"O talesizlərin hamısı məhsəti türkləri idi" -  Lent.az 30 il əvvəlin dəhşətlərindən yazır...
25 fevral 2022 20:15 (UTC +04:00)

"O talesizlərin hamısı məhsəti türkləri idi" - Lent.az 30 il əvvəlin dəhşətlərindən yazır...

Düzü, bir özbək mənzilini xatırlatdı. Bəlkə də yanılıram. Azı belə göründü. Bəlkə də bu da təsadüfi deyildi. Buralara, məşhur filmdə deyildiyi kimi bərəkətli Muğan torpaqlarına elə oralardan gəlmişdilər. Daha doğrusu onları oradan qovmuşdular. Fərqanədən, Özbəkistandan. 

Onlar Fərqanəyə ötən əsrin 40-cı illərində sürgün edilmişdilər. 1989-cu ildə isə yenidən yurdlarını tərk etmək məcburiyyətində qaldılar: dini, dili bir olan Azərbaycana üz tutdular. Amma onların çoxunu bir dəfə də didərginlik gözləyəcəkdi. Bu dəfə Xocalıdan...

(Əvvəli burada) 

Heç kimə sirr deyil: Azərbaycanın rəsmi şəxsləri Xocalıdakı vəziyyətdən xəbərdar idi. Hələ baş verən faciədən iki ay əvvəl, 1991-ci ilin 17 dekabrında Xocalı şəhər icra hakimiyyətinin başçısı Elman Məmmədov prezident Ayaz Mütəllibova ünvanladığı teleqramda yazırdı: 

“Erməni silahlı birləşmələrinin hücumları nəticəsində azərbaycanlılar yaşayan Dağlıq Qarabağ kəndləri düşmənin nəzarətinə keçir. Stepanakert və Əsgəran arasındakı yolu açmaq üçün Xocalıya güclü hücum hazırlanır. Ermənilər bizi məhv etmək üçün hər cür səy göstərəcəklər. Erməni helikopterlərinin tez-tez uçuşları bunu təsdiqləyir. Xocalının müdafiəsini təşkil etmək üçün dərhal lazımi tədbirləri görməyinizi xahiş edirəm. Xocalı Azərbaycan üçün strateji baxımdan vacib bir nöqtədir. Təcili yardım gözləyirik.” 

Amma heç bir yardım edilmir. Fevralın 25-dən 26-a keçən gecə 7 min əhalisi olan- Xocalıda azərbaycanlılarla bərabər 500-ə qədər məhsəti türkü də erməni vəhşiliyinə, onların insanlığa sığmayan hərəkətlərinə məruz qalacaqdılar. 

Hadisələr qızışanda onlar da azərbaycanlılar kimi yaşadıqları evlərin zirzəmilərində gizlənirdilər. Çünki başqa əlac yox idi. Qəsdən evləri bombalayan ermənilərin məqsədləri də o idi ki, daha çox adam qırılsın. 

Həmin gecə isə ermənilər onların zirzəmilərdə gizləndiklərindən xəbər tutublar. Əsir götürlən 100-ə yaxın insanı Xankəndi yaxınlığındakı dağlarla əhatə olunan boş sahəyə gətirirlər. 

Əfrayıl İsgəndərovun həyat yoldaşı Məhbulə xanım da əsirlikdə olub. Oğlu İlhamla birgə. Əsirlər geri qaytarılanda oğlundan xəbər olmur. 
Deyir hər gün əsirlər gəlirdi. ”Bu gün uşaq yox, sabah uşaq yox, axırda dördüncü gün idi. Uşağı oradan Sabirabada gətirdilər. O gün bayram idi. Amma burnunu qırmışdılar. Uşağı o qədər döymüşdülər ki, bədəni qap-qaraydı”.

Yeri gəlmişkən, şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən 86 məhsəti türkü qalmışdı. 

Bütün ailəsi məhv edilən Xocalı sakini Vidadinin dediklərindən: “Bizim ailədən 5 nəfər öldürüldü. Anam, atam, bacılarım və qardaşım. O vaxt mənim 27 yaşım var idi. Məscidə atamı, anamı axtarmaq üçün getdim. Oradakı mənzərəni görəndə dəhşətə gəldim. Orda olan insanların baş dərisi soyulmuşdu, gözləri çıxarılmışdı, bir-birilərinə məftillə bağlamışdılar. Hətta orda birinin ayağını yandırmışdılar, bədənindən ayrılmışdı. Sonradan onu bədənin birində gətirmişdilər. Biz çox çalışdıq, Qırmızı Aypara Cəmiyyətinə müraciət etdik. Heç olmasa cəsədləri bizə qaytarsınlar. Amma alınmadı. Bu günə kimi də heç bir xəbər yoxdur”. 

