Sovet İttifaqının 1926-cı ildə həyata keçirdiyi ilk siyahıyaalma ilə ondan əvvəl 1897-ci ildə Rusiya İmperiyasında keçirilən siyahıyaalma arasında ciddi fərqlər var. Paralel olaraq, SSRİ-nin 1926-cı ildə keçirdiyi siyahıyaalma 1939, 1959 və 1989-cu illərdə keçirdiyi siyahıyaalmalardan fərqlənir. Əsas fərqlərdən biri bütöv xalqların adının bəzi siyahıyaalmalar zamanı yoxa çıxması ilə bağlıdır. Bu prosesdə assimilyasiyanın rolu olsa da, bəzən dövlət orqanları bütöv xalqları ayrıca etnos kimi tanımayaraq daha çoxsaylı xalqların tərkibinə daxil edirdi.
Lent.az SSRİ dövründə siyahıyaalmalar zamanı “yoxa çıxan” xalqlar barədə yazını təqdim edir:
Mişərlər (meşeryaklar)
Mişarilər xalqının Rusiyanın işğalçılıq siyasətinə görə Kazan Xanlığına sığınan Volqa Bulqar dövlətinin törəmələri olduğu ehtimal edilir. Böyük hissəsi müsəlman olan mişarilər Tatarıstan ərazisində yaşasalar da, genetik bənzərliyi olan yerli xalqla öz aralarında fərq qoyurdu. Onlar Tatarıstan və Ural dağlarında arasında geniş arealda yaşayırdı. 1897-ci ildə Rusiya İmperiyasında keçirilən siyahıyaalmada mişarilərin 160 min nəfər olduğu, onlardan 125 mini müsəlman, 35 min nəfərinin pravoslav xristian olduğu qeyd olunub.
1926-cı ildə SSRİ-də keçirilən ilk siyahıyaalmada onların sayı 242,6 min nəfər olaraq göstərilib. Amma 1939-cu ildə keçirilən növbəti siyahıyaalmada mişari xalqının adına rast gəlinmir.
“Mişari dialekti onu ayrıca dil hesab etməyə yetəcək fərqliliklərə malik deyil”, - deyə qərar verən Moskva onları tatar xalqının tərkibinə daxil etmişdi.
Mişarilərin tatar xalqının tərkib hissəsi sayılması təkcə onların genetik oxşarlığı ilə deyil, həm də sovet hakimiyyətinin milli identifikasiyanı linqvistik parametrlər əsasında aparması ilə əlaqəlidir. Belə ki, mişari dili tatar dilinin dialekti hesab edilir. Bu gün də tatarlar və mişarilər arasında dialekt və adət fərqləri qalmaqdadır.
Kryaşenlər (kerəşenlər)
Kryaşenlər də eyni prinsip əsasında tatar xalqının aid edilmiş etnik qrupdur. Volqa-Ural regionunda yaşayan kryaşenlər 1926-cı ildə ayrıca etnik qrup olaraq 101,4 min nəfər olub. Amma növbəti siyahıyaalmalar zamanı onlar ayrıca xalq kimi təqdim edilməyib, tatar xalqının tərkibinə daxil olunub. Kryaşenlər tatar xalqının etnokonfessional qrupu kimi bütünlüklə pravoslav xristianlardan ibarətdir.
Teptyarlar (tiptərlər)
Teptyarlar Rusiyanın Volqa regionunda yaşamış və vaxtı ilə ayrıca xalq sayılan daha bir qrupdur. 1897-ci il siyahıyaalmasında onların sayı 120 min nəfər idi. 1926-cı ildə artıq Başqırdıstan ərazisində yaşayan teptyarların sayı 27,4 minə qədər azalır. Növbəti siyahıyaalmalarda isə Sovet rəhbərliyi onları ayrıca xalq statusundan məhrum edərək başqırd xalqının bir hissəsi kimi tanıyır.
Besermanlar
Etnoqrafik olaraq udmurt xalqına yaxın hesab edilən beserman xalqı da SSRİ-nin “yoxa çıxardığı” xalqlardandı. 1926-cı ildə sayı 10 min kimi göstərilən besermanlar 1939-cu ildə siyahıyaalmada göstərilmir. Onlar udmurtların bir hissəsi sayılmağa başlanır.
Son illər besermanlar arasında yenidən ayrıca xalq olmaları ilə bağlı tələblər səslənir.
Evremeyslər
Hazırda Rusiyanın Leninqrad vilayətinin ərazisində yaşayan evremeyslər də SSRİ-i dövründə “yoxa çıxan” xalqlardandı. XVII əsrdən bu ərazilərdə yaşayan evremeyslər fin və karel xalqları ilə genetik qohumdur. 1897-ci il siyahıyaalmasında onların sayı 25 min nəfər kimi göstərilsə də, 1926-cı ildə onların sayı 14 min, 1939-cu ildə 3,5 min nəfər göstərilib. Amma 1959-cu ildə və növbəti illərdə keçirilən siyahıyaalmalar zamanı evremeys xalqı ayrıca xalq kimi göstərilməyib. Lakin 2002-ci ildə Rusiya Federasiyasında keçirilən siyahıyaalmada onlar yenidən siyahıya qaytarılıb. Evremeyslərin hazırkı sayı 4 min nəfər təşkil edir.