Dini jurnalistikanın prinsipləri, media üçün yeni kodeks - TƏHLİL
19 sentyabr 2017 11:47 (UTC +04:00)

Dini jurnalistikanın prinsipləri, media üçün yeni kodeks - TƏHLİL

 

Dini dəyərlər və jurnalistika prinsipləri

 

Din önəmli, həssas və şərtlər ödənmədiyi halda təhlükəli mövzudur. Odur ki, bu barədə media məhsulu hazırlamaq üçün yalnız jurnalistika  bəs etmir. Sırf  KİV  prinsipləri ilə yanaşıldığı zaman ortaya bəzən xətalar da çıxır. Bu baxımdan islamla bağlı yazan  jurnalist dini biliklərə də müəyyən qədər sahib olmalıdır. Peşəkarlığa xələl gətirmədən hər iki sahəyə aid prinsiplərin birgə tətbiqi mümkündür. Təcrübə göstərir ki, inanc, həssasiyyət nəzərə alındığı zaman bəzi media qaydalarında dəyişiklik etməyə ehtiyac yaranır. Odur ki, dini jurnalistika üçün hər iki tərəfin əsas meyarlarını araşdırıb, bəzi media standartlarının elastik olduğu xüsusi bir kodeks, yeni və spesfik standartlar  hazırlamağa zərurət  var. 

 

İslam həmrəyliyinin mediada əsas şərtləri

 

Azərbaycan inanclı toplumdur. Əhalinin böyük əksəriyyətini müsəlmanlar təşkil edir. Odur ki, islamla bağlı yazıların, xəbərlərin geniş oxucu auditoruyası olur. Bu mövzuda hazırlanan media məhsulları tək dindarları deyil, ibadət əhli olmayan müsəlmanları da maraqlandırır. Dini yazıların böyük kütləyə xitab etməsi jurnalistin bu sahədə daha həssas olmasını tələb edir. Bəzən kiçik bir diqqətsizlik materialda böyük qüsura, ciddi oxucu narazılığına səbəb ola bilir.  Bu kimi hallara yol verməmək üçün media prinsipləri ilə yanaşı dini həssasiyyəti də nəzərə almaq önəmlidir.

 

İslama dair mövzularda jurnalistikanın tərəfsiz, balanslı yanaşması  olduqca vacibdir. Məhz bu prinsiplərlə mediada dini, məzhəb ayrı-seçkiliyinin qarşını almaq, ortaq dəyərlər  ətrafında həmrəyliyə nail olmaq mümkündür.

 

Digər önəmli prinsiplərdən biri də dini neytrallıqdır. Jurnalist işlədiyi mövzudan asılı olmayaraq, etiqadi mənsubiyyətini nəzərə almamalıdır. Məzhəb, əqidə təəssübkeşliyi ilə hazırlanan materiallar islam həmrəyliyinə də xələl gətirir. Jurnalist mövqeyini ortaya qoymamalı, neytral qalmağı bacarmalıdır. Həmçinin məzhəb təəsübkeşliyi obyektiv olmağa əngəl yaradan  səbəblərdəndir. Yalnız bir əqidənin mövqeyi ilə çıxış edən yazılar peşəkarlıq baxımından da qüsurludur. Bu cür tərəfkeş yanaşma islam vəhdətinə zərər verir.   

 

Başqa sahələrdə olduğu kimi dini mövzularda da balansı təmin etmək çox əhəmiyyətlidir. Jurnalist həmrəylik üçün mübahisəli məsələlərdə qarşı məhzəbin də mövqeyini əks etdirməli, hər iki tərəfdən də eyni məsafədə dayanmağı bacarmalıdır. Belə tərəfsiz, balanslı yazılar oxucuda həmrəyliyə meyl, rəğbət yaradır.

 

Mediada dini qütbləşmə necə yaranır?

 

Dini mövzularda hazırlanan yazıları əsasən 3 qrupa ayırmaq olar:

1.İslam dəyərlərini  nəzərə almadan , sırf  jurnalistika prinsipləri ilə yazılan;   

2. Jurnalistikasız, yalnız şəriətə əsaslanan;

3. Media prinsiplərinin və dini dəyərlərin birgə tətbiq olunduğu yazılar.

 

Birinci qrupa aid olan materiallar adətən natamam olur. Dini temaları,  terminləri, tarixi bilməyən müəllif mövzunu tam əhatə etməyi bacarmır. Məlumatsızlıq bəzən də müsahibin fikirlərinin təhrifinə səbəb olur. Çox zaman mediaya müsahibə verən ilahiyyatçılar da bundan  narazılıq edir, jurnalistin araşdırdığı mövzudan, islamdan xəbərsiz olduğunu söyləyirlər. Həmçinin bilgisizlik bəzən materialda kobud səhvlərə də yol açır. Qüsur  tək yazının məznununda olmur,  məzhəbləri, ilahiyyatçıları  qarşı-qarşıya qoyan xəbər başlıqlarına da rast gəlirik. Bu cür media məhsulları nəinki islam həmrəyliyinə xidmət edir, əksinə dini qarşıdurmanı körükləyir.

 

İkinci qrupa isə peşəkarlıqdan uzaq, KİV prinsiplərinə əməl olunmayan materiallar daxildir. Jurnalistikanı bilməyən müəllifin hazırladığı yazılar mətbuatda dini qütbləşməyə də səbəb olur. Bunun nəticəsidir ki, elektron mediada “şiə” və “sünni” saytları da fəaliyyət göstərir. Bütün işçi heyət şiədir  (sünnidir) və saytda ancaq bir  məzhəbin mövqeyi əks olunur. Bu yanaşma araşdırma yazılardan tutmuş adi xəbərlərədək aydın şəkildə hiss olunur.

 

Mediada belə bir məzhəb bölücülüyü oxuculara da təsir edir. Davamlı olaraq yalnız bir əqidənin mövqeyini, din xadimlərini oxumaq birtəfəli yanaşmanı formalaşdırır, dini dözümsüzlük, digər məzhəbin oxucularında isə qıcıq yaradır. Mətbuatda belə bir parçalanma ilə həmrəyliyə nail olmaq çətindir.

 

Üçüncü qrup isə dini jurnalistika üçün ən uyğun yazılardır. Müəllif islami  meyarlara da diqqət etməklə peşəkar  materiallar ortaya qoyur.

 

Həmrəylik mediada nə üçün önəmlidir?

 

Azərbaycan hüquqi dövlət, müsəlman toplumudur. Ölkəmiz  dünyəvi qanunlarla idarə olunur. Din isə elə həmin qanunvericiliklə  qonunur, hər bir vətəndaşa etiqad azadlığı tanınır. Konstitutsiyamızın  48-ci maddəsində  vicdan azadlığından bəhs olunsa da, ayrıca “Dini etiqad azadlığı” haqqında qanun da qüvvədədir. Bu qanunlara əsasən Azərbaycanda hər kəs azad şəkildə arzu etdiyi dini seçə, onun ayinlərini icra edə bilər. Bu dövlətin yanaşmasıdır.

 

Bir də ictimai münasibət var. Ölkəmizdə müsəlmanlar çoxluq təşkil etsə də, digər din nümayənləri də yaşayır. Azərbaycan müxtəlif təriqətlərin, məzhəblərin, konfessiyaların sülh şəraitində birgə yaşadığı çox nadir ölkələrdən biridir. Dini  qarşıdurmanın, şiə-sünni münaqişəsinin olmadığı bir toplumda yaşayırıq. Bu baxımdan Azərbaycan tək tolerantlığa deyil, eləcə də həmrəyliyə gözəl nümunədir.  Bakıda fəaliyyət göstərən Heydər məscidində vəhdət namazının qılınması isə müsəlman ümmətinə  son illərin ən gözəl mesajıdır. Digər ölkələrdə şiənin sünni, sünninin şiə məscidində namaz qıla bilmədiyi bir dövrdə Azərbaycanda məzhəb fərqi olmadan dindarların çiyin-çiyinə dayanması islam dünyası üçün vəhdət, həmrəylik çağırışıdır.

 

İslam həmrəyliyi həm ölkə daxili, həm də dövlətlərarası  dinclik, sabitlik və sülh üçün böyük önəm daşıyır. Yaxın Şərqdə cərəyan edən hadisələr göz önündədir. Məzhəb qarşıdurmasının, şiə-sünni münaqişəsinin, axan qanın qarşısını almaq üçün müsəlmanların vəhdəti hava-su kimi lazımdır. Bəli, islam həmrəyli vacibdir, lazımdır və mümkündür. Bunun ən gözəl örnəyi isə vəhdət namazının qılındığı  Azərbaycan və bu ibadəti birgə edə bilən azərbaycanlı müsəlmanlardır!

 

Könül Cəfərli

Yazı  “İslam həmrəyliyi və media” mövzusunda keçirilən müsabiqəyə təqdim olunur. 

# 332
avatar

Könül Cəfərli

Oxşar yazılar