<span style="color:red;">Getto kimi ölkə:  müqəddəs konyak, qorxulu çimərlik, ildə 6 kilo ət... - <span style="color:red;">Səbuhi Məmmədli Şimali Koreyadan yazır - V YAZI
14 avqust 2017 15:53 (UTC +04:00)

Getto kimi ölkə: müqəddəs konyak, qorxulu çimərlik, ildə 6 kilo ət... - Səbuhi Məmmədli Şimali Koreyadan yazır - V YAZI

 

Əvvəli burada:

 

https://news.lent.az/news/280853

https://news.lent.az/news/280919

https://news.lent.az/news/280981

https://news.lent.az/news/281054

 

 

Əvvəlki yazılarda da qeyd etdiyimiz kimi, Şimali Koreya ziddiyyətlər ölkəsidir. Bu ziddiyyətlər isə hər sahədə özünü göstərir. Sanki iki Şimali Koreya var: biri turistlər üçün yaradılmış xoşbəxt, biri isə koreyalılar üçün əsil Şimali Koreya.

 

Əsil Şimali Koreyanı görmək isə hər adama nəsib olmur. Əsil Şimali Koreya əcnəbilərdən gizlədilir...

 

***
 

Bu ölkədə rəsmi iş günü, məzuniyyət, istirahət günləri-filan anlayışı yoxdur. Ölkə əhalisi həftənin 7 günü işləyir. Tarlada, küçədə, istehsalatda. Və təbii ki, hərbdə. İstər Pxenyanda, istərsə də Rasonda və digər şəhərlərdə hündür binalara rast gələ bilərsiz. Amma həmin binalarda ya az adam yaşayır, ya da ümumiyyətlə, heç kim yaşamır. Şimali koreyalılar əsasən şəkildə gördüyünüz bu tip evlərdə məskunlaşıblar. Bu evlərdə qazdan söhbət gedə bilməz. İşıq isə sutkada fasilələrlə bir neçə saat verilir. Evlərin çoxunun da təmirə ehtiyacı var.

Bu evlərin çoxu isə əkin sahələrinə yaxın yerlərdə tikilir. Sanki getto kimi. Axşama kimi tarlada işlə, sonra isə tez evə. Rason və digər şəhərlərdə şəhər deyilən yer məhdud kvadratmetrə yerləşdirilir. Hər tərəf əkin sahələridir.

 

Tarlada hansısa texnikanı görmək mümkün deyil. Yox, əslində sizə texnika göstərəcəklər. Amma bu texnikalar tarlaya çıxmır. Turistlərə nümayiş üçündür.

 

Yeri gəlmişkən, ölkə əhalisinin sayı 25 milyonu keçir. Əhalinin təxminən 7 milyon nəfəri hərbidə, yaxud hərbiləşdirilmiş qüvvələrdə xidmət edir. Yəni az qala 3 adamdan biri bu və ya digər yolla hərbi strukturlardadır.

 

Xen Mun deyir ki, bu gün Şimali Koreya ordusu dünyanın hansı ordusuna qarşı desən dayana bilər.

 

- Yaponiyanı məhv etmək bizim əlimizdə heç nədir. Biz Amerikanı da vura bilərik. Alyaskanı yer üzündən silmək gücündəyik. Amma yoldaş In mərhəmətli adamdır. Biz müharibə istəmirik. Bizim daxili işlərimizə də heç kim qarışmasın.

 

- Şimali Koreyanın gücü nədədir?

 

- Əvvəla, Şimali Koreya adlı anlayış yoxdur. Koreya var. O da buradır. Sualınıza cavab olaraq deyim ki, əsasını yoldaş Kim İr Senin qoyduğu, Kim Çen İrin irəli apardığı və hazırda yoldaş Kim Çen Inın rəhbəri olduğu Əmək Partiyasının ətrafında birləşən xalqımız istənilən düşmənə sərt cavab vermək iqtidarındadır. Gücümüz isə yoldaş Inla xalqın vəhdətindədir. Bu vəhdəti gözü götürməyən imperialistlər Koreya xalqından əl çəkmək istəmirlər. Amma bir şeyi unudurlar ki, bu vəhdəti heç kim poza bilməz.

 

Xen Mun deyir ki, hazırda Əmək Partiyasının 5 milyon üzvü var. Onun özü də bu partiyanın üzvüdür.

