Bərdəli Oruc və Səkinə, Ruandalı Elli
29 aprel 2021 13:11 (UTC +04:00)

Bərdəli Oruc və Səkinə, Ruandalı Elli

Afrikalı Elli, bərdəli bacı-qardaş, "quş dili"ndə danışanlar: “Mauqli uşaqlar” - VİDEOREPORTAJ

Ruandalı Elli. Bir qədər əvvəl bütün dünyaya səs salan “Mauqli uşaq”. Elli Ruandanın ucqar kəndində dünyaya gəlib. Hazırda da orada yaşayan Elli uşaqlıqdan cəngəlliklərdə gəzir. Anası həmin kənddə olan və Elliylə bağlı reportaj hazırlayan jurnalistə deyir ki, oğlu evə çox az gəlir, hələ də indiyə kimi bişirdiyi yeməkdən yeməyib. Sən demə, Elli banan və giləmeyvələrlə dolanır. Hətta ot da yeyir. Televizor, radio və telefondan isə qorxur. Heç danışa da bilmir. Fikirlərini ancaq səslərlə ifadə edir. Elə əsil Mauqli kimi...

Mauqli sindromlu ruandalı Elli

Hə, Elli Mauqli sindromundan əziyyət çəkir. Dünyada nadir rast gəlinən bu sindromu daşıyanlardan, sən demə Azərbaycanda da var imiş: Oruc və Səkinə. Onlara “Mauqli uşaqlar” da deyirlər. Elə Elli kimi bu bacı-qardaş da Mauqli sindromundan əziyyət çəkir. Orucun 9, Səkinənin isə 6 yaşı var. Amma yaşıdları kimi deyillər.

“Televizoru görəndə uşaqlar çox təəccüblənmişdilər. Onlar üçün televizorun, telefonun və bu kimi əşyaların varlığı qeyri-adi bir hal idi. Təsəvvür edin, ilk dəfə görürdülər. Musiqinin səsini eşidəndə bu səs hardan gəlir deyə düşünürdülər.

Elnurə Məmmədova danışır bunları bizə. Azərbaycan Uşaqlar İctimai Birliyində çalışan Elnurə müəllimə artıq bir aydır ki, Oruc və Səkinənin təhsili, onların inkişafı ilə məşğuldur.

“Onlar bura gələndə normal uşaqlar kimi deyildilər. Elə bir vəziyyətdə gəlmişdilər ki, adlarını adını çəkib çağıranda quş və heyvan səsləri çıxararaq cavab verirdilər. Aprelin 1-dən burdadırlar. Bu müddətdə artıq bizə, buradakı uşaqlara adaptasiya olublar. Bu da onların normal həyata qayıtmalarına, digər uşaqlar kimi davranmalarına kömək edir. Əvvəlki vəziyyətlə indikində çox fərq var”.

17 ildir ki, uşaqlarla işləyən Elnurə müəllimə deyir ki, ilk dəfədir ki, “Mauqli sindromlu” uşaqlara rast gəlir.

“Heç vaxt belə uşaqlar görməmişdim. Biz onlara hər şeyi sıfırdan öyrətməyə başlamışıq. Əllərindən tutub yazı yazmağı, şəkil çəkməyi öyrədirəm. Rəsm çəkməyə, əl işləri hazırlamağa çox böyük maraqları var. Xüsusilə də Orucun. Oruc öyrənmək istəyir. Düzdü, çox əziyyət çəkir, amma bu ona ləzzət edir. Məsələn, o, elə bir mühitdə böyüyüb ki, nəinki sərgi, heç rəsmin nə olduğunu bilməyib. Amma burada rəsm çəkməyi öyrənməyə başladığı ilk gündən çəkdiklərini divara yapışdıraraq kiçik sərgi yaratdı sanki. Deyirdi ki, “müəllim, uşaqlar hamı çəkdiyim rəsmləri görsün”.

Oruc və Səkinə burada gördükləri sevgi və qayğını evlərində görməyiblər.

“Normal ailələrdə səhər, günorta və axşam yeməyi olur. Bu uşaqlar düzənli olaraq yemək belə yeməyiblər. Nəzarətsiz böyüyüblər. Ona görə də bura gələndə gördülər ki, bizim xüsusi yemək, çay və meyvə saatlarımız var. Meyvələri yuyub yemək lazım olduğunu da burada gördülər. İlk günlər meyvəni elə yumadan yeməyə cəhd göstərirdilər. Yeməyi əllə yeyirdilər. Amma hazırda bu vərdişləri unudurlar”.

Mauqli sindromlu bərdəli Oruc və Səkinə

Uşaqlar tam sağlamdır. Amma Səkinədə hələ də aqressiya var. Onun adaptasiyası qardaşına nisbətən gec olur. Buna səbəb isə bir gün evlərinə qayıdacaqlarını fikirləşmək və özünə əziyyət verməmək düşüncəsidir.

Uşaqların bir-birilə rəftarının formalaşması və ünsiyyət qurma bacarığının inkişaf etdirilməsi ilə məşğul olan Rüfət Zəkizadə deyir ki, onların sığınacağa gəldikləri ilk günlər bir çox problemlərlə qarşılaşıblar.

“Uşaqların bir-biriylə davranışında çox problemlər var idi. Çox aqressiv idilər. Oyuncaqları digər uşaqlarla bölüşmək istəmirdilər. Hansısa uşaq oyuncaq almaq istəsə, ona qarşı şiddət göstərirdilər. Həm bacı-qardaş olaraq bir-birləri ilə , həm də digər uşaqlarla yola getmir, dalaşırdılar. İndi bunlar demək olar ki, aradan qalxıb. Oruc digər uşaqlarla oynayır. Səkinə isə ünsiyyət qurmaqda hələ də çətinlik çəkir”.

Hə, Oruc və Səkinənin vəziyyəti əslində ürək dağlayır. Bəs, bu uşaqları “Mauqli” edən səbəb nədir? Niyə onlar digərləri kimi deyil?

Azərbaycan Uşaqlar İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, hər şey ailədən başlayır.

“Bərdə rayonundadı bu uşaqlar. Atanın 71, ananın isə 43 yaşı var. Uşaqlar bu ailədə ancaq təhqir görüblər. Belə ailədə nə öyrənmək olar ki? Hansı inkişafdan söhbət gedə bilər? Burada çox nüanslar var. Ailənin maddi durumu, evin şəraiti və ən əsas da ananın biganəliyi. Bütün bunlar uşaqların inkişafdan qalmasına təkan verib. Uşaqlar bura gətirilərkən qərar verildi ki, ata qocalar evinə, ana isə əsəb dispanserinə yerləşdirilməsi ilə bağlı müzakirələr də başlandı”.

Kəmalə Ağazadə onu da bildirib ki, hazırda hüquqi prosedurlar həyata keçirilir.

“Bərdə rayon İcra Hakimiyyəti və hüquq şöbəsi hazırda bu istiqamətdə işlər aparır. İndi qarşıda iki yol var. Əgər ananın ruhi xəstə olmaması öz təsdiqini taparsa, reabilitasiya bitəndən sonra uşaqlar ailəyə qaytarılacaq və bu ailə icra hakimiyyəti tərəfindən də nəzarətə götürüləcək. Əgər əksi olarsa, bu zaman uşaqlar sığınacağa yerləşdiriləcək. Bizim üzərimizə düşən isə odur ki, bu uşaqların ilkin reabilitasiyasını həyata keçirməliyik”.

Ən dəhşətlisi bilirsiniz nədir? 71 yaşlı ata və 43 yaşlı ana Oruc və Səkinəni bura gətirib qoyur və çox sakitcə vidalaşıb gedirlər. Geriyə belə çevrilmədən. Yaratdıqları “əsərlərinə” bəlkə də sonuncu dəfə baxmaq üçün…

Afrikalı Elli, bərdəli bacı-qardaş, "quş dili"ndə danışanlar: “Mauqli uşaqlar”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15786
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar