Siz onu “sağlamlıq üçün” futbola göndərirsiniz, amma o, hər məşqdən əvvəl şikayət edir? Tanış səhnədir? Ola bilər ki, siz əsas məqamı gözdən qaçırırsınız: idman təkcə fiziki forma üçün deyil.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, alimlər sübut ediblər ki, müntəzəm məşğələlər uşaqlarda narahatlıq səviyyəsini azaldır, yuxunu yaxşılaşdırır və hətta dost tapmağa kömək edir. Bəs necə etməli ki, bu “məcburiyyət” deyil, sevinc mənbəyi olsun?
Sirr ondan ibarətdir ki, uşağın özü sevdiyi fəaliyyəti seçməlidir. Axı hər uşaq komanda oyunları üçün doğulmayıb. Bəziləri üzgüçülükdə özünü ifadə edir – orada insan yalnız özü ilə yarışır. Bəzilərinə isə yoqa və ya rəqs daha xoş gəlir. Hətta itlə birgə qaçış və ya həyətdə ağaca dırmaşmaq da idmandır – əgər bu fəaliyyət uşağa zövq verirsə. Medal dalınca qaçmaq əvəzinə, uşaqlara müxtəlif şeyləri sınamaq imkanı verin.
Maraqlı fakt: idman uşağa məğlubiyyətlə barışmağı öyrədir. Uşaq oyunda uduzanda, beyni gələcəkdə məktəbdə və ya işdə faydalı olacaq uyğunlaşma strategiyaları formalaşdırır.
Sizin vəzifəniz – uduzduğu üçün onu danlamaq yox, birlikdə müzakirə etməkdir:
“Bu gün nə daha yaxşı alındı?”
“Növbəti dəfə nəyi dəyişmək olar?”
Bu yanaşma mənfi hissləri motivasiyaya çevirir.
Bəs əgər uşaq heç bir fəaliyyətə maraq göstərmirsə?
"Görünməyən idman" üsulunu sınayın. Məsələn:
Gəzintidə bir tapmaca qurun: “Kim birinci mavi maşına çatar?”,
Yaxud musiqi açıb mətbəxdə rəqs yarışması edin. Əsas odur ki, “məşq etməliyik” fikrindən “əylənək” fikrinə keçəsiniz.
Unutmayın: Uşaqlar sizin münasibətinizi təkrarlayır. Əgər siz axşamları divanda oturub idman zalından şikayət edirsinizsə, uşağın hərəkəti sevməsi çətin olar
Kiçik addımlarla başlayın, məsələn, ailəvi velosiped sürüşü və ya bağ evində badminton oynamaq. İdman o zaman “məcburiyyət” yox, birlikdə olmaq üsuluna çevriləcək.