Vidadi danışır ki, Xocalıda hər vaxt atəş səsləri eşitmək olardı. Amma fevralın 25-i gecəsi saat 11-dən başlayaraq atışma daha da gücləndi. Xocalı hər tərəfdən mühasirədə idi. Ortada tək qalmışdı. Atam yaşlı insan idi. Onlar heç yerdə çalışmırdı. Sadəcə, təsərrüfatla məşğul idilər. Özümüzün həyətyanı sahəmizdə heyvandarlıqla məşğul idik. Özümüzü dolandıra bilirdik. Bacılarım da təhsil almamışdı. Ən balaca bacımın 13 yaşı vardı”. Vidadi Hüseynova doğmalarından danışmaq çox ağırdı: “Həmin gecə çox dəhşətli gecə idi. Xocalılar meşəyə tərəf üz tutur, ermənilər ora da hücum edirdilər. Məcbur olub yenidən geri qayıdırdıq. Uşaqlar bir tərəfdən, qadınlar da digər tərəfdən qışqırıb ağlayırdılar. 3 günə Ağdama gəlib çıxa bilmişdim. Hər yanda ata-anamı ,bacı-qardaşımı axtarırdım. Hələ də inanıram ki, qalıqlarını da olsa, tapacam”

Bu adama qulaq asmaq isə adamdan dəmir əsəb istəyir:

“Yanımda çox əsir qız-gəlinlərimiz var idi. Ancaq bir hadisəni xüsusilə qeyd etmək istərdim. Özbəkistanın Fərqanə vadisindən Azərbaycana pənah gətirmiş məhsəti türklərinin taleyinə Xocalıda yaşamaq qismət oldu. Yanımda həmin türklərdən Bəxtiyar, həyat yoldaşı Firuzə və onun da qucağında körpə uşağı var idi. Bəxtiyarı, Firuzəni ermənilər vəhşicəsinə döyürdülər. Ermənilər qadının qucağındakı körpəni güclə alıb elə yerə çırpdılar ki, anası huşunu itirdi”. 

Səriyyə Talıbovanın dediklərindən: “Bizi erməni qəbiristanlığına gətirdilər. Burada baş verənlər barədə danışmaq mənim üçün çətindir. 4 gənc məhsəti türkünü və 3 azərbaycanlını erməni yaraqlısının qəbri üstündə qurban verdilər. Yazıqların başlarını kəsdilər. Bundan sonra əsgərlər və yaraqlılar valideynlərin gözləri qarşısında uşaqları işgəncə ilə öldürməyə başladılar. Sonra meyitləri buldozerin köməyilə yarğana atdılar. Sonra Milli Ordumuzun formasını geyinmiş iki azərbaycanlı gətirdilər və onların gözlərini  çıxardılar... Bir neçə qaçqın Xocalıya hücum zamanı və ya onlar şəhəri tərk edərkən evlərin yandığını gördüyünü söylədilər.

Fərqanə hadisələrindən sonra Azərbaycana köç edənlərdən biri də Bidzinov Maqsud Ali oğlu oluub. O, 1958-ci il noyabr ayının 8-də Özbəkistan Respublikasının Kokand vilayətində dünyaya gəlib. Azərbaycana köçdükdən sonra əvvəlcə Şuşaya, daha sonra isə Xocalı şəhərinə yerləşdirilib. Xocalı soyqırımı zamanı Bidzinov Maqsud ermənilər tərəfindən qətlə yetirilib. Və ən dəhşətliyi odur ki, onun qardaşı Zeynal Bidzinov erməni vəhşiliyinin qurbanı olub. 
Əlişir Gülalı oğlu Binaliyev və ailəsi də 1989-cu ildə Azərbaycana köçüblər. Xocalı şəhərində yerləşən ailənin iki üzvü Əlişir və Cabbar Binaliyevlər həmin gecə qətlə yetirilənlər arasındadırlar....

Bu isə çexiyalı jurnalist Dana Mazalovanın məhsəti türklərinin başına gətirilənlərlə bağlı dedikləri: “Çingiz bir həkim kimi mənə izah etmişdi ki, bu çox uzun və əzablı ölümdür (dizdən güllə ilə vurulma). Bu insanlar ağrıdan fəryad etməliydilər. Onların (ölənlərin) bu fəryadını Azərbaycan tərəfin sərhədçiləri eşitməliydi, çünki qərargahları çox da uzaqda deyildi. Onlar ağrıdan çığıran insanların səsini eşitməyə bilməzdilər. Bu mümkün deyil! xocalılıarı əvvəl dizindən güllələmişdilər, yerdə zarıyanları baltalamışdılar, bir neçə gün sonra isə gəlib skalplarını çıxarmışdılar. Daha sonralar öyrənəndə ki, bu talesiz insanların demək olar ki, hamısı məhsəti türkləridir, dəhşətə gəlmişdim”.
SON!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7581
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar