Dünyanı gəzən XOCALI FOTOSU : Ailənin başçısı LENT.az-a danışdı...
23 fevral 2022 20:15 (UTC +04:00)

Dünyanı gəzən XOCALI FOTOSU: Ailənin başçısı LENT.az-a danışdı...

Düzü, bir özbək mənzilini xatırlatdı. Bəlkə də yanılıram. Azı belə göründü. Bəlkə də bu da təsadüfi deyildi. Buralara, məşhur filmdə deyildiyi kimi bərəkətli Muğan torpaqlarına elə oralardan gəlmişdilər. Daha doğrusu onları oradan qovmuşdular. Fərqanədən, Özbəkistandan. 

Onlar Fərqanəyə ötən əsrin 40-cı illərində sürgün edilmişdilər. 1989-cu ildə isə yenidən yurdlarını tərk etmək məcburiyyətində qaldılar: dini, dili bir olan Azərbaycana üz tutdular. Amma onların çoxunu bir dəfə də didərginlik gözləyəcəkdi. Bu dəfə Xocalıdan...

Məhsəti türkü Əfrayıl İsgəndərovun mənzilindəyik. Otaqda balaca, alçaq miz var. Sanki yerə yapışıb. Stolun ətrafı isə yumru-yumru balınclarla doludu. Dirsəklənib otururuq. Əlindəki sənədləri, fotoları da elə o balaca stolun üstünə düzür. Bir azdan, bizlərin öyrəşdiyi adi stəkanlarda deyil, məhz özbəksayağı piyalələrdə çay da gələcək ortaya... 

 


- 1989-cu ilin yayında Fərqanədən güclə gəlib çıxdıq Sabirabada, Saatlıya. Çox idik, lap çox. Ev, yaşamağa yer çatışmırdı. Getdik “Qaçqınkom”. Ev nə gəzir? Bircə onu dedilər ki, bəs filan yerdə torpaq var, orda özünüz ev tikə bilərsiniz. Biz də 5-6 nəfər yığışıb getdik onun dediyi kimi Ağdama. Oradan isə yerli strukturlar bizə Xocalıda ev tikiləcəyini, orada yaşayacağımızı dedilər. Baxdıq, yaxşı yer idi. Amma kimi razılaşdı ki, qalırıq, kimi də yox. 

Beləcə Fərqanədən Muğana, oradan da Xocalıya gəlir məshəti türkləri. Evlər tikilir burada. Birində də Əfrayıl dayının böyük ailəsi məskunlaşır. Şəhərdə 7 min nəfərədək adam yaşayırdı həmin vaxt. Ermənistandan, ata-baba torpaqlarından zorla qovulub didərgin salınmış azərbaycanlıların bir hissəsi və  məhsəti türklərinin 54 ailəsi də burada məskunlaşmışdı. 

- 1991-ci ildə Rusiyaya getdim, işləməyə. Anamı da aparmışdım. Orda, elə televizorda eşitdik ki, bəs Xocalını bombalayırlar. Qayıdası olduq. Bir zülmlə Xocalıya keçə bildim. Yollar bağlı idi. Azərbaycanda  Milli Ordu da təzə yaranmağa başlayırdı. Bizim uşaqlar, məhsəti türkləri də  orduya yazıldı. O dönəm Rusiyadan gələndə artıq biz blokadada idik. Nə qaz var idi, nə işıq. Heç nə yox. “Pekarnı”də nə un qalmışdısa camaata verirdilər. Çörək bişirirdilər. Mən elektrik işləyirdim.  Növbədən  çıxıb 25-i gecə evə gəlmişdim. Həmin gecə qiyamət düşdü. Əllərində nə silah vardı atırdılar. Biz həyətdə  tövlə düzəltmişdik. Atışma olanda uşaqları ora salırdıq. Qadın, uşaq, qoca-hamısı zirzəmilərdə qaldı. Apara bilmədik. (Gözləri dolur) . Biz elə bildik ki, mühasirədən çıxsaq, sonra ordumuzun, batalyonlarımızın köməkliyi ilə geri qayıdıb onlar götürə bilərik. Gedə bilmədik. Qayıda bilmədik. Bizi meşəyə tərəf  sıxışdırdılar. Ölən öldü, tutulan tutuldu. Birtəhər dağa qalxdıq, yanımda 250 nəfərə yaxın  adam vardı. Sonra çayın qırağı ilə getdik. Yarımızı da Qar-qar çayının yanında qırdılar. Kimisi əsir düşdü, kimisi soyuqdan öldü. 3 postdan sonra cəmi 11 nəfər qalmışdıq. Elə hey gedirdik. Amma bilmirik harada olduğumuzu. Axırı gəldik çıxdıq Ağdama. Orda da vəziyyət gərgin idi.  


Mühasirədən çıxanlar batalyon komandiri Allahverdi Bağırovu tapırlar. Ondan kömək istəyirlər. Əfrayıl kişi deyir ki, çox vaxt onu Allahverdiylə səhv salırmışlar. Elə fotdan da görürsünüz, çox bənzəyirlər. 

