Balacalarımızın BÖYÜK  arzuları - REPORTAJ
01 iyun 2021 11:12 (UTC +04:00)

Balacalarımızın BÖYÜK arzuları - REPORTAJ

Mən bilirsiz qələbə sevincini necə yaşadım? Əsas da Şuşanın azadlığı günü. Şuşa Qarabağın tacıdır. Həm də Şuşada Xarıbülbül var, mən də onu görməmişəm. İndi sevinirəm ki, Xarıbülbülü görəcəm. Azərbaycan mənim ata ocağımdır, bizim evimizdir, yurdumuzdur. Bilirsiz, mən Şuşanı görsəm, çox sevinəcəm.

Duyğunun 11 yaşı var. 5-ci sinif şagirdi olan Duyğu rus dilində təhsil alır. Bununla yanaşı, ingilis, fransız və çin dillərində də sərbəst danışmağa çalışır. Tanışlığımıza elə məktəb həyatından başlamaq istədim, amma Duyğu razılaşmadı. Dedi ki, Vətən Müharibəsində Azərbaycan Ordusunun qələbəsindən danışaq, çünki mən sevinc hissimi bölüşmək istəyirəm. Elə söhbətimizə vətən sevgisindən, gələcək Azərbaycandan və Duyğunun arzularından başladıq. Jurnalist olacağını, müasir Azərbaycanı dünya mediasında layiqincə təmsil edəcəyini deyir:

- Ali təhsilimi Bakıda alacam deyə düşünürəm. Bakı mənim evimdir, vətənimdir. Burda doğulmuşam, burda böyümüşəm.

- Jurnalistikanın hansı istiqamətində çalışmaq arzusundasan?

- Mən televiziyada işləmək istəyirəm.

- Televiziyanın çətinlikləri səni qorxutmur ki?

- Xeyr.

- Aparıcı olacam. “Xəbərlər”də aparıcı olmaq istəyirəm.

- Niyə məhz xəbər?

- Çünki insanlara düzgün, dəqiq məlumatı çatdırmaq arzum var.

Duyğu deyir ki, vətən torpağı bütövdürsə, deməli, uşaqlar da xoşbəxtdir. Uşaqları isə sevmək, onlara vaxt ayırmaq lazımdır:

- Uşaqların üzü hər zaman gülməlidir. Valideynlər onlara zaman ayırmalıdır. Bəzən uşaqlar da sərt ola bilir.

- Bəs sən necə ?

- Mən də hərdən elə oluram. Məktəbdə, məsələn, dərslərə ciddi yanaşmaq lazımdır. Mən də belə edirəm.

- Dedin ki, uşaqlar da əsəbiləşə bilər. Səni nə əsəbiləşdirə bilər?

- Mən evimizə gələn qonaqlara oyuncaqları verirəm, bölüşməyi bacarıram. Amma mənim kitablarıma, dəftərlərimə toxunanda əsəbiləşirəm. Axı dərslərə ciddi yanaşmaq lazımdır. Paltarlarıma da toxunanda xoşuma gəlmir. Amma ən xoşuma gəlməyən rəngli qələmlərimi sındıranda çox pis oluram. Axı onları ağaclardan düzəldirlər bizim üçün.

Ailənin yeganə övladı olan Duyğu təklikdən sıxılmadığını dilə gətirir. Etiraf edir ki, ev işlərində anasına kömək edə bilmir: “Mənə mama deyir ki, sən vaxtında dərslərini etsən, bu, mənə böyük hədiyyədir”.

11 yaşlı həmsöhbətimiz heyvanları sevir. Pişiklərə daha çox diqqət ayırır. Baxmağa vaxtı olmadığından, nənəsi kömək edir. Mətbəxi yığışdırmağı sevməsə də, xörək bişirməyi sevir. Nənəsinin bişirdiyi şirniyyatları daha çox sevir. Bəs sözə baxmayanda valideynləri Duyğunu tənbeh edirmi? “Anam məni daha çox danlayır. Atam demək olar ki, yox. İkisi də məni sevir”.

Sevdiyi dostları sinif yoldaşlarıdır: “Məktəb yoldaşlarımla da çox yaxşı dostam. Onlar da yaxşıdırlar”.

Duyğu yoqa ilə məşğul olur, gözəl rəsmlər çəkir, piano ifa edir. Gələcəkdə musiqi təhsilini davam etdirəcəyini düşünür, söhbətimizi piano ifası ilə davam edirik.

Murad Qulusoy isə 10 yaşındadır. 5-ci sinif şagirdi olan Murad “Asperger” xəstəliyindən əziyyət çəkir. Valideynlərinin, ixtisaslı mütəxəssislərin köməyi ilə artıq fikirlərini tam ifadə edə bilir. İngilis dilində sərbəst danışır. Heykəltəraş olmaq arzusundadır. İzlədiyi cizgi filmlərinin personajlarını sərbəst şəkildə düzəldir, arada bacısı Əsmər də kömək edir. Dərslərini yaxşı oxuyur. Bu onun ilk müsahibəsi olduğundan həm həyəcanlı, həm də sevinclidir. Fikirlərini çətinliklə də olsa çatdırır, arada susur:

- Necəsən, Murad?

- Yaxşı.

- Dərslərin necə gedir?

- Normal.

- Hansı fənləri sevirsən?

- Azərbaycan dili, riyaziyyat, rus dili.

- Boş vaxtlarında nə edirsən?

- Heykəllər düzəldirəm. Cizgi filmlərinə baxıb, onların qəhrəmanlarını düzəldirəm.

Arzularına gəlincə: “Əsgər olacam, Vətəni qoruyacam. Ermənilər hücum etsə, öldürəcəm. Mən Azərbaycanı çox güclü görmək istəyirəm. Böyüyüb heykəltəraş olacam”.

Muradın çətinliklə fikirlərini ifadə etdiyini görən 6 yaşlı bacısı Əsmər bizə yaxınlaşır: “6 yaşım var. Məktəbə gedirəm. Dərslərimi oxuyuram. Qardaşıma da kömək edirəm”.

Gününüz mübarək, dünyanız salamat, xoşbəxtliyiniz daimi olsun, balaca dostlar!

Sevinc Vaqifqızı,

Üzeyir Ağayev,

Samir Qaragözov,

APA TV

Balaca azərbaycanlıların gələcək arzuları

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2460
avatar

Oxşar yazılar