 

Xalqdan söz düşmüşkən, sadəcə bir fakt: bu ölkədə orta aylıq əməkhaqqı təxminən 5000 vondur. Bu isə təqribən 3 dollara bərabərdir. Ərzaq kart sistemiylədir. Gündəlik müəyyən edilmiş düyü və ildə, hə, təəccüblənməyin, illik kvotanın ayrıldığı 6 kiloqram ət və 30 yumurta. Bəlkə də elə bu qara yumorun yaranmasının səbəbi də budur: Bu ölkədə kök adam yoxdur.

 

***

 

Şimali koreyalılara aid mağazalar SSRİ-nin çöküşündən sonrakı sovet mağazalarını xatırladır. Piştaxtalar ya boşdur, ya da spirtli çəkilərdən başqa heç nə satılmır. Şəkildə gördüyünüz bu mağazada satılan un məmulatları, - deyəsən vermişel, ya makaron idi - da sünidir. Çində istehsal olunub. Amma bununla belə, qiyməti ucuz deyil.

Turistlər üçün nəzərdə tutulmuş mağazalar isə bolluğu ilə seçilir. Burada bahalı konyaklardan tutmuş, tekilaya, parfümə, bahalı siqaretə kimi hər şey satılır.

 

Kafe və restoranlarda isə – təbii ki turistlər üçün nəzərdə tutulmuşlar - əsasən dəniz məhsullarından hazırlanmış yeməklər təklif olunur. Hətta kabab da sifariş edə bilərsiz. Maraqlıdır ki, kababı kömürlə yox, spiralda bişirlər. Elektrik olmadığından yanacaqla işləyən mühərrikə xüsusi qurğu quraşdırıb, spiralı qızdırırlar. Və kabab hazırdır.

 

***

 

Rasonda çoxsaylı çimərliklər var. Amma yerli əhali bu çimərliklərə az gedir. Çünki çimərlik paltarı burada az qala erotik geyim sayılır. Qanunla nə qadınlar, nə də kişilər çimərlik paltarında dənizə girə bilməzlər. Şəkildən də göründüyü kimi, hamısı adi geyimlərdədirlər. Turistlər isə Rason yaxınlığındakı çimərliyə çox da həvəsli deyillər. Çünki çox çirklidir, sahil isə təmizlənmir. Bir də keçən dəfə haqqında söhbət açdığımız dəniz pişikləri. Hər an peyda ola bilərlər.

Rasonda və yəqin ki, bütün ölkədə turistlərə xidmət üçün ən gözəl qızlar ayrılır. Ümumiyyətlə, Rasondakı otellərdə, turistlər üçün nəzərdə tutulmuş kafe və restoranlarda, muzeylərdə və şəhərdəki yeganə kazinoda çalışanlar… başqa yerdən gətirilir. Onların hamısı xüsusi təlim keçmiş şəxslərdir. 2-3 ay burda işlədikdən sonra onları başqaları əvəzləyir.

 

Yeri gəlmişkən, bu ölkədə ən populyar içkilərdən biri də konyakdır. Bu da səbəbsiz deyil. Sən demə, Kim Çen İr konyakı çox sevirmiş. Onun böyük konyak kolleksiyası da varmış. Xalq da haqlı olaraq, dahi rəhbərin konyakı sevdiyini inanıb, bu içkini daha çox sevməyə başlayıb.

***

 

...Bu da Tumanqan-Xasan yolu. Daha doğrusu “Dostluq körpüsü”. Bu ərazi 3 dövlətin sərhədidir. Çin, Rusiya və Şimali Koreyanın. Və bu azad iqtisadi zona da məhz burada yaradılıb. Hələ ki yolları bərbad gündədir, hələ ki qatarların hərəkəti intensiv deyil, hələ ki əlaqə ancaq bərəylədir. Amma bu zona, Rason Şimali Koreyanın dünyaya açılan bir pəncərəsidir. Hələ ki yeganə pəncərə. O pəncərədən içəri baxmaq isə bir azdan hamıya müyəssər olacaq...

 

(Yazıların hazırlanmasında dəstəyə görə, Dünya Azərbaycanlıları Assambleyasına minnətdarlıq edirik)

 

 

# 283
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar