“Şagirdlər arasında qidalanma ilə bağlı ən çox yayılan səhvlər səhər növbəsində oxuyanların çox vaxt məktəbə ac və ya yüngül, “ayaqüstü” atışdırmalıqlar yeyərək gəlməsidir. Günə və dərsə gümrah, sağlam başlamaq üçün faydalı səhər yeməyi çox vacibdir”.
Lent.az xəbər verir ki, bu fikirləri “Sağlam radio”da yayımlanan “Sağlam səhər” verilişində qonaq olan pediatr Günay Rəsulova açıqlayıb.
Onun sözlərinə görə, hazır paketli qidalar, fastfud, tez hazırlanan sendviçlər, yüksək şəkər tərkibli hazır bişmələr boş və yüksək kalorili, qida dəyəri isə çox az olduğu üçün uşaqlar bu qidalardan uzaq olmalıdırlar:
“Valideynlər uşaqların məktəbə yaxın ərazilərdən “ayaqüstü” qidalar almalarına nəzarət etməlidirlər. Səhər uşağı məktəbə şirin çay içərək göndərmək kimi bir vərdişimiz var. Səhər saatlarında yüksək şəkərli yeyəcək və içəcəklərin qəbul edilməsi, dərs saatlarında qanda şəkərin miqdarının artması nəticəsində uşağın halsız, yorğun, əzgin hiss etməsinə və baş ağrısına səbəb ola bilər. Məktəbə gedən uşağın qidasının boş kalori yükündən deyil, sağlam, proteinlə zəngin, vitaminli, rahat həzm edilə bilən qidalardan ibarət olmasına diqqət etməliyik”.
Pediatr bildirib ki, məktəblilərin plastik şüşədə su qablarında olan suları içməsi də tövsiyə edilən deyil:
“Həmçinin, uşaqların məktəbə, kəskin qoxu verən, narahatedici qidalar gətirməsi və yeməsi uyğun görülmür. Bu həm uşağın özü, həm də ətrafdakılar üçün narahatedici, dərsə fikirlərin yayınmasına səbəb ola bilər”.