ABŞ-da aparılan yeni bir araşdırma süni intellekt vasitələrinin xüsusilə gənclərin təhsilinə mənfi təsir göstərə biləcəyini üzə çıxarıb.
Lent.az xəbər verir ki, Massaçusets Texnologiya İnstitutunda (MIT) aparılan araşdırmaya görə, böyük dil modellərindən (LLM) istifadə edən insanlar beyin fəaliyyətini aşağı salır və orijinal düşünmə qabiliyyətini itirirlər.
Araşdırmada 18-39 yaş arası 54 nəfər üç qrupa bölünüb. İştirakçılardan SAT imtahanına bənzər esselər yazmaq istənilib. Birinci qrup “ChatGPT”dən, ikinci qrup isə yalnız “Google”dan istifadə edirdi.
Üçüncü qrup heç bir köməkçi vasitədən istifadə etmədən yazırdı. İştirakçıların beyin fəaliyyəti EEG cihazları ilə ölçüldü.
Nəticələrə görə, "ChatGPT" istifadə edənlərin beyin fəaliyyəti ən aşağı səviyyədə olub. Yazdıqları mətnlər bir-birinə bənzəyirdi, orijinallığı yox idi və hər yeni cəhdlə onların səy səviyyələri azalırdı.
Bundan əlavə, bu qrup süni intellektsiz yazmaq istədikdə əvvəlki mətnlərinin çoxunu xatırlaya bilmirdi.
Süni intellekt və ya axtarış motorlarından istifadə etməyən qrup ən yüksək beyin qabiliyyətinə sahib idi. Yazarkən daha maraqlı və həvəsli idilər və yazdıqları məzmundan daha çox razı qaldılar.