 

Soruşuram: 

- Onda siz çıxdınız, amma uşaqlar, qadınlar podvalda qaldı ? 

- Hə, hamısı əsir düşdü. 


Stolun üstündəki fotonu göstərir. Hamımızın dəfələrlə gördüyü, bəlkə də dünyanın yüzlərlə KİV-nin dolaşdığı bu fotonu. 

- Kimlərdi bunlar? 

- Bunların hamısı türkdür. 1-2 azərbaycanlı var, qalanları məhsəti türkləridi. Mənim ailəmdi. Bax, bu həyat yoldaşım. (Göstərir)

Qızlarım. Oğlum Telmanın 6 yaşı vardı onda. Yoldaşım qorxusundan ayaqlarının altında gizlədib. Həm də soyuq idi, donub ölə bilərdi. Ona görə fotoda görünmür... 
İlk dəfə d gülümsündü Əfrayıl kişi. Ardınca da nə desə yaxşıdır? 

- Deməli bunları əsir götürüb bir otaqda saxlayırmışlar. Telman da onları mühafizə edən erməni əsgərə deyirmiş ki, mənə patron ver də. O da qayıdırmış ki, neynirsən patronu? Deyirmiş ki, erməni öldürəcəm. Təxminən 15 gün sonra onları qaytardılar. Böyük oğlumu dəyişəndə isə yenə oğurladılar. Yenidən geri aldıq. 

- Ümumiyyətlə, nə qədər məhsəti türkü əsir düşmüşdü ? 

- Məndəki siyahılara görə, təxminən 40 nəfər.

 - Nə qədər şəhid verdiz? 

- Məhsəti türklərdən biri var idi. Polis şöbəsində işləyirdi. Əsgərlərinin birinin qəbrinin üstündə öldürdülər, başını kəsdilər. Ermənilər hamımızı yaxşı tanıyırdılar. Mən kiməm, o kimdir. Biri var idi atası evdə xəstə yatırdı. Deyirdi girib çıxardacağam onu. Həmin vaxt evi vurdular. Elə ikisi də, ata-bala orda yanıb öldü.  Biz orda təxmini 12 nəfər itki verdik. (Yenə kövrəlir) 


Əfrayıl kişi deyir ki, əsirlərin dəyişmə prosesində Allahverdi iştirak edirdi.

 - O gedirdi, alırdı, gətirirdi. Erməni meyitlərinə dəyişirdi əsirləri. Bir dəfə biz pusqu qurduq. Bir neçə ermənini məhv etdik. Öldürülənlər arasında iki suriyalı erməni də vardı. Onları da xeyli əsirə dəyişə bildik.

 - Əsir düşənlər nə danışırdılar ? 

- Onlara zülm veriblər. Çox pis incidiblər. Yaşlıları, qocaları döyüblər. Döyülsələr də, işgəncəyə məruz qalsalar da yaxşı qurtarmışdılar. O biriləri kəsib doğrayırdılar. Hə, sonradan bildik ki, uşaqları yığıb Suriyaya göndərmək istəyirmişlər. Allahverdi son anda çatmışdı dada. 

Əfrayıl kişi adlar sadalayır: Bədişov Əli Rais oğlu, 1968-ci ilin 9 aprelində Özbəkistan rayonunun Sırdərya vilayətinin Bayut rayonunda anadan olub. Fərqanə hadisələrindən sonra Azərbaycana köçüb, Xocalıda şəhərində yerləşib. Həmin gecə itkin düşüb. Bu günədək ondan heç bir xəbər yoxdu. 

Fəzliyev Qədim Fəzli oğlu, 1953-cü ildə Özbəkistan Respublikası Əndican vilayətinin Paytok rayonunda anadan olub. Əvvəlcə Yevlax rayonunda, sonra Qaxda, daha sonra isə Saatlıda məskunlaşıb. 1984-cü ildə Qədim öz ailəsi ilə birlikdə köçüb Gürcüstana gedir. 1991-ci ildə Gürcüstanda hakimiyyətə gələn Qamsaxurdiyanın yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində Qədim də ordan öz ailəsi ilə birlikdə çıxarılıb. Ailəsi ilə birlikdə yenidən Azərbaycana qayıtmalı olur, Xocalıda məskunlaşır. 1992-ci il fevral ayının 25-dən 26-na keçən qətlə yetirilir.
Əhməd və Məhəmməd İlyasovlar. İlyasovlar ailəsi də Özbəkistandan Xocalıya köçüblər. Həmin gün hər iki qardaş qətlə yetirilib. Xocalı soyqırımı zamanı bu ailənin iki fərdi öldürülmüşdür. Əhməd Məhəmməd oğlu İlyasov da bu iki şəxsdən biridir.
Bax, beləcə 12 məhsəti türkünün Xocalı qətliamının qurbanı olub.

Gələn dəfə bir məshəti türkü ailəsinin başına gələ başqa bir, özü də qandonduran hekayəti oxuyacaqsınız. Lent.az-da qalın...
Bakı-Saatlı-Sabirabad
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5382
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar