Twitter Meta şirkətini məhkəməyə verir?
07 iyul 2023 14:17 (UTC +04:00)

Twitter Meta şirkətini məhkəməyə verir?

Dünən Meta şirkəti özünün Twitter analoqu olan Threads adlı servisi istifadəyə verdi.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, servis istifadəyə veriləndən qısa müddət sonra istifadəçilər arasında çox məşhur oldu. Meta-nın CEO-su Mark Zuckerberg Threads-i birbaşa Twitter-in rəqibi hesab edir. Lakin Meta öz yeni servisi ilə bağlı hüquqi problemlərlə qarşılaşa bilər. Belə ki, Twitter intellektual mülkiyyət hüquqlarının pozulması iddiası ilə Meta-ya məhkəməyə müraciət xəbərdarlığını edib. Mark Zuckerberg-ə ünvanlanmış məktubda Twitter-in hüquqşünası bildirib ki, Twitter, Meta Platforms şirkətinin sistematik, şüurlu və qanunsuz şəkildə Twitter məlumatlarından istifadə etməsindən narahatdır. Belə ki, istifadə edilən məlumatlar arasında Twitter-in kommersiya sirləri və ya digər intellektual mülkiyyəti ola bilər.

Twitter-in sahibi olan Elon Musk-ın təmsilçilərinin sözlərinə əsasən sosial şəbəkə öz intellektual mülkiyyət hüquqlarını ciddi şəkildə qorumaq niyyətindədir. Məlumdur ki, Threads demək olar Twitter-in kopyasıdır. Sözügedən yeni servis istifadəyə verilən andan qısa müddət sonra onun istifadəçi kütləsi bir xeyli artıb. Meta şirkətinin təmsilçiləri iddia edirlər ki, Meta şirkəti son 1 il ərzində bir çox keçmiş Twitter əməkdaşını özünə cəlb edib və həmin əməkdaşların çoxu Twitter-in kommersiya sirlərinə və digər konfidensial məlumatlarına sahib olublar. Bununla belə həmin əməkdaşlar indiyənə kimi həmin məlumatlara sahib ola bilərlər. Əlavə olaraq qeyd edilib ki, keçmiş Twitter əməkdaşları şirkətə məxsus olan sənədlərlə lazımi şəkildə davranmayıblar.

İddia olunur ki, bütün bunlardan məlumatlı olmuş Meta, Twitter rəqibinin yaradılması prosesini sürətləndirmək üçün onlara yeni sosial şəbəkənin hazırlanması tapşırığını verib. Bu isə öz növbəsində ABŞ ştatı qanunlarını və federal qanunvericiliyi pozur. Bütün bunlara cavab olaraq Meta Threads-də qeyd edib ki, onun işçiləri arasında keçmiş Twitter əməkdaşları ümumiyyətlə yoxdur. Twitter-in öz keçmiş əməkdaşlarının Meta-da çalışmalarının nə ilə əsaslandırdığı tam aydın deyil. The Guardian bildirib ki, o, LinkedIn vasitəsilə aşkar edib ki, son 1 il ərzində Meta-da çalışmağa başlamış bəzi əməkdaşlar həqiqətən də əvvəllər Twitter-də çalışıblar. Lakin İT sahədə bu çox geniş yayılmış bir haldır. 

# 2514
avatar

Oxşar yazılar