Əvvəlcə bunu anlamaq vacibdir: hər yüksək tonla danışmaq aqressiya deyil. Məsələn, cənub ölkələrində, xüsusilə İtaliyada insanlar emosional və yüksək səslə danışırlar – bu onların normasıdır.
Lent.az xarici mediaya istinadla bildirir ki, belə “səs-küylü” ünsiyyət tərzi nə inciklik, nə də düşmənçilik ifadə edir. Ancaq əgər qışqırıq qəzəb və əsəb doludursa, xüsusən də uşaq yönəlikdirsə – bu artıq psixoloji təzyiq formasıdır.
Uşağa qışqırmağın təhlükəsi nədədir?
Qışqırıq tərbiyə metodu deyil, bir növ məcbur etmə üsuludur. Uşaqda hörmət deyil, qorxu yaradır. Əgər uşaq yalnız qorxudan itaət edirsə, etdiyi hərəkətlərin mənasını anlamır – sadəcə təzyiqlə hərəkət edir. Bu, daxili motivasiyanı məhv edir və ətraf aləmlə yanlış münasibət formalaşdırır.
Kiçik yaşlı uşaqlar gerçəkliyi birbaşa qəbul edirlər. Əgər onlara qışqırırlarsa, bu nəticəyə gəlirlər: “Məni sevmirlər.” Bu hiss daha dərin bir daxili travmaya çevrilə bilər – özünü tənha, lazımsız və qəbul olunmayan hiss etmək. Nəticədə uşaqda inamsızlıq, tez-tez ağlama, yuxu və davranış pozuntuları yarana bilər.
Bəziləri diqqət çəkmək üçün daha pis davranmağa başlayır, digərləri isə özünə qapanır. Bundan əlavə, uşaqlar böyükləri təqlid etməyə meyllidirlər. Tez-tez üzərinə qışqırılan uşaq, duyğularını da eyni formada – qışqırıqla ifadə etməyi öyrənir və gələcəkdə ya aqressiv, ya da sıxılmış biri ola bilər.
Daimi qışqırığın uşağın gələcəyinə təsiri
Mütəxəssislərin fikrincə, uşağa sistemli şəkildə qışqırmaq onun cəmiyyətə uyğunlaşmaq qabiliyyətini pozur. Bu şəraitdə uşaqda natamamlıq kompleksi yaranır.
“Pisəm”, “Heç kim məni sevmir”, “Heç nəyə qadir deyiləm".
Bu, gələcəkdə insanların arasında özünü yad hiss etməyə, yeni şeylərdən qorxmağa və ətrafdakılara inamsızlığa gətirib çıxarır. Qışqırıq mühiti ilə böyüyən insan, sonradan bu ünsiyyət tərzini şüursuz şəkildə həyatına daşıyır – partnyorla mübahisə edir, öz uşaqlarına qışqırır, emosiyalarını başqa cür ifadə edə bilmir. Beləcə, toksik davranış modeli nəsildən-nəslə ötürülür.
Qışqırıq valideynlə uşaq arasındakı etimadı məhv edir. Uşaq hisslərini paylaşmır, səhvlərini gizlədir, başa düşülməməkdən və cəzalanmaqdan qorxur. Bu isə zamanla xroniki stressə, yuxu və qidalanma pozuntularına, hətta psixosomatik xəstəliklərə belə gətirib çıxara bilər.
Nə vaxt səsi ucaltmaq olar?
Yüksək ton yalnız fövqəladə hallarda – həyat və sağlamlıq təhlükəsi olduğu zaman haqlıdır. Məsələn, uşaq yola doğru qaçırsa və ya rozetkaya əl uzadırsa. Bu hallarda yüksək səs dərhal diqqəti cəlb edir və təhlükənin qarşısını alır. Əsas odur ki, qışqırıqda aqressiya olmasın. Məsələn: “Dayan"! – deyib, sonra təhlükəni izah etmək kifayətdir.
Valideynlər emosiyalarını necə idarə edə bilər?
Uşağa qışqırıq çox vaxt valideynin daxili gərginliyindən qaynaqlanır. Yorğunluq, həll olunmamış problemlər, işdə və ya ailədəki stres – bunların hamısı toplanır və nəticədə əsəb partlayışı yaşanır. Belə hallarda uşaq, səbəbkar olmasa da, hədəfə çevrilir.
Bunun qarşısını almaq üçün valideynin öz emosional vəziyyətinə diqqət etməsi vacibdir:
Dərin nəfəs məşqləri – sürətli sakitləşmək və nəzarəti bərpa etmək üçün faydalıdır.
Meditasiya və yoqa – narahatlığı azaldır, ümumi halı yaxşılaşdırır.
Fiziki fəaliyyət – sinir sistemini boşaltmağın ən təsirli yollarındandır.
Yaxınlarla açıq ünsiyyət və lazım gəldikdə psixoloqla görüşlər – daxili konfliktləri həll etməyə və özünlə əlaqəni qurmağa kömək edir.
Qışqırıq əvəzinə – şüurlu ünsiyyət
Əgər qəzəbinizin partlayacağını hiss edirsinizsə – fasilə verin. Otaqdan çıxın, 10-a qədər sayın, dərindən nəfəs alın. Bu zəiflik deyil – bu, şüurlu yanaşmadır.
Uşaqla bu fasilədən sonra qurulmuş söhbət, qəzəb partlayışından qat-qat təsirli olacaq. Əsas yadda saxlamaq lazımdır: uşaqlar bizim düşmənimiz deyil. Onlar bu dünyanı öyrənirlər, səhv edirlər, inkişaf edirlər. Və məhz biz – böyüklər – onların bu yolunun necə olacağını müəyyənləşdiririk: qorxu və günah hissi ilə dolu, yoxsa sevgi və anlayış içində.