Çində artıq beyin çipi implantasiya edildi
02 iyul 2025 11:38 (UTC +04:00)

Çində artıq beyin çipi implantasiya edildi

Çinin Nankay Universitetindən olan alimlər dünyada ilk dəfə olaraq qan damarları vasitəsilə implantasiya edilmiş beyin-kompüter interfeysinin (BCI) uğurlu sınağını həyata keçiriblər.

Lent.az Interesting Engineering-ə istinadən xəbər verir ki, bu az invaziv prosedur insult nəticəsində 6 ay əvvəl bədəninin bir tərəfi iflic olmuş 67 yaşlı kişiyə qolunun hərəkətliliyini yenidən bərpa etməyə kömək edib. Minimal invaziv əməliyyat boyundakı vena vasitəsilə beyinin qan damarlarına içərisində son dərəcə nazik elektrodlar yerləşdirilmiş stentin daxil edilməsindən ibarət olub. Cəmi 50 mikrometr qalınlığında olan bu elektrodlar sinə nahiyəsində dərialtı yerləşdirilmiş naqilsiz qurğu ilə birləşdirilib və bu da beyin dalğalarını (EEQ siqnallarını) oxumağa və ötürməyə imkan verir.

Komanda BCI sistemini funksional elektrik stimulyasiyası ilə birləşdirir ki, bu da real vaxtda xəstənin hərəkət fəaliyyətini dəstəkləyir və beynin neyroplastikliyini təşviq edir. Bu texnologiya sayəsində pasient heç bir əlavə fəsad - infeksiya və ya tromboz olmadan, öz istəyi ilə əşyaları tutmağı və gündəlik tapşırıqları yerinə yetirməyi öyrənib. Əvvəllər alimlər bu texnologiyanı heyvanlar üzərində uğurla tətbiq etmişdilər: 2022-ci ildə bir qoyun beyin-kompüter interfeysi sayəsində hərəkətləri idarə edə bilmiş, 2023-cü ildə isə implantasiya olunmuş elektrodlarla təchiz edilmiş bir meymun robotlaşdırılmış əl vasitəsilə müstəqil şəkildə qidalanmağı öyrənmişdi.

Bu arada, ABŞ-da milyarderlər Bill Gates və Jeff Bezos tərəfindən dəstəklənən Synchron şirkəti insanlar üzərində 10 az invaziv əməliyyat həyata keçirib. Lakin bu şirkətin BCI texnologiyası əsasən pasientlərə rəqəmsal cihazları - sosial şəbəkələri, musiqi və Apple cihazlarında oyunları - idarə etməkdə kömək edir. Çinli alimlər isə diqqətlərini bədən hissələrinin tam hərəkət qabiliyyətinin bərpasına yönəldiblər. Texnologiyanın kütləvi tətbiqinə doğru atılmış mühüm addım Çində BCI prosedurları üçün yeni sığorta kateqoriyalarının yaradılması və regional səviyyədə qiymətqoyma üzrə rəhbər prinsiplərin təsdiqlənməsi olub. Bu addım texnologiyanın pasientlər üçün əlçatanlığını artıracaq və sahənin daha da inkişafını stimullaşdıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 934

Oxşar yazılar