Aprelin 29-da Formula 1 Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra “Baku Crystal Hall”da əyləncə proqramı təşkil edilib.
Lent.az-ın “azərtac”a istinadən xəbərinə görə, yarış başa çatarkən dünyanın ən tanınmış müğənnilərindən olan Dua Lipa Bakı səhnəsində yer alaraq məşhur musiqi proqramı ilə Azərbaycan Qran-Prisinə yekun vurub.
Biletləri tamamilə satılan konsertləri və hit mahnıları ilə 2017-ci ili başa vuran Dua Lipa 8,5 milyon sinql və 1,5 milyon albom sataraq ötən il “Spotify”da ən çox dinlənilən britaniyalı qadın ifaçı adına layiq görülüb.
Duanın “YouTube”da baxış sayı 1 milyardı keçən “New rules” adlı mahnısı Böyük Britaniya mahnı çartlarında 2 həftə 1-ci yerdə olub. Bununla da müğənni 2015-ci ildən bəri Adeldən sonra Böyük Britaniyada 1-ci pillədə qərarlaşan ilk solo qadın ifaçıdır.
Dua Lipanın konsertindən sonra məşhur DJ Martin Solveig səhnəyə çıxaraq əyləncəsevərlərə maraqlı gecə təqdim edib.
Formula-1 Azərbaycan Qran-Prisinin əyləncə proqramı möhtəşəm şou ilə başa çatıb.