuluş Partiyası - (sədr Fazil Mustafa, 1 deputat)
6. Milli Dirçəliş Hərəkatı Partiyası - (sədr Fərəc Quliyev, 1 deputat)
7. Ana Vətən Partiyası - (sədr Fəzail Ağamalı, 1 deputat)
8. Vətəndaş Birliyi Partiyası - (sədr Sabir Hacıyev, 1 deputat)
9. Azərbaycan Sosial Rifah Partiyası - (sədr Xanhüseyn Kazımlı, 1 deputat)
10. Vəhdət Partiyası - (sədr Tahir Kərimli, 1 deputat)
11. Azərbaycan Demokratik Maarifçilik Partiyası - (sədr Elşən Musayev, 1 deputat)
12. Azərbaycan Sosial Demokrat Partiyası - (sədr Araz Əlizadə, 1 deputat)