Elmin inkişafı insanı Tanrının yaradıcılıq səlahiyyətlərinə bir addım daha yaxınlaşdırır. Bu gün artıq təkcə canlı orqanizmləri anlamaqla kifayətlənmirik – biz onları sıfırdan yarada, dəyişdirə və yenidən proqramlaşdıra bilirik. Sintetik biologiya – adından da göründüyü kimi – təbiətdə mövcud olmayan biologiyanı sintetik şəkildə yaratmaqla məşğul olan elm sahəsidir. Bu sahə elə bir mərhələyə çatıb ki, "həyat" anlayışını yenidən düşünmək məcburiyyətindəyik. Bəs bu yeni elmi inqilab insanlığa nə vəd edir? Xilas, yoxsa təhlükə?
Sintetik biologiya nədir?
Sintetik biologiya biologiya, mühəndislik, informatika və genetikanın birləşdiyi interdisiplinar sahədir. Əsas məqsəd canlı sistemlərin funksiyalarını təhlil etmək, dəyişmək və yeni bioloji komponentlər və sistemlər dizayn etməkdir. Genetik modifikasiyadan fərqli olaraq sintetik biologiya sıfırdan yeni genetik konstruksiyalar yarada bilir. Məsələn, təbiətdə mövcud olmayan genetik ardıcıllıqlar yazılıb hüceyrələrə yerləşdirilə bilər.
Sintetik biologiyanın bir sıra sahədə müəyyən faydaları vardır. Bu sahələr içərisində tibb birinci yerdə dayanır. Təsadüfi deyil ki, 2010-cu ildə amerikalı alim Craig Venter və komandası tamamilə süni genetik materialla işləyən bir bakteriya – Mycoplasma laboratorium yaratdı. Bu, süni həyat formasının ilk nümunəsi kimi tarixə düşdü.
Digər tərəfdən sintetik biologiya vasitəsilə xərçəng hüceyrələrini yalnız onlar mövcud olduqda aktivləşən “ağıllı” dərman daşıyıcıları hazırlanır.
Sintetik biologiyanın ətraf mühitin qorunması sahəsində də faydaları vardır. Məsələn, E. coli bakteriyasının sintetik modifikasiyası ilə neft tullantılarını parçalaya bilən canlılar yaradılmışdır. BP neft sızmasından sonra bu texnologiyanın potensialı daha çox diqqət çəkdi. Eyni zamanda, “bioplastik istehsal edən” bakteriyalar vasitəsilə ətraf mühitə zərərsiz qablaşdırma materialları hazırlanır.
Sintetik biologiyanın mütərəqqi tərəfləri ərzaq təhlükəsizliyindən də yan keçməmişdir. Hazırda “Impossible Foods” və “Beyond Meat” kimi şirkətlər ət əvəzedicilərini sintetik biologiya sayəsində hazırlayaraq ətraf mühitə təsiri az olan qida alternativləri yaratmaqdadır.
2020-ci ildə Sinqapurda ilk dəfə olaraq laboratoriyada istehsal edilmiş toyuq əti restoran menyusuna daxil edilmişdir.
Sintetik biologiya enerji mənbələrinə müsbət mənada xeyrli təsir edir. Belə ki, “Joule Unlimited” şirkəti günəş işığı və karbon qazından istifadə edərək sintetik şəkildə bioetanol istehsal edən mikroorqanizmlər hazırlamışdır. Bu üsulla neftə alternativ olaraq yaşıl enerji əldə etmək mümkündür.
Lakin müsbət tərəfləri və faydaları ilə yanaşı, sintetik biologiya özünəməxsus bir sıra təhdidlər və risklər də meydana gətirmişdir.
Bunların başında biotəhlükəsizlik dayanır. Qeyd edək ki, Harvard Universitetində yaradılan sintetik bakteriyanın laboratoriya xaricində davranışına nəzarət etmək üçün genetik “öldürmə düyməsi” (kill switch) əlavə edilmişdir. Amma bu texnologiyanın kütləvi şəkildə nəzarətsiz istifadəsi ciddi nəticələrə yol aça bilər.
Məsələnin bioetika tərəfinə gəldikdə isə, insan embriolarına sintetik müdaxilə və ya süni orqanizmlərlə insan hüceyrələrinin birləşdirilməsi "chimera" debatlarını gündəmə gətirmişdir.
Sintetik biologiya eyni zamanda, bioterrorizmin yeni üzünü ortaya qoyur. ABŞ-da 2002-ci ildə elm adamları sintetik şəkildə poliovirus yarada bildikdə bunun terror məqsədilə ölümcül virusların yaradılması ehtimalını artırdığı bildirilmişdir.
Təəssüf ki, sintetik biologiya təbiətin balansına da ciddi müdaxiləyə səbəb ola bilir. Maraqlıdır ki, sintetik bioloji müdaxilə ilə dəyişdirilmiş skeeterlər (ağcaqanadlar) Braziliyada və digər tropik bölgələrdə Zika və malyariya ilə mübarizə üçün istifadə edilmişdir. Lakin uzunmüddətli ekoloji təsirləri hələ də müzakirə mövzusudur.
Beləliklə, sintetik biologiya XXI əsrin ən maraqlı və eyni zamanda ən mübahisəli elmi sahələrindən biridir. Bu sahə bizi bəlkə də tarixdə ilk dəfə olaraq həyatın özünü dizayn etmə gücünə sahib edir. Lakin bu güc məsuliyyətlə idarə olunmadıqda fəlakətlərə də yol aça bilər. İnsanlıq süni həyatı yaratmaqla özünü xilas edəcək, yoxsa məhvə aparacaq? Bu sual hələ də cavabsızdır...