Şəhid Vüsal Allahverdiyev
11 yanvar 2021 12:47 (UTC +04:00)

Şəhid Vüsal Allahverdiyev

Şəhidin anasına SON SÖZÜ: “Ağlama ha, ağlasan, incimə məndən”-VİDEO

Şəkillərinə baxıram. Bütün şəkillərində gülür. Təbəssümü adamın ürəyini dağlayır. Özümdən ixtiyarsız gözlərim dolur. Amma ağlamıram. Bilirsiniz niyə? Çünki hər dəfə ağlayanda bu qürurlu oğlanın ötkəm səsi qulaqlarımda cingildəyir. “Ağlama ha, ağlama! Ağlasan, məndən incimə!”

Anası Hicran Alıyevaya dediyi bu sözləri bütün Azərbaycan görmüşdü: “Həmin gün gedəndə bir də mənə dedi ki, “ana mən könüllü yazılmışam gedirəm”. Mən bilmirdim. Alnımdan öpdü, dedi “bax, ağlama ha, qürurlu ol. Sən oğlunla fəxr elə”. Son dəfə avtobusa minəndə də dedi ki, “ağlama ha, ağlasan, incimə məndən”. Arada zəng edəndə səsim kövrələndə yenə deyirdi “ağlama, sən döyüşçü anasısan”. Mən də dedim, oğul, mən səninlə fəxr eləmişəm, qürur duymuşam. Həmişə də fəxr edəcəm”.

Elə onun ruhunu incitməmək üçün bu gün mən də ağlamadan qürurla, fəxrlə sizə bu ciddi simalı, kövrək qəlbli igid qəhrəmanımızı tanıdacam.

Şəhid Vüsal Allahverdiyev... Sumqayıt şəhərində Vüsalla əslində qonşu məhəllələrdə yaşasaq da, ailəsi ilə görüşənə kimi mən də onu yalnız sosial şəbəkələrdə yayılan bu kadrlardan tanıyırdım. Çünki Vüsal sakit təbiəti, daima öz işində, gücündə olduğundan həmyaşıdları arasında o qədərdə tanınmayıb.

APA TV xəbər verir ki, Vüsal Allahverdiyev 16 avqust 1988-ci ildə Qubadlı rayonunda anadan olub. 5 yaşı olanda məcburi köçkün adı Vüsalın da taleyinə yazılır.

Orta məktəbi 9-cu sinfə qədər Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbdə təhsil alan Vüsal 10-11-ci sinfi Qubadlı rayon 2 nömrəli məktəbdə oxuyub. Elə o vaxtdan da ürəyindəki Vətən sevgisi hər keçən gün daha da böyüyüb, sonda onu qəhrəmana çevirdi.

2010-cu ildə Kooperasiya Universitetinin Maliyyə krediti və mühasibat uçotu fakültəsini bitirdikdən sonra hərbi xidmətə yollanan Vüsal vətənə borcunu Gəncədə ödəyir. Hərbi xidmətdən qayıtdıqdan sonra bank sektorunda çalışmağa başlayır, filial müdiri vəzifəsinə qədər yüksəlir.

Vüsalın atası Tahir Allahverdiyev Birinci Qarabağ müharibəsinin veteranı, dayısı Akif Alıyev və əmisi, ehtiyatda olan zabit Mahir Allahverdiyev isə qaziləridir. Dayısı deyir ki, ailəmizdə kişilər bir yerə yığışan zaman elə hey keçdiyimiz döyüş yolundan və Qubadlılı günlərimizdən danışardıq. Vüsal da maraqla dinlədiyi bu söhbətlərin sonunda “mən böyüyüm, özüm Qarabağda döyüşüb, Qubadlımıza bayrağımızı sancacam” – deyirdi: “Vüsal müharibə başlayanda dedi ki, “dayı, mən getməsəm, həyətə düşə bilmərəm. Mən Qubadlımı mən azad etməliyəm, bu mənim borcumdur”. Vüsal kimi igid oğullar gələcək üçün bir örnəkdir. Qürur yeridir”.

General Polad Həşimovun şəhid olma xəbərini işdə qarşılayan Vüsal Allahverdiyevin ilk işi hərbi komissarlığa gedərək, vətənin müdafiəsinə hazır olduğunu demək olur. Hər zaman Vətənini bütün sevgilərdən üstün tutan qəhrəmanımız ailənin tək oğlu olmasına baxmayaraq, işindən, gələcəyindən və bundan sonrakı həyatından imtina edərək Vətənin müdafiəsinə qalxır. Atası Tahir Allahverdiyevin sözlərinə görə, sentyabrın 30-da o, könüllülərlə birlikdə cəbhəyə yollanır: “İlk olaraq Ağcabədiyə gedirlər. Oradan Cəbrayıl, Hadrut istiqamətlərində döyüşlərdə oldu. Özü heç nə demirdi, sonra hərbçi dostları dedi ki, çox ağır döyüşlər olub. Döyüşdə komandiri ağır yaralanıb. Vüsala deyib ki, sən get, məni apara bilməzsən. Amma Vüsal razı olmayıb. Deyib ya sizi burdan çıxaracağıq, ya da bir yerdə şəhid olacağıq. Dediyi kimi, komandiri çıxarır oradan”.

Əmisi Mahir Allahverdiyev deyir ki, Vüsalla hər dəfə danışan zaman ona “bəlkə geri qayıdasan, mən döyüşürəm, təcrübəm var, sən axı müharibə görməmisən” deyəndə Vüsalın əmisinə etirazı daha kəskin olur. “Sən döyüşüb Vətən qarşısında borcunu yerinə yetirmisən, əmi, sənin uşaqların var, sən qayıt ailənin yanına. Mən şəhid olsam, anamdan, atamdan muğayat ol”: “Son dəfə danışanda dedim, ay bala, hansı istiqamətdəsən, vəziyyətlə bağlı yeri deyə bilmədi, dedi “əmi, biz bu gücə elə bir yüksəkliyi almışıq ki, Xocavənd ayağımızın altındadır. Bu günə kimi belə ağır döyüş olmamışdı. Bir də getsin, gəlməsin bu döyüş”. Vüsal biz iki qardaşın tək oğlu idi. Nəslimizin soyadını daşıyacaq tək oğul idi. Vətən uğrunda şəhid olmağı seçdi”.

Tahir Allahverdiyev oğlu ilə son danışığını belə xatırlayır: “Bir döyüş yoldaşı gəlmişdi, o dedi ki, Vüsalgil Xocavənd istiqamətində 75 km yolu piyada ermənini qova-qova getmişdi. Deyir, biz ora çatanda artıq Vüsal şəhid olmuşdu. Səhər saat 11-12 arasında şəhid olub. Həmin gün səhər saat 9 olardı bizimlə danışdı, dedi, hər şey yaxşıdır. Heç vaxt oradan nə isə artıq söz demirdi. Sonra giriblər açıq döyüşə. O, könüllü olaraq “Həmlə” qrupuna yazılmışdı, onlar öndə gedirdilər, ərazini azad edəndən sonra ikinci qrup gəlirmiş”.

Sentyabrın 30-da cəbhəyə könüllü yollanan Vüsal düz bir ay sonra - oktyabrın 30-da Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə 4 güllə yarası alaraq şəhid olur: “Qubadlı alınan günü zəng elədim ki, Vüsal, təbrik edirəm, Qubadlı alındı. Dedi, “ana, mən sizin hamınızı təbrik edirəm. Kaş ki, ora uğrunda döyüşə biləydim”. Bu onun arzusu idi. Mən də ana kimi arzulayırdım ki, oğlum qələbə bayramını, zəfər çaldığımızı görsün. Bu gün bir təskinliyim var ki, şəhidlərimizin qanı yerdə qalmadı”.

Dayısı Akif Alıyev bizə Vüsalın əşyalarını göstərir. Deyir bu kitablar Vüsalın həm dostu, həm yol yoldaşı olub. Hər dəfə maaş alanda yeni kitablar sifariş verirdi. Böyük Turan, türkçülük və Azərbaycançılıq ideologiyası Vüsalın dilinin əzbərinə çevrilmişdi. Vüsalın dəfnindən sonra yaşadığı mənzildə tək bir musiqi səslənir - Azərinin ifasında uşaqlıqdan sevdiyi “Çırpınırdın Qara Dəniz”: “Vüsalın canında Vətən, millət, yurd, türkçülük o qədər yüksək səviyyədə idi. Onunla oturub söhbət edəndə ancaq Vətəndən, Qubadlıdan, Turandan, türkçülükdən, soykökümüzdən danışırdı. Kitabları qalıb, baxın, hamısı türkçülüklə bağlıdır. Dünya malında gözü olmadı onun, həyatda hər şeyi var idi, maddi imkanı, evi, işi. Amma dediyi söz o idi ki, mənim torpağım işğaldadır”.

İndi Vüsalın yaşadığı binada onun xatirəsini əbədiləşdirmək üçün ailəsi tərəfindən abidəsi qoyulub. İllər ötəcək, yolu burdan keçən yeni nəsillər Vüsalın qəhrəmanlığından, onun keçdiyi döyüş yolundan ağız dolusu danışacaqlar. Axı qəhrəmanlar unudulmur!

Elə şəhidimiz də döyüşlərə qatılmamışdan öncə şəhidlərimizin adına bulaq tikdirirdi. Açılışını etmək Vüsala qismət olmasa da, dostları və ailəsi onun bu arzusunu gerçəkləşdiriblər. İndi bu bulaq şəhid Vüsal Allahverdiyevin adını daşıyır.

İlahə Vəliyeva

Üzeyir Ağayev

APA TV

# 3381
avatar

Oxşar yazılar